Əsas Səhifə > Partiya, Güney Press > YAP Naxçıvan Ali Məclisinə seçkilərdə niyə iştirak etmir?
YAP Naxçıvan Ali Məclisinə seçkilərdə niyə iştirak etmir?31-07-2024, 09:41 |
Sentyabrın 1-də Milli Məclislə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçiriləcək. Ölkədə fəaliyyət göstərən hansı siyasi partiyalar Ali Məclisə seçkilərdə iştirak edir? Azərbaycan Milli İstiqlal Partiyasından TNS-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə partiya üzvü olan 1 nəfərin namizdəliyi irəli sürülüb: “Artıq Dairə Seçki Komissiyasından imza vərəqələri götürülüb. Hələlik müvafiq sənədlər DSK-ya təhvil verilməyib”. Naxçıvan Ali Məclisinə seçkilərdə iştirak edən daha bir siyasi təşkilat Ağ Partiyadır. Partiya sədri Tural Abbaslı TNS-ə deyib ki, təşkilatın Ali Məclisə seçkilərdə namizədi 40 saylı Saltaq Seçki Dairəsindən Mətləb Aslanovdur: “Namizəd artıq lazım olan sənədləri və imzaları toplayaraq dairəyə təqdim edib, qeydiyyata alınıb. Ümidvarıq ki, Ağ Partiya olaraq, həm də Naxçıvan Ali Məclisində təmsil olunacağıq”. Ümid, Milli Cəbhə, Böyük Quruluş, Ədalət, Hüquq, Demokratiya partiyaları Naxçıvan Ali Məclisinə seçkilərdə iştirak etmirlər. Hakim Yeni Azərbaycan Partiyası da Naxçıvan Ali Məclisinə namizəd irəli sürməyib. Partiyanın səlahiyyətli nümayəndəsi belə qeydə alınmayıb. Halbuki, Naxçıvan Ali Məclisinə 2020-ci ildə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı deputatlığa 43 namizəd irəli sürmüş, onlardan 42 nəfəri qalib gəlmişdi. Ali Məclisə keçirilən seçkilərdə iştirak etməyən partiyaların Naxçıvanda ciddi elektoratı yoxdur. Ona görə də onlar seçkidə iştirak etməmək barədə qərar qəbul ediblər. YAP-ın isə Naxçıvan Muxtar Respublikasında 50 mindən çox üzvü var. Partiyanın Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə iştirak etməməsi, namizəd irəli sürməməsi çox ciddi suallar yaradıb. Necə ola bilər ki, Naxçıvanda məhdud sayda üzvü olan siyasi partiyalar Ali Məclisin deputatlığına namizəd irəli sürür, ancaq hakim Yeni Azərbaycan Partiyası Ali Məclisə keçirilən seçkilərdə iştirak etmir. YAP Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdən niyə kənarda qalıb? Ümid edirik ki, YAP-ın mərkəzi aparatı bu məsələyə aydınlıq gətirəcək, ölkə ictimaiyyətini düşündürən ciddi suallara cavab verəcəkdir. Geri qayıt |