Əsas Səhifə > Partiya, Güney Press > "Onun türk olması və türklüyünü açıq şəkildə vurğulaması..."

"Onun türk olması və türklüyünü açıq şəkildə vurğulaması..."


20-07-2024, 08:58
"Onun türk olması və türklüyünü açıq şəkildə vurğulaması..."
Azərbaycanlılar yeni hökumətin tərkibinə azərbaycanlı mütəxəssislərin cəlb olunması ilə bağlı bu günə kimi olan ayrı-seçkiliklərin aradan qaldırılmasını istəyirlər. Bu sözləri Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədi deyib. O, azərbaycanlıların ölkədə ümumi birliyin qurulmasındakı rolundan danışıb və buna görə də mərkəzi əyalətlərlə fərqin azalması, ədalətli vəziyyətin yaranması üçün Azərbaycan əyalətlərinə diqqət göstərilməsinin vacibliyini deyib. Keçmiş vali Məsud Pezeşkianın prezident seçilməsini azərbaycanlılar üçün tarixi fürsət adlandırıb. Balanslaşdırılmış inkişafın reallaşması üçün səlahiyyətlərin ədalətli bölüşdürülməsini və mərkəzsizləşdirmə siyasətindən imtina etməyi təklif edib. Xatırladaq ki, bir müddət əvvəl Türk Hava Yollarının İrandakı ofisi bağlanılıb. Səbəb kimi məcburi "hicab qaydalarının pozulması" göstərilib. Üstəlik, Urmiyada "Oryiad Moll" kompleksinin mağazalarının fəaliyyətinə də son qoyulub. Buna da səbəb Pezeşkianın qələbəsindən sonra həmin ticarət kompleksində şənlik mərasiminin keçirilməsi olub. Ekspertlər baş verənlərin Pezeşkianın məğlub rəqibi Səid Cəliliyə yaxın radikal mühafizəkarlar tərəfindən məqsədli şəkildə edildiyini deyiblər.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, seçkidən sonra İranda baş verənlər narahatlığa səbəb olacaq hadisələrdir. Ekspert deyib ki, Məsud Pezeşkian bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, həm Güney Azərbaycanı və İranda, həm də dünya azərbaycanlıları arasında rəğbət görür:

"Onun türk olması və türklüyünü açıq şəkildə vurğulaması yaxşı gələcək haqqında düşünməyə imkan yaradır. Üstəlik, onun Azərbaycan Prezidenti İlham Əliyevlə və Türkiyə lideri ilə telefon danışıqları, onları İrana səfərə dəvət etməsi və iki ölkə ilə yaxşı münasibətlər qurmaq barədə anonsları müsbət məqamlardır. Bunun fonunda İranda söz sahibi olan qüvvələrin Türkiyə hava yollarına məxsus ofisi, yaxud azərbaycanlıların ticarət mərkəzinin bağlaması birbaşa Azərbaycan, Türkiyə və İran türklərinə ismarıcdır. İsmarıc da odur ki, heç nə dəyişməyəcək. Hər şey köhnə qaydada davam edəcək. Bu da nəticə etibarı ilə ona səbəb olacaq ki, İran özünütəcridi davam etdirəcək, qonşularla gərginliyi sürdürəcək. Təbiidir ki, İranın daxilində ayaqlanmaqda olan milli türk qüvvələri daha da irəli getmək məcburiyyətində qalacaq".
A.Həsrətin fikrincə, əslində, Pezeşkianın seçilməsi İran üçün xilas yolu ola bilərdi: "Amma görünür ki, İranın xilas olmasını istəməyən qüvvələr hələ də söz sahibidir. Onlar bu əməlləri ilə göstərmək istəyirlər ki, "prezidentin kimliyindən asılı olmayaraq bu ölkədə söz sahibi bizik". Nə deyirik? Biz də Güney Azərbaycan davasını davam etdirəcəyik. Həmişə demişəm ki, Güney Azərbaycan cümhuriyyəti qurulmadıqca İranda türklərin problemləri kökündən həll edilməyəcək. Pezeşkianın seçilməsi bir qədər fərqli düşünməyimizə səbəb ola bilərdi. Amma baş verənlər göstərir ki, vəziyyət olduğu kimi davam edəcək".

Geri qayıt