Əsas Səhifə > Partiya, Güney Press > “Hakimiyyət bu siyasəti dövlətin gələcəyinə ağır zərbə vurur”

“Hakimiyyət bu siyasəti dövlətin gələcəyinə ağır zərbə vurur”


28-03-2014, 11:54
“Hakimiyyət bu siyasəti dövlətin gələcəyinə ağır zərbə vurur”
Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli Moderator.az-a açıqlamasında Türkiyədə bir neçə gün sonra keçiriləcək bələdiyyə seçkiləri kampaniyasına, ilin sonunda Azərbaycanda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə və Türkiyədə Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması və məhkəmənin hökmü ilə bu qərarın ləğv edilməsinə münasibət bildirib:
“İfadə azadlığına ehtiyacı olan tərəflər sosial şəbəkələrdə daha diqqətli olmalı, heç kəsi təhqir etməməli və azadlıqlara qarşı dözümsüz olan hökumətlərə bəhanə verməməlidirlər. Türkiyədə bələdiyyə seçkiləri kampaniyası yekunlaşmaq üzrədir və biz bu prosesi maraqla izləyirik. Demokratik və güclü Türkiyə bütün müsəlman dövlətləri üçün bir müsbət nümunədir. Qardaş ölkədə yerli özünü idarəetmənin bütün ağırlığı bələdiyyələrin üzərindədir. Mərkəzi hakimiyyətin gələcək taleyi də bu seçkilərin nəticəsindən çox asılı olduğu üçün bələdiyyələrə seçkilər çox əhəmiyyətli hesab edilir. Türkiyə cəmiyyətinin əsas gücü onun vətəndaşlarının siyasi proseslərdə azad və aktiv iştirakındadır. Dövlətin yaratdığı demokratik şərait elədir ki, seçkiyə qatılan hər bir tərəf öz seçki kampaniyasını azad və bərabər şəkildə apara bilir. Ona görə də vətəndaşların seçkiyə inamı o qədər yüksəkdir ki, hər bir seçici öz səsinin dəyərini bilir və ayaqdadır. Belə bir demokratik siyasi şəraitdə qalib və məğlub olan tərəflərin apardığı prosesdən dövlət qazanır. Biz Ümid partiyası olaraq Türkiyə cəmiyyətinə bu seçkilərdə uğurlar diləyir və onların iradəsinə hörmətlə yanaşırıq. Bu il Azərbaycanda da bələdiyyə seçkilərinin keçiriləcəyinə diqqət çəkən N. Məmmədli qeyd etdi ki, seçkilərə az bir zaman qalmasına baxmayaraq hələ də ölkədə seçki əhval ruhiyyəsi hiss edilmir. Dövlətin gücü, daimi sabitliyi, təhlükəsizliyi vətəndaşların öz problemlərinin həllində və dövlətin idarəçiliyində təşkilatlanmış şəkildə iştirak etməsindən keçir. Bunlardan biri insanların azad şəkildə siyasi platforma ətrafında partiyalarda birləşib təşkilatlanması və proseslərdə iştirakıdır. Digəri isə bələdiyyələrə və parlamentə seçdikləri insanların vasitəsi ilə iştirakçılıqdan ibarətdir. Təəssüflər olsun ki, hakimiyyətin yanlış siyasəti nəticəsində vətəndaşların siyasətdə geniş iştirakçılığının hər ikisinə ciddi məhdudiyyətlər mövcuddur. Vətəndaşların siyasi mənsubiyyətinə görə təqib olunması, siyasi partiyaların fəaliyyətinə süni maneələr, bu əsas siyasi hüququ sərbəst şəkildə ifadə etməyə imkan vermir. Həmçinin, bələdiyyə və parlamentə xalqın öz təmsilçilərini azad seçmək imkanı da əsasən əlindən alınıb. Hətta, ən sadə vətəndaş belə söhbət zamanı bu hüququnu sərbəst şəkildə həyata keçirmək imkanından məhrum olduğunu etiraf edir və seçkiyə inamı sarsılıb. Hakimiyyət bu siyasəti davam etdirməklə öz iqtidarının ömrünü uzatsa da, dövlətin gələcəyinə ağır zərbə vurur. İcra Aparatının rəhbəri Türkiyədə Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması və məhkəmə qərarından sonrakı vəziyyəti şərh edib. Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması geniş müzakirələrə və etirazlara səbəb oldu. Cəmiyyətin etirazları və məhkəmənin hökmü hökumətin bu qərarının dayandırılması ilə nəticələnəcək. Bu qərar uzun müddət qüvvədə qala bilməz. Hökumətlər nə qədər haqlı olsalar da sosial şəbəkələri qapatmaq kimi radikal addımlardan çəkinməli və daha çox bu istiqamətdə tənzimləyici normalar tətbiq etməlidir. Hər kəsə məlumdur ki, Türkiyədə yüzlərlə müstəqil telekanallar, radiolar, sərbəst toplaşma, birləşmə, ifadə azadlıqlarının tam geniş müstəvisi və sürətli internet, minlərlə saytlar, 34 milyon Facebook istifadəçisi var. Qardaş ölkədə demokratiyanın sərhədləri çox genişdir və sosial şəbəkələr informasiya alınması baxımından əsas yox, yardımçı vasitədir. Amma, bütün bunlara baxmayaraq, hətta Tvitterin müvəqqəti qapadılması da bu cəmiyyətdə böyük rezonans yaratdı. Azərbaycanda belə bir addımın atılması ehtimalını dəyərləndirən N. Məmmədli qeyd etdi ki, ölkəmizdə belə bir addımın atılmasını güman etmir. Türkiyə cəmiyyəti ilə Azərbaycanı müqayisə etmək mümkün deyil. Çünki bütün beynəlxalq hesabatlarda Azərbaycanda məhkəmələrin ali icra hakimiyyətindən asılılığı, ifadə, söz, mətbuat və siyasi azadlıqların olmadığı və ya çox məhdud olduğu qeyd edilib. Əhalinin asan çatacağı heç bir kütləvi informasiya vasitəsi olmadığı üçün, bizim ölkəmizdə sosial şəbəkələr ifadə azadlığının təmin olunması istiqamətində köməkçi deyil, əsas vasitədir. Hökumətin belə bir addım atması ehtimalı aşağıdır. Bu, ölkənin beynəlxalq imicini tam korlamaq və cəmiyyəti daha böyük fəlakətə sürükləmək olar. Hökumət məhdudiyyətlərlə deyil, tənzimləmələrlə sosial şəbəkələrin rolunun artırılmasına imkan yaratmalıdır. Başqalarını təhqir etmək üçün istifadəsi asan olan müstəvi cəmiyyətə yaxşı heç nə verə bilməz. Cəzasız qalacağına əmin olan məsuliyyətsiz insanların əlindəki nəzarətsiz "silah" dan açılan atəş hər kəsə toxuna bilər. Bu baxımdan sosial şəbəkələrdə azadlığın sərhədlərini aşanlara qarşı müəyyən çəkindirici addımların atılması faydalıdır. Hər kəs qəbul edir ki, sosial şəbəkələr antidemokratik cəmiyyətlərin demokratikləşməsinə, idarəetmədə şəffaflığa, insan hüquq və azadlığının qorunmasına mühüm töhfə verib. Bu imkandan cəmiyyətin maariflənməsi, problemlərin ictimailəşməsi və vətəndaşların özünü ifadəsi üçün istifadə edilməsinə çalışmaq lazımdır. İfadə azadlığını məhdudlaşdıran, onu özü üçün təhlükə görən rejimlər, sosial şəbəkələrdə rastlaşdığımız təhqirlərə istinad edərək, şərəf və ləyaqətin alçaldılmasını bəhanə gətirərək öz radikal addımlarına haqq qazandırmağa çalışırlar. Məncə, ifadə azadlığına ehtiyacı olan tərəflər sosial şəbəkələrdə daha diqqətli olmalı, heç kəsi təhqir etməməli və azadlıqlara qarşı dözümsüz olan hökumətlərə bəhanə verməməlidirlər”.

Geri qayıt