Əsas Səhifə > Partiya, Güney Press > "Hər hansı məmur və ya onun övladının qeyri-təvazökarlıq etməyə mənəvi haqqı yoxdur"
"Hər hansı məmur və ya onun övladının qeyri-təvazökarlıq etməyə mənəvi haqqı yoxdur"1-04-2014, 10:27 |
Milli Məclisin deputatı Mahir Aslanovun Editor.az-a müsahibəsi - Mahir müəllim, gələn il ölkəmiz I Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu arada bəzi müxalifət təmsilçiləri beynəlxalq təşkilatlara müraciət edərək, tədbirin baykot olunması təklifini irəli sürürlər. Sizcə, bunun bir nəticəsi olacaqmı? - İlk öncə onu demək istəyirəm ki, I Avropa Olimpiya Oyunların Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əlamətdar bir hadisədir. Bu təkcə idman sahəsində deyil, iqtisadi-siyasi mənada da böyük əhəmiyyətə malikdir. Bundan öncə “Eurvision”, ardınca isə daha mötəbər bir tədbirin Bakıda təşkili ölkəmizə ciddi dividentlər gətirəcək. Bu bizə həm milli-mənəvi dəyərlərimizi təbliğ etmək, ölkəmizi daha artıq dünyaya tanıtmaq, həm də turizm potensialını artırmaq imkanı verəcək. Hesab edirəm ki, dövlətini, millətini sevən hər bir layiqli Azərbaycan vətəndaşı bundan qürur, iftixar hissi keçirməlidir. Kimsə buna qarşı çıxıb, dövlətimizi ləkələməyə çalışırsa, o ilk növbədə özünə qarşı hörmətsizlik edir. Təəssüf ki, radikal müxalifət düşərgəsi hələ də sivil müxalifətçilik ənənələrini əzx edə bilməyib. - Müxalifətdən söz düşmükən, Milli Şura daxilindəki çəkişmələri necə qiymətləndirirsiniz? - Hesab edirəm ki, Milli Şura haqqında danışmağa və hər hansı siyasi şərh verməyə ehtiyac yoxdur. Bu qurumun fəaliyyətini təftiş etmək sadəcə zaman itkisidir və qızıl kimi vaxtımızı belə müzakirələrə sərf etmək mənasız məşğuliyyətdən savayı bir şey deyil. Qısaca olaraq onu deyə bilərəm ki, Milli Şurada təmsil olunan qüvvələr, o cümlədən Müsavat və AXCP cəmiyyətin etimadını çoxdan itiriblər və gündəmdə qalmaq üçün müəyyən siyasi gedişlər edirlər. Amma bunun nəticəsinin olmadığı, heç bir uğur əldə etmədikləri də gün kimi aydındır. - Prezident İlham Əliyevin məmurlarla bağlı sərt xəbərdarlığı oldu… - İlham Əliyev ilk dəfə ölkə başçısı seçiləndə bəyan etmişdi ki, mən bütün azərbaycanlıların prezidenti olacam. Bəlkə də cənab Prezident dünyada yeganə ölkə rəhbəridir ki, sıx və gərgin iş qrafikinə baxmayaraq, zamanının əhəmiyyətli bir hissəsini sadə vətəndaşlarla görüşə ayırır, xalqın problemlərini şəxsən öz dilindən dinləyir. Əgər dövlətin başçısı təvazökarlıq hissini itirmirsə, hər hansı məmur və ya onun övladının qeyri-təvazökarlıq etməyə mənəvi haqqı yoxdur. İstər dövlət məmurları, istərsə də millət vəkilləri, hər birimiz, İlham Əliyevdən nümunə götürməliyik. Prezidentin məmurlara xəbərdarlığı ciddi hadisədir və hər bir məmur bundan düzgün nəticə çıxarmalıdır. - Mahir Aslanov seçiciləri ilə tez-tezmi ünsiyyətdə olur? - Əlbəttə, seçicilər bizə etimad göstərib, bizə mandat veribsə, bizim də borcumuzdur ki, onların problemlərinə diqqət ayıraq. İstər qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, istərsə də müəyyən problemlərin həlli məqsədilə seçicilərlə vaxtaşırı təmasda olur, imkan və səlahiyyətlərimiz daxilində onlara yardımçı olmağa çalışırıq. Seçicilər istər mənimlə, istərsə də dairədəki köməkçimlə görüşə, öz müraciət və təkliflərini irəli sürə bilirlər. O ki qaldı konkret detallara, biz bu barədə hesabat hazırlayır və müvafiq dairələrə, Milli Məclis rəhbərliyinə təqdim edirik. Geri qayıt |