Əsas Səhifə > Partiya, Güney Press > "Əslində bölgəyə "turistik" səfər edərək sülhə mane olurdular"

"Əslində bölgəyə "turistik" səfər edərək sülhə mane olurdular"


18-09-2024, 08:51
"Əslində bölgəyə "turistik" səfər edərək sülhə mane olurdular"
“Sentyabr ayı dövlətçilik tariximizdə əhəmiyyətli yer tutur. Bu ay Azərbaycana qələbələr gətirib. 90-cı illərin əvvəllərində torpaqlarımızın 20%-ni işğal edən Ermənistan 30 ildə yaşayış məntəqələrimizi və milli-mənəvi dəyərlərimizi dağıtmışdı. 750 mindən çox soydaşımız öz torpaqında məburi köçkün olaraq ağır həyatı yaşamağa məcbur olunmuşdu. Ermənistan BMT qətnamələrinə məhəl qoymadı və tarixi ərazilərimizi danışıqlar yolu ilə azad etmək istəmədi. Hətta Azərbaycanı əlavə ərazilər üzrə yeni müharibə ilə hədələməyə başlamışdı. Belə ki, artıq ermənilər həddini aşaraq "dənizdən dənizə Ermənistan" xülyasını reallaşdracaqlarını açıq şəkildə bildirirdi. Təmas xəttində təxribatların davamlı törədilməsi adi hala çevrilmişdi. Yəni vəziyyət dözülməz idi”...
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Azər Badamov deyir ki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri 28 ildə regiona turistik səfərlər edir və münaqişənin hərbi yolla həllinə yol olmadığını bildirirdi.

“Azərbaycanı torpaqlarında erməni işğalı ilə barışdırmağa çalışırdı. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında güclənərək siyasi və iqtisadi müstəqilliyinə qovuşdu. Müstəqilliyimiz qərarlarımızın azad şəkildə qəbul edilməsində bütün maneləri aradan qaldırdı və münaqişənin hərbi yolla həllinin mümkün olmayacağını iddia edənlərə həm siyasi, həm də hərbi yolla həll edilməli olduğunu sübut etdik.

Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş xalqımız milli birliyi və həmrəyliyi möhkəmləndirərək Ali Baş Komandanın dəmir yumruğuna çevrildi. 27 sentyabr 2020-ci ildə düşmənə təxribatına cavab məqsədilə başlanan 44 günlük Vətən müharibəsində igid əsgərimiz qəhrəmanlıq dastanı yazdı. Vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənclərimiz Ali Baş Komandanın çağırışına səs verərək silaha sarıldı və 44 günün hər bir günündə ancaq irəli gedərək 300 yaşayış məntəqəmizi düşmən tapdağından azad etdi. 44 günlük Vətən müharibəsində 40-dan çox xarici mətbuat orqanına müsahibə verən dövlət başçımız beynəlxalq informasiya şəbəkəsində ermənilərin yaydığı dezinformasiyanı aradan qaldırdı. Xalqımız hər axşam televiziya ekranları qarşısında oturaraq dövlət başçısının xoş müjdəli çıxışlarını səbrsizliklə gözləyirdi. Beləliklə, 8 noyabrda Şuşanı azad edən müzəffər ordumuz düşmən ordusunun belini qırıır və ağ bayraq qaldırmasına məcbur edir. Ermənistanın baş naziri Nikol Paşinyanın zəng etmədiyi dövlət rəhbəri qalmır və Rusiya prezidenti Vladimir Putinin köməyi ilə 10 noyabrda kapiyulyasiya sənədinə imza atmaqla müharibənin dayandırılmasına yalvarır. Yalvararaq kapitulyasiya sənədinə imza atan Paşinyan sonradan üçtərəfli Bəyannamənin bəndlərini icra etməkdən boyun qaçıraraq 15 minə yaxın silahlısını ərazilərimizdən çıxarmır. Hətta Qarabağa yeni silahlar gətirir və ərazilərimiz 2021-ci il istehsalı olan minalarla minalayırdı”-deyən deputat bildirib ki, vəziyyətin dözülməzliyi 20 sentyabr 2023-cü ildə ordumuzu Qarabağda lokal xarakterli antiterror tədbirlərin görülməsinə məcbur edir.

“Müzəffər ordumuz 23 saatdan az bir müddətdə düşmənin 15 minlik ordusunu silahı yerə qoyduraraq təslim edir. Beləliklə, ərazilərimzdə suverenlik bərpa olunur. Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq ərazilərini işğaldan azad edərək suverenliyinin bərpa olunduğunu elan etdi. Bu baxımdan sentyabr ayı tariximizə qızıl hərflərlə yazılmışdır. Şəhidlər verdik, gənclərimiz sağlamlıqlarını itirdilər. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz ən qısa vaxtda öz sağlamlıqlarına qayıtsınlar. Xalqımızın yazdığı qələbə tarixi Azərbaycanı dünyaya qalib olduğunu tanıtdı. Bu qələbələrin müəllifi Ali Baş Komandan Prezident İlham Əliyevdir. Azərbaycanı qalib edən dövlət başçımızın uzaqgörən siyasəti oldu. Bu gün dövlət başçımızın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa etdirilərək keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar və yeni tarix yazılır. Bu gün Azərbaycan heç vaxt olmadığı qədər güclüdür. Bu, bizim təhlükəsiz gələcəyimizin təminatıdır”-deyə Azər Badamov vurğulayıb.

Geri qayıt