Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanın hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi bizim daxili işimizdir”

“Azərbaycanın hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi bizim daxili işimizdir”


10-07-2024, 09:50
“Azərbaycanın hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi bizim daxili işimizdir”
“Qərb ölkələri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçi olmaq üçün ciddi cəhdlə addımlar atırlar. Daha doğrusu adını beynəlxalq bir platforma qoymağa çalışır və bu paltformada da sülh müqaviləsinin imzalanmasında vasitəçilik missiyasını üzərlərinə götürmək istəyirlər”.

Bunu TNS-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ, Fransa heç bir iş görməyiblər, sülhün bərqərar olması üçün heç bir addım atmayıblar.

“Bu gün Azərbaycan istər MDB məkanında, Türk Dövlətləri Təşkilatında, Avropada, istərsə də Avrasiya məkanında, hətta Şanxay Əməkdaşlıq Təşkilatı sistemində müstəqil siyasət yürüdən bir dövlət kimi tanınır.

Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən tərəfdaşlıq etməyə layiq olan, öz daxili və xarici siyasətinə uyğun hər bir qurumla tərəfdaşlıq etməyə hazır dövlətdir. Çindən Avropaya qədər olan yollarda logistik daşımalarda operatorluq rolunu üzərimizə götürəcək ölkəyik. Buna görə də məhz xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-yə səfəri, cənab Prezidentin Qazaxıstanda keçirdiyi görüşlər - bunların hamısı bizim müstəqil xarici və daxili siyasətimizin təzahürüdür. Buna uyğun olaraq da danışıqlar aparılacaqdır”, - Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, bu gün sülh müqaviləsinin imzalanmasını Ermənistan istəməlidir. Heç bir vasitəçi, hər hansı bir beynəlxalq platforma olmadan iki dövlət arasında müqavilə imzalanmalıdır. Təbii ki, Cənubi Qafqazda Gürcüstan da vasitəçilik missiyasını yerinə yetirməyə cəhd edir.

“Cənubi Qafqazda sülhün bərqərar olması bütün dünyada sülhün bərqərar olmasına töhfə ola bilər. Buna görə də Ermənistan ciddi cəhdlə düşünməli, ilk növbədə, öz konstitusiyasında müvafiq dəyişiklik etməli, gələcəkdə daha möhkəm sülhə nail olmaq üçün mütləq addımlar atmalıdır.

Azərbaycan istənilən beynəlxalq platformada özünü müdafiə edəcək gücə malik bir dövlətdir. Ölkəmizin hansı beynəlxalq təşkilatlarla, dövlətlərlə əlaqələr qurması, əməkdaşlıq etməsi bizim daxili işimizdir”, - Arzu Nağıyev əlavə edib.

Geri qayıt