Əsas Səhifə > Partiya, Güney Press > Bu gün “16 oktyabr” işinə təkrar baxılır
Bu gün “16 oktyabr” işinə təkrar baxılır28-03-2014, 12:10 |
Bu gün Ağır Cinayətlər Məhkəməsində 2003-cü ilin 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə materiallara təkrar baxılır. Hafta.az-ın verdiyi xəbərə görə, itihamçı tərəf 2003-cü il hadisələri zamanı həbs edilən İqbal Ağazadə, Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu və Sərdar Cəlaloğludur. Bu ilin yanvarın 24-də Ali Məhkəmənin plenumunda 2003-cü il 16 oktyabr hadisələrinə görə həbs edilən şəxslərdən bir qrupu barəsində Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərara baxılıb. Plenum “16 oktyabr” məhkumlarının barəsindəki bütün məhkəmə qərarlarını ləğv edib və işə yenidən baxılması üçün cinayət işinin materiallarını Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb. Qeyd edək ki, 2003-cü il oktyabrın 16-da Bakıda keçirilən aksiyada polislə mitinq iştirakçıları arasında baş verən qarşıdurma ilə əlaqədar həbs edilənlər 2005-ci ilin martında əfv olunublar. Avropa Məhkəməsinə müraciət edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozması ilə bağlı Avropa Məhkəməsinə şikayət ediblər. Avropa Məhkəməsi onların xeyrinə qərar çıxarıb. Geri qayıt |