Əsas Səhifə > Partiya, Güney Press > "Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum"

"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum"


26-08-2024, 08:52
"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum"
"Gördüm videolarımın birinin altına rəy gəlib. Baxdım, biri yazıb ki, bu jurnalist yüz faiz müdafiə nazirliyinin adamıdır. Altına başqa biri rəy yazdı ki, a kişi, deyəsən jurnalisti tanımırsan, nazirliyə görə adamın başına gəlməyən qalmayıb. İzlədim görüm nə baş verəcək. Baxdım həmin rəy yoxa çıxdı. İki dəqiqə sonra eyni adam yazdı ki, bu rusbaşdır, İran tulasıdır! Oturub dəli kimi rəyə baxıb gülürəm. Qərarlaşdırdım ki, yazım". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Səxavət Məmməd çıxşş edib.
Jurnalist daha sonra yazır: "Mama zəng eləmişdi. Gördüm səsi birtəhər gəlir. Dedi, səni tutacaqlar. Dedim, niyə? Dedi, bayaq ANS-də sənin erməni kəşfiyyatına işlədiyini deyirdilər. Dedim, ma, narahat olma, hələ tam qərar verməyiblər. Mama təəccüblə soruşdu ki, necə yəni qərar, nə qərar? Dedim, heç nə, Ramiz Mehtiyev bir tədbirdə o qırmızı koftalı Amerika kəşfiyyatına, Əli Həsənov başqa bir tədbirdə rus kəşfiyyatına işləyir deyib. Qoy hələ dəqiqləşdirsinlər, sonrasına sonra baxarıq. Mama çıx get başqa ölkədə yaşa deyib, telefonu söndürdü.
İllər keçib, dəyişən heç nə yoxdur.
İndi Qarabağ sevərlər, vətən fədailəri ortaya çıxıb. Hər gün Qarabağdan, ya da birinci müharibədən yazılar yazırdım. Bu ölkədə hərbi vətənpərvərlik redaksiyalarının "Qarabağ" deyə bilmədiyi vaxtlar olub. Bir gün söz göndərdilər ki, sənin başqa işin gücün yoxdur? Hətta bir dəfə zəng gəldi ki, qaqa, bizə qadağa qoyulub, sən yazırsan, sənə qadağa qoyulmayıb? Günlər var idi eee... Ölkədə barmaqla sayılacaq adamlar var idi ki, torpaqların müharibə ilə alına biləcəyini deyirdi. Torpaqlar hərb yolu ilə alınacaq yazanları, deyənləri topa tuturdular. İndi həmin top atanlar vətən, millət, sakarıya deyir. Dəli oluram. Eyni vaxtda bildiyim bütün söyüşləri söymək istəyirəm. A kişi, 2020-ci ilin sentiyabrında bir neçə nəfərə demişdim ki, yaxında müharibə olacaq, adamlar "bu hökumətdən müharibə edən olmaz" deyib, mənə rişxənd etmişdilər. İndi həmin adamlar hökumətin orasından girib burasından çıxır, burasından girib orasından çıxır. Bax indi mən necə söyməyim?
Rusiyanın əleyhinə dayanmadan o qədər əsaslandırılmış yazılar yazıdım ki, bir gün CİA casusu olduğumdan xəbər tutdum. Özü də elə belə yox ha. Detallara girməyim. Getdim Türkiyədə kurs keçdim, bir baxdım orda, burda yazırlar, danışırlar ki, MİT-ə işləyirəm. Türkiyənin hərbi bazaları Azərbaycana yerləşdirilməlidir mövzusu ortaya atılanda, qəti şəkildə etiraz etməyə başladım. Yazırdım ki, hərbi baza yox, hüquqi sənəd lazımdır. Yenə başladılar, rusbaş deməyə. Desəm ki, Türkiyənin yox, Rusiyanın hərbi bazası yerləşdirilməlidir, o qədər yandırmazdı. Yazırdım ki, Azərbaycanda heç bir ölkənin hərbi bazası olmamalıdır!
Müharibə vaxtı İranın Zəngilanda atdığı addım, müharibədən əvvəl narkotik plantasiyaları, müharibədən sonrakı dövrdə İranın Azərbaycana qarşı etdiyi hər şeyi kəskin şəkildə tənqid edirdim. Hətta bir çox şeyləri ilk və risk edərək yazırdım. Bəziləri çıxıb "İranı məhv edərik, Təbrizi alarıq" deyəndə, götürüb yazdım ki, etməyin, eləməyin, İran sizin üçün Ermənistan deyil, Rusiyadan çəkinməsə nəinki Azərbaycanı, Cənubi Qafqazı bir qaşıq suda boğar. Onda da başladılar İran tulası çıxarmağa. Ay mən deyənlər, bir qərar verin.
Şuarçılıq, düşünməyə ərinmək, təkrarçılıq bu cəmiyyətin axırına çıxacaq. Xalq hərəkatı tarix olub, demək olar postsovet məkanında o prosesin içindən çıxan bir siyasətçi belə qalmayıb, hətta Azərbaycanda bir çoxları artıq hərəkatçılıqdan çıxıb, ancaq hərəkat bunların canından çıxmır. Ona işləyir, buna işləyir, onun adamıdır, bunun adamıdır mövzuları bitmir. Bu yaxınlarda bir nəfəri yüngülvari sıxışdırdım. Sual verdim, Azərbaycanın qonşuları arasında dostları hansı ölkələrdir, düşmənləri hansılar? Türkiyə, dost, Rusiya, İran, Ermənistan düşmən. Dedim, bəs Gürcüstan? Gözlərin döyür. Bu mövzuda şüar eşitməyib, kimsə pafoslu çıxışına qulaq asmayıb, qaldı yumurtası tərs gələn toyuq kimi vurnuxa-vurnuxa. Daimi maraqlar, ay zırrama!
Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum, hardansa gözləntim olsun ona uyğun çıxışlar edim, məqalələr yazım. Prosesləri təhlil və analiz edirəm. Çoxları nə yazdığımı anlayır, başa düşür, ancaq iki narkomanın malını bölə bilməyən sosial şəbəkə “uçaskovı”ları var ki, onlar yazılanlardan, deyilənlərindən çıxardığı nəticə kimin hara işləməyidir. Bir ara bəziləri oturub AzTV-yə baxırdı ki, sosial şəbəkədə yazmağa mövzu tapsın. Ay mal, ay amöb, ay təkhüceyrəli dünyanın ən çətin işi casus aşkarlamaqdır. Bir casusu aşkarlamaq üçün illərlə baş sındırırlar, bizim ipləmələr iki dəqiqəyə məsələni həll edirlər..."

Geri qayıt