Əsas Səhifə > Partiya, Güney Press > Deputatlığa namizədlər narkoloji və psixoloji müayinədən keçməlidirmi?

Deputatlığa namizədlər narkoloji və psixoloji müayinədən keçməlidirmi?


26-07-2024, 08:38
Deputatlığa namizədlər narkoloji və psixoloji müayinədən keçməlidirmi?
Qarşıdan parlament seçkiləri gəlir. Bununla belə, indiki bəzi deputatlar öz ailə üzvlərini namizəd kimi təqdim edirlər. Elə bir vəziyyət yaranıb ki, sanki hər kəs bəxtini sınamaq istəyir. Məsələn, deputat Elman Nəsirov mətbuata açıqlamalarından birində qeyd etmişdi ki, deputatın ailə üzvlərinin də deputatlığa namizəd olmasında heç bir qanuni məhdudiyyət yoxdur, "niyə də olmasın?!"...
Belə olduğu halda, həm psixoloji, həm də narkoloji problemli adamların da seçkilərə meyl edə biləcəyini, iştirakda həvəsli ola biləcəyini təxmin edirik.

Namizədlər narkoloji və psixoloji müayinədən keçirilməlidirmi?
Xarici ölkələrin qanunvericiliyində bu, necə tənzimlənir?
Deputatlığa namizədlərin sağlamlıqlarının öncədən yoxlanılmasını zəruri edən səbəblər nələrdir?
Məsələn, indi parlamentdə elə deputatlar var ki, onların canlı efirlərə içkili halda çıxmaları haqda sosial şəbəkələrdə yazırlar. Gələcəkdə belə problemlərin olmaması üçün seçki qanunvericiliyində hansı yeniliklər həyata keçirilməlidir?

Milli Məclisin Mətbuat Xidmətindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, belə bir prosedurun tətbiqi Milli Məclisin səlahiyyətində deyil və bu barədə Mərkəzi Seçki Komissiyasına (MSK) üz tutmaq lazımdır. MSK-nın Bizimyol.info xəbər portalına açıqlamasında isə belə bir prosedurun hazırda olmadığı deyilib.

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalının suallarını şərh edərək, bildirib ki, Azərbaycan reallığına baxdıqda, belə bir qanunun olması gərəklidir.

"Xarici təcrübədə belə bir qaydanın tətbiqi barədə məlumatım yoxdur. Amma tətbiq olunmasında da problem görmürəm. Ola bilər ki, müəyyən müayinələrdən, o cümlədən, psixoloji və narkoloji müayinələrdən keçsinlər. Xaricdə isə bu qaydanı, deputatlara yox, əsasən, dövlət məmurlarına aid edirlər. Çünki orda demokratik seçki var və bu namizədlər xalqın qarşına çıxır, teledebat, görüşlər və sair kimi reallıqlar mövcuddur. Onların psixoloji və digər vəziyyətlərini bilmək olur. İnsanlar kimə səs verdiyini görürlər. Bizdə isə hamımız bilirik ki, Azərbaycanda kollegiyallıq prinsipi yoxdur. Azərbaycanda her yeri bir nəfər idarə edir. İstər təşkilatda, istər partiyada - istənilən qurumda bu, bizim milli psixologiyamızdır. Ona görə ölkədə də real seçkilər ancaq Prezident seçkiləridir ki, xalq gedib səs verir, prezidentini seçir. Amma deputatlar yoxdur, onlar sadəcə olaraq müəyyən olunurlar. Hamımız da bunu bilirik. Ona görə də orda bu risk - narkoloji və psixoloji problemlərin mövcud olması hər zaman var. Çünki bu adamlar təyin olunurlar, seçki yoxdur. Biz özümüz həqiqətən də bu halın şahidi oluruq ki, adamın psixoloji vəziyyəti yerində deyil, amma Parlamentdə oturub. Buna görə də yaxşı olardı ki, deputatlar da, məmurla da bu müayinələrdən keçsinlər. Nəzərə alsaq ki, bütün bunla təyinatlıdır, amma onların necə təyin olunduğu, haradan çıxarıldığı bilinmir. Ona görə də belə bir qaydaya ehtiyac təbii ki, var" - deyə, hüquqşünas qeyd edib.

Geri qayıt