Əsas Səhifə > Partiya, Güney Press > “Müxalifət liderləri necə razı olublar, masanın üzərində LGBT-nin bayrağı olsun?

“Müxalifət liderləri necə razı olublar, masanın üzərində LGBT-nin bayrağı olsun?


14-08-2024, 11:39
“Müxalifət liderləri necə razı olublar, masanın üzərində LGBT-nin bayrağı olsun?
“Avropa İttifaqının Bakı ofisində müxalifət liderləri Əli Kərimli, İsa Qəmbər və digərlərinin iştirakı ilə keçirilən görüş barədə mətbuatda yayılan məlumatları çox həyəcanla izlədim. Bu, Avropa İttifaqından kənara çıxan bir görüşdür. Çünki görüşdə Avropa İttifaqına daxil olmayan ABŞ və Böyük Britaniyanın da səfirləri iştirak ediblər. Hesab etmək olar ki, sözügedən görüş müxalifət və Qərb görüşüdür. İkincisi, çox narahat oldum ki, Azərbaycanda müxalifətin passivliyi varsa, inkişaf etdirilməsi lazımdırsa, bunu Azərbaycanın daxili auditoriyası ilə həll etmək, proseslərə Azərbaycan daxilində təkan vermək, xalqla ünsiyyət qurmaq lazımdır. Ancaq ortaya nə çıxdı? Təsdiq olundu ki, Azərbaycanda Gürcüstan variantı kimi hakimiyyətə təzyiqləri artırmaqdan ötrü nə qədər maliyyə vəsaitləri ayrılıb. Yəni Azərbaycan müxalifətinə hətta Gürcüstan qədər maliyyə ayrılıb. Bu vəsaitlər hara gedib, hara xərclənib? Axı bu, Konstitusiya ilə qadağan olunmuş haldır”.

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisdə təmsil olunan müxalifyönlü Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Avropa İttifaqı və Qərb kimdir ki, Azərbaycanda siyasi proseslərə yön vermək üçün bu cür əmrlər, göstərişlər versin? “Çıxın, regionlardan Bakıya gələn yolları bağlayın, heykəlləri rəngləyin, etirazınızı bildirin...” kimi təlimatlar verirlər. Hətta kütləvi ixtişaşlara da getmək lazım olduğunu istisna etmirlər. Bizimkilər də quzu kimi buna qulaq asıb, deyirlər ki, “bizə imkan vermirlər, Azərbaycanda şərait o deyil, mediaya çıxışımız yoxdur...” Mən başa düşə bilmirəm, öz zəifliklərini xaricdən alınan maliyyə və siyasi dəstəklə həll etmək üçün açıq gedişlər edirlər. Bu, biabırçılıqdır. Çox təəssüf edirəm ki, bir zamanlar belə müxalifətlə yanaşı olmuşam. Həmişə müxalifətçiliyi Azərbaycandaxili problem etmişəm. Aydındır ki, bütün dövlətlərin özlərinin strateji maraqları var və bu maraqlara uyğun hərəkət edirlər. Görmüşük ki, “insan hüquqları”, “demokratiya” adı altında Suriyanı, İraqı, Liviyanı hansı cəhənnəmə çeviriblər. Azərbaycanda da bunu həyata keçirmək arzuları var. Onlardan heç bir demokratiya, insan hüquqları gözləmirəm. Hara gediblərsə, orada qan-qada, qarışıqlıq olub. Axı bilinir ki, qarışıqlıq xalqın, dövlətimizin xeyrinə deyil. Məni dəhşətə gətirən hal budur ki, müxalifət liderləri necə razı olublar, danışıq masasının üzərində LGBT-nin bayrağı olsun? Bu, rüsvayçılıqdır! Azərbaycanlı mentalitetinə uyğun olmayan bir şeydir. Buna necə dözür, necə qəbul edirlər? Xalqın bununla sizin arxanızca getməsini istəyirsiniz? Ağır məsələdir. Düşünün, öz zəifliklərinizi keçmişinizdə, dəfələrlə xalqı aldatmağınızda, onların mənafeyinə həmişə dönüklük etmənizdə axtarın. Yoxsa siz xaricin qabağında qul kimi hesabat verirsiniz, əyilirsiniz. Onda siz bu hakimiyyətə gəlsəniz, həmin dövlətlərin nökəri olacaqsınız? Deyək ki, möcüzə baş verdi, hakimiyyətə gəldiniz... Bu görüşə çox ağrılı yanaşdım və təəssüf etdim. Mübarizənizi aparın, özünüzü gücləndirin, xalqı təşkil edin. Siz isə deyirsiniz “mənə kömək edin, maliyyə dəstəyini, siyasi dəstəyi əsirgəməyin, yoxsa biz məhv olarıq...” Bu nə deməkdir, bu nə yalvarışlar, nə köləlikdir?”, - T.Kərimli bildirib.

Geri qayıt