Əsas Səhifə > Partiya, Güney Press > AŞPA seçkiyə niyə dəvət olunmayıb?

AŞPA seçkiyə niyə dəvət olunmayıb?


31-07-2024, 06:46
AŞPA seçkiyə niyə dəvət olunmayıb?
Azərbaycandan Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) ölkədə sentyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvət göndərilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib ki, onlar 7 beynəlxalq təşkilata dəvət göndəriblər: “ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır”.

Amma, hələlik, AŞPA-ya dəvətin göndərilməməsinin səbəbləri ilə bağlı rəsmi izahat verilmir.

Bu ilin fevralında Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ilə də bağlı da AŞPA-ya dəvət göndərilməmişdi. Bu il AŞPA ilə Azərbaycan arasında müəyyən gərginlik də yaşanıb. Qurumun yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ tanınmayıb. Buna səbəb kimi əməkdaşlıqda problemlərin yaşanması və Azərbaycanın insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi göstərilib.

Azərbaycan da iradları qəbul etməyib, onun nümayəndə heyəti AŞPA-da iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını verib.

Amma Milli Məclisin VI çağırış deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı Turana bildirib ki, Milli Məclisin VI çağırış deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı Turana bildirib ki, Azərbaycanın AŞPA-ya parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərmədiyinin səbəbləri aydındır: “Azərbaycan 44 günlük Vətən müharibəsində, eyni zamanda ötən ilin sentyabrında aparılan xüsusi antiterror əməliyyatında separatçı xunta rejimini darmadağın etdikdən sonra Avropa Şurası və ora daxil olan ölkələrin əksəriyyəti Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoydu. Onlar Azərbaycan qələbəsini heç cür həzm edə bilmirdilər”.

F.Ağamalının fikrincə, ona görə də AŞPA heç bir əsas olmadan, absurd bəhanələrlə qurumdakı Azərbaycanın nümayəndə heyətinin mandatını qəbul etmədi: “Azərbaycan buna cavab olaraq məsuliyyətli və ciddi dövlət kimi adekvat addımları atmalı idi. O gündən bu günə qədər də Avropa Şurası ilə Azərbaycan arasında hər hansı bir kommunikasiya yoxdur”.
O, qeyd edib ki, prezident seçkilərində olduğu kimi parlament seçkilərində də AŞPA-nın müşahidəçilik üçün gəlməyə heç bir mənəvi haqqı və əsası yoxdur: “Çünki onlar qərəzli mövqedən əl çəkməyən bir xristian klubudur. Gəlsə də Azərbaycanda neqativ hallar olmasa belə, onu dünya ictimaiyyətinə çatdırmağa çalışacaq, bəyanatlarında xüsusi bir pafosla verəcək”.
Deputatın sözlərinə görə, Avropa Şurası ilə Azərbaycan arasında hazırda heç bir kontaktı yoxdur: “Nə qədər ki Avropa Şurası Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyindən imtina etməyib bu təsisatla hər hansı bir normal münasibət sadəcə olaraq mümkün deyil”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə Azadlıq Radiosuna bildirib ki, AŞPA-nın dəvət edilməməsi iki səbəbdən ola bilər: “AŞPA ilə Azərbaycan arasında münasibətləri yaxşı deyil. Həmçinin, başa düşürlər ki, ölkədə hazırda seçki prosesi yoxdur. Ona görə kimlərinsə gəlib burada rəyini bildirməsini, tənqid etməsini istəmirlər. AŞPA ilə münasibətlər yaxşı deyil deyə, bilirlər ki, bu rəy də çox radikal olacaq. Ona görə də Avropa Şurasının Parlament Assambleyasının missiyasını bura buraxmırlar”.

Siyasi şərhçi hesab edir ki, missiyanın dəvət edilməməsi irəlidə münasibətlərə mənfi təsir göstərəcək: “Görünən də odur ki, uzun müddət bu münasibətlər belə qalacaq. Məntiqlə, bu parlament seçkilərində missiya iştirak etməyibsə, AŞPA seçkiləri legitim hesab etməməlidir. Legitim hesab etməyəcəklərsə, gələn il AŞPA-nın qış sessiyasında da yeni parlamentin nümayəndə heyətinin mandatını qəbul etməməlidilər”.

Onun fikrincə, Azərbaycan istəyərdi ki, eyni şərtlər qala-qala Avropa Şurası onun nümayəndə heyətinin mandatını qəbul etsin: “Amma indi legitimlik məsələsi var. Ya AŞPA geri çəkilməlidir, ya da Azərbaycan iqtidarı. Başqa yol yoxdur”.

Pressklub.Az
Geri qayıt