Əsas Səhifə > Partiya, Güney Press > "Millət vəkili daim insanların arasında olmalıdır"

"Millət vəkili daim insanların arasında olmalıdır"


23-07-2024, 09:14
"Millət vəkili daim insanların arasında olmalıdır"
“Artıq VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyimin 75 saylı Yardımlı-Masallı seçki dairəsindən qeydə alınması üçün imzaların toplanmasını başa çatdırdıq. Çox qısa zaman kəsiyində bu işi başa vurduq, döydüyümüz hər qapıda, ayaq basdığımız hər ünvanda, ailədə, ocaqda böyük hörmət, yeniliyə olan ehtiyacı, arzuları gördük. Allahın köməkliyi ilə bu günlərdə imza vərəqələrini və digər sənədləri DSK-ya təqdim edəcəyik”.

Bunu Gununsesi.info-ya açıqlamasında deputatlığa namizəd, tanınmış ictimai xadim Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, deputat olmaq istədiyi bölgənin nüfuzlu şəxsləri, tanınmış həmyerliləri ilə hər gün əlaqə saxlayaraq müzakirə aparırlar: “Artıq problemlər, həlli yolları ilə əlaqədar təkliflər irəli sürülür. İrəli sürdüyümüz fikirlərə böyük dəstək var, hətta hər gün şəxsən tanımadığım onlarla insan əlaqə saxlayır. Bu təkliflər sistemləşdirilirə. Əhalinin həssas təbəqəsinin sosial müdafiəsi, məşğulluq, kənd təsərrüfatı, təbii qazla təchizat, sahibkarların kreditlərə çıxışı, abadlıq, təhsil, səhiyyə, yollar, emal sənayesi, narkotiklərə qarşı mübarizə ilə əlaqədar məsələlər ön plandadır. Əlbəttə ki, hamı başa düşür, millət vəkilinin elə imkanları yoxdur ki, bu problemləri həll etmək iqtidarında olsun. Lakin insanlar düşünür ki, bu məsələlər gündəliyə gətirilməlidir. Bu məsələlər mətbuatda, tədbirlərdə və Milli Məclisdə səsləndirilməlidir. Yerli dövlət orqanları ilə daim müzakirə edilməlidir, millət vəkili bölgənin ritmi ilə yaşamalıdır, insanların səsi olmalıdır. Millət vəkili mandat arxasında gizlənməli deyil, mandatla problemlərlə məşğul olmalıdır, bölgənin dərdi-sərini səlahiyyətli şəxslərə çatdırmalıdır. “Hər şey yaxşıdır”- deyib, yaxasını kənara çəkməməlidir. Millət vəkili daim insanların arasında olmalıdır. Seçicilərin gözləntisi budur. Bunu da, çox açıq deyirlər ki, fəal millət vəkili istəyirik. İstəyirik, bölgənin dərdi-sərinini ən azı danışsın… Çox uzatmaq istəmirəm, amma insanlar real millət vəkili istəyirlər”.

Geri qayıt