Əsas Səhifə > Partiya, Güney Press > “Xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz”

“Xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz”


2-09-2024, 14:05
“Xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz”
Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkisinin səsverməsi həyata keçirildi. Yeddinci çağırış Milli Məclisə seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıdı. 990 namizədin 308 nəfəri 25 siyasi partiyanın nümayəndələri idi. Seçkini 112 min 749 yerli, 604 nəfər isə beynəlxalq müşahidəçi izləmiş oldu.

Səsvermə prosesi səhər saat 08:00-dan etibarən başladı və axşam saat 07:00-da seçki məntəqələri bağlandı. Seçkilər bitdikdən bir neçə saat sonra seçkilərdə “exit poll” aparan təşkilatlar nəticələri elan etdilər. Gecə saatlarında isə Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin ilkin nəticələrini açıqladı, dairələr üzrə lider namizədlər bəlli oldu. İlkin nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri daha çox mandat qazanıblar.

MSK-nın açıqladığı rəqəmdə qeyd edilir ki, 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. Azərbaycanda seçicilərin ümumi sayı isə 6 milyon 421 min 960 nəfərdir. Bu o deməkdir ki, növbədənkənar parlament seçkilərində seçici aktivliyi aşağı olub. Səsvermə hüququ olan vətəndaşların yarısı belə səsverməyə qatılmayıb.

Bununla yanaşı, dünən gün ərzində seçki məntəqələrində qanun pozuntuları ilə bağlı videomateriallar namizədlər, onların vəkilləri, səlahiyyətli nümayəndələri tərəfindən paylaşılıb. Bəzi namizədlər seçkilərdə qanun pozuntularının baş verdiyini, qutulara topa bülletenlər atıldığını, “karusel” – yəni bir nəfərin bir neçə məntəqədə səs verdiyini iddia edirlər.

Ümumi seçki prosesi və qanun pozuntuları iddiaları ilə bağlı AYNA-nın suallarını YAP-ın namizədi olmuş və MSK-nın açıqladığı nəticəyə əsasən, yenidən mandat qazanmış Hikmət Məmmədov cavablandırıb. Köhnə və yeni deputat olan H.Məmmədov deyib ki, Azərbaycan xalqı bu seçkilərlə mühüm bir demokratiya səhifəsi açmağı bacardı:

- Seçkiqabağı vəziyyət, namizədlərə bərabər təbliğat kampaniyasının yaradılması yüksək səviyyədə təşkil olundu. Səsvermə günü də seçkilərin nəticəsinə təsir edəcək demək olar ki, insident baş vermədi, qanun pozuntuları müşahidə olunmadı. İlk dəfədir ki, Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Xankəndidə, Şuşada insanlarımız səs verdi, deputatını seçdi ki, bu vacib məsələdir. Demək olar ki, seçkilər yüksək səviyyədə keçdi və demokratik inkişaf yolunda daha bir addım atıldı.

Mənim də təmsil olunduğum hakim YAP bu seçkilərin mütləq qalibidir. Xalqımız yenidən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi kursuna dəstək verdi və qalib liderin rəhbəri olduğu siyasi partiyanı qalib etdi. Buna görə partiyadaşlarımı da, YAP tərəfdarlarını da təbrik edirəm. İnanıram ki, yeni çağırış Milli Məclis Azərbaycanın inkişafına öz müsbət töhfəsini verəcək.

- Amma seçici fəallığı o qədər də yüksək olmadı. Cəmi 37 faiz seçici aktivliyi müşahidə edilib ki, bu, az deyilmi?

- Demokratik proseslərdə bir tendensiya var ki, prezident seçkiləri daha canlı olur, seçicilər bu seçkilərdə daha fəal iştirak edirlər. Parlament seççkiləri bir qədər prezident seçkilərinin kölgəsində qalır. Çünki xarakter etibarı ilə Prezident ölkənin siyasətini təyin edir. Biz fevral ayında keçirilən prezident seçkilərindəki aktivliyi indi keçirilən parlament seçkilərində də gözləməli deyildik.

Mənə elə gəlir ki, parlament seçkilərində 37 faiz ətrafındakı seçici fəallığı olduqca mühümdür. Biz bilirik ki, oturuşmuş demokratiyalarda seçici fəallığı 20-30 faiz ətrafında olur. Həmin faizlərə nisbətən bizdə parlament seçkilərindəki fəallıq təqdir olunmalıdır. Bəli, daha yaxşı, daha yüksək fəallıq ola bilərdi. Amma bu, seçicilərin, xalqın mövqeyi ilə bağlı olan məsələdir. Əsas olan odur ki, növbədənkənar parlament seçkiləri baş tutmuş sayılır.

- Sosial şəbəkələrdə yayılan görüntülər var ki, orada müxtəlif seçki pozuntularına, namizədlərə, onların nümayəndələrinə qarşı təzyiqlərin şahidi oluruq. Bunu necə qiymətləndirmək olar?

- Mən əvvəldə dedim, müəyyən pozuntular ola bilər və istisna deyil. Amma bunlar seçkinin ümumi nəticəsinə təsir edəcək hallar deyil. Belə xırda pozuntular demokratik şəraitdə keçən seçkilərə kölgə sala bilməz, kölgə salmamalıdır. Seçkiləri müşahidə edən beynəlxalq və yerli qurumların hesabatından da görünür ki, seçki prosesini kölgəyə salan qanun pozuntuları müşahidə edilməyib. Hər halda bu məsələlər MSK tərəfindən araşdırılacaq, lazımi tədbirlər görüləcək. Məncə, həmin namizədlər, onların vəkilləri MSK-ya müraciətlər edəcəklər və müvafiq, ədalətli qərar veriləcək.

- Ötən parlament seçkilərində belə hallar səbəbindən 4 seçki dairəsində nəticələr ləğv edildi. İddialar var ki, bu dəfə də bir neçə seçki dairəsində nəticələr ləğv edilə bilər. Bu mümkündürmü?

- Mənə elə gəlir ki, budəfəki seçkilərdəki qanun pozuntuları ilə bağlı şikayətlər az olacaq, minimum şikayətlər ediləcək. Bunun ölkəmizdəki yeni reallıqlarla əlaqələndirirəm. Bu gün Azərbaycanda kiminsə daha radikal mövqe tutması üçün ciddi əsas yoxdur. Azərbaycan xalqının siyasi proseslərə cəlb olmasının əsas səbəbi Qarabağ problemi idi. Həddən artıq siyasi fəallıq yaradan amil də məhz torpaqlarımızın işğalda olması idi. Eyni zamanda, sosial-iqtisadi problemlər də bəzi insanları radikal siyasi qurumlara üz tutmağa sövq edirdi. Radikallar da bununla az da olsa müəyyən elektorat toplayıdrılar. İndi nə Qarabağ problemi var, nə də ciddi sosial-iqtisadi problem. Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Eyni zamanda, Azərbaycan Prezidentinin iqtisadiyyatın inkişafı ilə bağlı atdığı addımlar insanlarımızın sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb. Xalq da bunu görür, cənab Prezidentin siyasi kursunu bir daha dəstəkləyərək YAP-ı parlamentin lider partiyası kimi saxladı.

Bəli, bir-iki dairəni çıxmaq şərti ilə, digər dairələrdə insidentlərin olmadığının şahidiyik. Ciddi olmayan insident yaşanan, yaxud qanun pozulan məntəqələrlə bağlı şikayət MSK-ya ediləcək, MSK da lazımi tədbir görəcək. Ümumi tendensiya isə ondan ibarətdir ki, bu seçkilər demokratiyamızın inkişafında daha bir addım oldu.

Geri qayıt