Əsas Səhifə > Partiya, Güney Press > “Heç parlamentdə təmsil olunan partiyaların aldığı vəsait belə onların dərdinə çarə olmur”

“Heç parlamentdə təmsil olunan partiyaların aldığı vəsait belə onların dərdinə çarə olmur”


5-09-2024, 08:59
“Heç parlamentdə təmsil olunan partiyaların aldığı vəsait belə onların dərdinə çarə olmur”
Azərbaycanda növbədənkənar parlament seçkiləri başa çatıb və partiyaların, demək olar ki, hamısı müxtəlif sayda namizədlərlə seçkidə iştirak edib. Seçkilərdə iştirak edən siyasi partiyalar maliyyə yardımı alacaq. Ötən il qüvvəyə minən “Siyasi partiyalar haqqında” qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı qaydalar da qüvvəyə minib. Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsaitin 40 faizi parlamentə düşən partiyalar arasında bərabər bölünür. 50 faiz deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. Yerdə qalan vəsaitin 5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər və proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür. Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3 faiz səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq. Beləliklə, parlamentdə təmsil olunmayan aşağıdakı siyasi partiyalar dövlətdən maliyyə yardımı alacaqlar. Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb. Vəsait bölünərkən 13 siyasi partiyanın hərəsinə 1500 manat civarında maddi yardım göstəriləcəyi deyilir.

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az”a deyib ki, söhbət çox cüzi məbləğdən gedir:

"Demək olar ki, dilənçi pulu kimi bir şeydir. Burada hansısa ciddi məbləğdən, maddi yardımdan söhbət getmir. Ayrılan vəsait partiyanın heç bir problemini həll etmir. Heç parlamentdə təmsil olunan partiyaların aldığı vəsait belə onların dərdinə çarə olmur. Ona görə nəzərdə tutulan vəsaiti ciddi irəliləyiş hesab etmirəm. Bu, baş aldatmaqdır. Biz maliyyə vəsaiti almaq üçün seçkilərə qatılmırıq. Seçkilərdə iştirak etməyimizin məqsədi Azərbaycanda müsbət yöndə dəyişikliyə nail olmaqdır".

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov da vurğulayıb ki, siyasi partiyaların maliyyə vəsaiti olmadan fəaliyyətini davam etdirməsi qeyri-mümkündür. Partiya təmsilçisinin fikrincə, partiya üzvlərinin və tərəfdarlarının ianəsi ilə bu məsələni hətta minimal tələblərə uyğun həll etmək real deyil:

"Azərbaycan reallığında ölkədəki orta statistik insanın siyasi təşkilatlara maliyyə yardımı etməsi həm onun aşağı iqtisadi imkanları, həm də yüksək səviyyələrə hələlik çatmayan siyasi iştirakçılıq şüuru səbəbindən qeyri-mümkündür. Ona görə də çoxpartiyalı siyasi sistemin dövlət tərəfindən maddi baxımdan dəstəklənməsi vacibdir və sözügedən qanun bu baxımdan ədalətlidir. Təəssüf ki, normal seçki keçirilmir və bu səbəbdən dövlətin partiyalara ayırdığı vəsait son nəticədə ədalətlə bölünmür. Dövlətin ayırdığı vəsait əsas məqsədə - ölkədə çoxpartiyalı siyasi sistemin möhkəmlənməsinə müsbət təsir etmir".

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da qeyd edib ki, heç şübhəsiz, belə halın olması partiyaların sağlamlaşması, dirçəlməsi və maddi baxımdan müstəqil olması ilə nəticələnə bilər:

"Əslində mən hesab edirəm ki, dövlət qeydiyyatından keçmiş və seçki prosesində iştirak etmiş bütün partiyalara da parlamentdə yer qazanmış partiyalar kimi ayrıca vəsait ayrılmalıdır. Çünki ölkənin siyasi sisteminin güclənməsi üçün bu çox vacibdir. Məsələn, parlament partiyalarına 6 milyon manat ayrılırsa, parlamentdən kənar qalmış partiyalara da bu məbləğin yarısı ayrılmalıdır ki, partiya institutu inkişaf edə bilsin. Eyni zamanda partiyaların seçkilərdə aktiv iştirakına stimul olsun. Dövlət qeydiyyatından keçmiş hər bir partiyanın 5 mindən artıq üzvü var. Bu üzvlər dövlət büdcəsinə vergi ödəyirlər. Mütləq ki, bu vergilərdən onların da ideoloji baxışına maliyyə dəstəyi göstərilməlidir".

Geri qayıt