Əsas Səhifə > Partiya, Güney Press > “Qərb dairələrinin radikal müxalifətlə fəallığı təsadüfi deyil”

“Qərb dairələrinin radikal müxalifətlə fəallığı təsadüfi deyil”


14-08-2024, 16:33
“Qərb dairələrinin radikal müxalifətlə fəallığı təsadüfi deyil”
“Dünyanın bütün ölkələrində seçki prosesinə kənar müdaxilələrə qarşı barışmaz mövqe sərgilənir. Getdikcə dövlətlət kənar müdaxilələrə qarşı mübarizəni daha da gücləndirirlər. Hətta bunu milli təhlükəsizlik məsələsi hesab edirlər. Təəssüflər olsun ki, Azərbaycanda bəzi müxalif dairələr hər vəchlə çalışırlar ki, xarici dövlətlər, beynəlxalq təşkilatlar seçkilərə, siyasi proseslərə müdaxiləni gücləndirsinlər. Öz potensialına inanmayan bu cür anti-milli qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə ölkəni asanlıqla xarici güclərin ağuşuna atacaq, onların idarəçiliyinə verəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə radikal müxalifət nümayəndələri ilə görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, AXCP sədri Əli Kərimli, Musavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə keçirilmiş görüş şəxsi mənafelərə xidmət edib:

“O görüşdə milli məsələlər deyil, merkantil maraqlar qaldırılıb. Hansısa səfirliyin sıradan bir işçiləri ilə görüşən “müxalifət liderləri” orada mandat davası aparıblar. Yaxşı olardı ki, özlərini lider hesab edən şəxslər daha çox Qarabağda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini, Ermənistanın Azərbaycana qarşı çirkin kampaniyası, COP29 və digər bu qismdən olan mövzuları müzakirəyə çıxaraydılar.

Amma əksi baş verdi. Onlar xarici ölkə diplomatları ilə görüşü, hesabat verməyi, hansısa neqativ hallar barədə danışmağı özləri üçün böyük fəxarət bilirlər. Qərb dairələri tərəfindən Azərbaycandakı seçki prosesinə hansısa müdaxilə radikal müxalifətçilərin nəinki narahat etmir, əksinə buna çalışırlar. Təsəvvür edin ki, ABŞ-də Tramp prezident seçilərkən guya Rusiyanın onun xeyrinə seçkilərə müdaxilə etməsi hələ də araşdırılır, müzakirə edilir. ABŞ kimi bir ölkə seçkilərə kənar müdaxiləyə qarşı bu qədər dözümsüzdür.

Fransada son seçkilər zamanı TikTokun bağlanması məsələsi qaldırılmışdı. Gürcüstanda Qərbin dəstəyi ilə hakimiyyətə gələn qüüvvələr bu gün kənar müdaxiləyə qarşı barışmaq mövqe sərgiləyirlər. Milli hökumətlər seçkilərə, siyasi proseslərə kənar müdaxilənin necə bir təhlükə olduğunu, onun hansı fəsadlar yaradacağını yaxşı dərk edirlər. Bizdə isə bəzi cılız siyasətçilər ölkəni qumara qoymağa, gələcəyimizi kənar qüvvələrə həvalə etməyə hazır görünürlər.

Qərb diplomatları Azərbaycan xalqının radikal müxalifəti dəstəkləməməsinin fərqindədirlər və bundan narahatdırlar. Onlar "müxalifət liderləri”nə öz iradlarını bildirməkdən belə çəkinmirlər və Gürcüstan müxalifətini onlara nümunə göstərirlər".

Ramiz Alıyev qeyd edib ki, Qərbdə seçkilərə xaricdən müdaxilə az qala dövlət təhlükəsizliyinə təhdid kimi qəbul edilir, amma nədənsə elə həmin Qərb ölkələri Azərbaycan kimi dövlətlərdə seçki prosesinə böyük həvəslə təsir göstərmək istəyirlər:

“Onlar yenə də seçkiqabağı və COP29 ərəfəsində Azərbaycanda qarışıqlıq, xaos yaratmaq və dövləti gücdən salmaq arzusundadırlar. Ən dəhşətlisi isə odur ki Azərbaycanda özünü “müxalifət” adlandıran bu qüvvələr xaricdən seçkiyə müdaxilə planlarına canla-başla, məmnuniyyətlə dəstək verir və sifarişləri qeyd-şərtsiz qəbul edir. Biz görürük ki, Ermənistanı müdafiə edən, İrəvanın maraqları üçün çalışan Qərb dairələri Azərbaycandakı radikal müxalifətlə çox sıx işləyirlər.

Dövlətimizi güzəştə getməyə məcbur edə bilməyən, ölkə rəhbərliyinin siyasi iradəsini qıra bilməyən qüvvələr bizim daxilimizə nüfuz edərək zəif salmaq niyyətindədirlər. Azərbaycanın Ermənistana qarşı tələblərini yumuşaltmaq üçün Qərb müxalifətdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Əli Kərimlinin “sülh çağırışları” və rəsmi Bakını “aqressiv davranışda” ittiham etməsi bu siyasətin tərkib hissəsidir.

Zəngəzur məsələsi, ermənilərin Qarabağa qayıdışı, Ermənistandan qovulan soydaşlarımızın dədə-baba yurduna qayıtması məsələsində radikal müxalifət bəzi Qərb dairələri ilə eyni mövqedən çıxış edir, eyni havanı ifa edirlər. Bu çox təhlükəli tendensiyadır. Xaricdən sifariş və pul müqabilində milli maraqların satışa çıxaran qüvvələr unutmasınlar ki, bugünki Azərbaycan dövləti, xalq 90-cı illərdəki qədər zəif deyil. Dövlətimiz güclüdür və xalqımız ağı-qaradan seçməyi yaxşı bacarır. Qərb dairələrinin Azərbaycanın radikal müxalifəti ilə birləşib öz çirkin əməllərini həyata keçirmək istəkləri baş tutmayacaq. Onlar bu dəfə də fiaskoya uğrayacaqlar”.

Geri qayıt