Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu nəyin müqabilində seçkidən GERİ ÇƏKİLDİ?

Sərdar Cəlaloğlu nəyin müqabilində seçkidən GERİ ÇƏKİLDİ?


29-07-2024, 12:26
Sərdar Cəlaloğlu nəyin müqabilində seçkidən GERİ ÇƏKİLDİ?
Azərbaycanda parlament seçkilərinə 1 aya yaxın vaxt qalmasına baxmayaraq, ölkənin bir sıra müxalifət partiyaları seçkilərdə iştirakla bağlı hələlik yekun qərar verməyib. Bundan əlavə, hətta namizədliyini geri götürən siyasilərlə bağlı informasiyalar artıq mətbuatda dərc olunmaqdadır.

Həmin şəxslərdən biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyini vermiş Sərdar Cəlaloğludur.

Məsələ ilə bağlı partiya sədrindən namizədliyinin geri götürməsinin səbəblərini soruşduq.

Yenicag.az-a müsahibəsində S. Cəlaloğlu sözügedən addımının səbəblərini belə izah edib.

-Sərdar bəy, seçkilərdən geri çəkilməyiniz bir xeyli müzakirələr səbəb oldu. Maraqlıdır, ADP-nin seçki kampaniyasını idarə etməyə resursu çatmadı, yoxsa siz seçkiləri boykot etdiniz?

-Seçkilərdən 2 ay qabaq mən dəfələrlə bəyan etmişdim ki, parlament seçkilərində iştirak etməyəcəyəm. Sonra elə oldu ki, həyat yoldaşım çox ağır bir əməliyyat oldu və hər iki diz oynağının implantasiyası əməliyyatı keçirildi. Başım oraya qarışdı, ona görə də heç cür seçkilərə vaxt ayırmağa, oraya-buraya getməyə imkanım oldu. Nəticədə götür-qoy etdim və seçkilərdə iştirak etməməklə bağlı qərarımı möhkəmləndirdim.

Daha sonra seçkilər elan olundu və baxıb gördüm ki, seçkilərə qatılmamağım partiya üzvlərimizin seçkilərə olan marağını öldürəcək. Çünki onlar qoşulmaq istəmirdilər. Ona görə də söylədim ki, formal da olsa, seçkilərə qoşularam. Partiyamızın İdarə Heyətinə demişdim ki, seçkilərə qoşulub, daha sonra çəkilərək, gəlib sizin kampaniyalarınızda iştirak edəcəyəm. ADP rəhbərliyi bunu bilirdi ki, mən axıra qədər getməyəcəyəm.

-Seçicilərin sizə qarşı münasibət necə idi bəs?

-İmzatoplama kampaniyasında gördüm ki, namizədliyimi verdiyim 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindəki əhali həddən artıq qeyri-adi dərəcədə və fəal şəkildə mənim seçilməyimə hazırlaşırdı. Hətta mənə yüzlərlə telefon zəngləri gəldi, bölgələrdən müraciətlər oldu. Gördüm ki, hökumət istəsə belə, həmin dairədən məni seçkilərə buraxmaya bilməyəcək. Lakin daha sonra fikirləşdim ki, parlamentə düşsəm belə, əməkdaşlıq etdiyimiz heç bir müxalif partiya seçkiyə getmir. Ona görə də fikirləşdim ki, görüşlər keçirim və seçiləcəyim təqdirdə, kənarda qalan partiyalardan hansı dəstək alacağımı öyrənim. Hətta onlarla maraqlandım ki, niyə onlar seçkilərə qoşulmurlar? 1-2 dəfə cəhd etdim və bizə ən yaxın, nüfuzlu partiyaların rəhbərləri ilə görüşdüm, bəzi liderlər isə ümumiyyətlə, görüşə gəlmədi. Mənim bu görüşlərdən aldığım təəssürat bundan ibarət oldu ki, həmin partiyaların seçkilərlə bağlı hər hansı bir mövqe ortaya qoymaq, aktivlik etmək fikirləri yoxdur.

-Yəni iddia edirsiniz ki, müxalifət düşərgəsində istədiyinzi dəstəyi ala bilmədiniz…

-Demək olar ki, hə. Artıq onda anladım ki, seçilsəm də, ortalıqda və tək qalacağam. Fikirləşdim ki, əgər parlamentə getsəm belə, orada müxalifət adı ilə təmsil olunan qüvvələrin heç biri ilə yaxşı münasibətim yoxdur, əksinə, hamısı ilə konfliktim olub.

Yaxşı, mən getdim parlamentə, seçicilər də böyük ümidlə yanaşacaqlar ki, mən parlamentə getsəm, onların hansısa problemini həll edəcəyəm. Amma bu şərtlərdə mən heç bir problemi həll edə bilməyəcəyəm. Belə çıxacaq ki, mən mandat əldə etmək üçün camaatı aldatmışam. Bu yaşdan sonra da mənim elə bir şeyə ehtiyacım yoxdur ki, mandat naminə camaatı aldadıb parlamentə düşəm. Bu qənaətə gəldim ki, yaxşısı budur, namizədliyimi geri çəkim.

-Mən imzatoplama ərəfəsində bütün imzaları toplamışdım. Hətta bir dənə də olsun qüsurlu imzam yox idi, hətta imza verən adamların şəkillərini çəkmişdik ki, sabah deməsinlər ki, imzalar saxtadır və s. Lakin bütün bunlara baxmayaraq, fikirləşdim ki, əgər cəbhəmizdə olan partiya sədrləri seçkiyə getmir, ona hər hansı bir münasibət bildirmək istəmirsə, eləcə də mən də parlamentdə düşüb seçicilərə verdiyim vədlərin heç birini həll edə bilməyəcəmsə, onda namizədliyimi verməyin nə mənası var? Ona görə də bu qənaətə gəldim ki, seçkilərdən çəkilim. Lakin partiya üzvlərimizin seçkilərdən çəkilməsinə imkan verməyəcəm və çalışacağam ki, axıra qədər getsinlər.

Geri qayıt