Əsas Səhifə > Partiya, Güney Press > "İndi Elşad Musayev seçkilərdə uğur qazanıbsa...
"İndi Elşad Musayev seçkilərdə uğur qazanıbsa...14-09-2024, 08:45 |
İlqar Məmmədovun ReAL Partiyasının sədrliyindən istefa verməsi siyasi sferada birmənalı qarşılanmayıb. Partiya sədrlərindən İlqar Məmmədovun qərarına dəstək gəlsə də, onun bəzi həmkarları bu qərarı düzgün hesab etmədiklərini bildirib. İlqar Məmmədov isə verdiyi qərarın arxasında olduğunu bu gün bir daha bəyan edib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə həmkarının istefa verməsinə fərqli yanaşma nümayiş etdirib. "Fikrimcə, bunlar seçkilərin nəticələrinin yaratdığı depresiyadan irəli gələn qərarlardır", - deyə Sərdar Cəlaloğlu “Qaynarinfo.az” saytında açıqlamasında belə deyib. Bəzi siyasi liderlər isə İlqar Məmmədovun istefa qərarını siyasi mədəniyyət nümunəsi, partiya maraqlarını öndə tutmaq şəklində qiymətləndirib. Onu da qeyd edək ki, ötən gün ReAL Partiyasının Siyasi Şurası iclas keçirib və İlqar Məmmədovun istefası qəbul olunub. ReAL Partiyasına bundan sonra kimin rəhbərlik edəcəyi isə 1 sentyabrda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri təsdiqləndikdən sonra açıqlanacaq. Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev İlqar Məmmədovun doğru qərar verdiyini deyib: “Bu cür hallar əslində mənəvi məsələlərdir. İlqar Məmmədov belə bir qərar veribsə, onu qəbul etmək, dəstəkləmək lazımdır. Biz 30 ildir mübarizə aparırıq. İndi Elşad Musayev seçkilərdə uğur qazanıbsa, digər həmkarlarım zəng edib təbrik etməli, dəstək verməlidir. Amma bunu da etmirlər. Bunlar siyasi mədəniyyət nümunəsidir. Sərdar Cəlaloğlunun nə dediyindən xəbərsizəm, amma ümumi olaraq İlqar Məmmədovun qərarına hörmətlə yanaşmaq lazımdır. Hesab edirəm ki, İlqar Məmmədov düzgün qərar verib”. Geri qayıt |