Əsas Səhifə > Partiya, Güney Press > AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?..
AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?..20-09-2024, 09:02 |
Azərbaycan Xalq Cəbhəsi Partiyasında istefa dalğası yaşanır. Ötən gün AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli istefa verib. O, bu barədə feysbuk səhifəsində paylaşım edib. A.Yusifli istefasının səbəbini xroniki boykotla əlaqələndirib: “Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzunmüddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”. Xatırladaq ki, Asif Yusifli Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, uzun illər AXCP sıralarında fəaliyyət göstərib. Onun indiki şəraitdə, xüsusilə də AXCP sədri Əli Kərimlinin məhkəməsinin getdiyi ərəfədə istefa verməsi birmənalı qarşılanmayıb. Onunla yanaşı, Rəyasət Heyətinin digər üzvü İlham Hüseyn də istefa verib. İlham Hüseyn isə paylaşımında Asif Yusiflinin istefasından sonra cəsarətlənərək bu addımı atdığını açıqlayıb: "Artıq mən bu yolu bitirirəm, düşünürəm ki, bizdən sonra yeni üzvlərə şans vermək vaxtıdır. Asif Yusiflinin istefası məni bu addımı atmağa cəsarətləndirdi. Biləsiniz ki, müxalif mövqeyimdə qalıram, sadəcə, AXCP-dən istefa verdiyimi bəyan edirəm. Hər birinizə uğurlar. İstefa vermək özü bir mədəniyyətdir". Ümumiyyətlə, son günlər partiyadan istefalar çoxalıb. Görünür, proses hələ bir müddət davam edəcək. Ekspertlər də vurğulayıblar ki, Əli Kərimli üçün boykot adi siyasi normaya çevrilib. Onun rəhbərliyi dönəmində partiya demək olar ki, heç bir seçkidə iştirak etməyib. Politoloq Əlisahib Hüseynov "Sherg.az"a vurğulayıb ki, Azərbaycanda siyasi partiyalar seqmentində istefa mədəniyyəti oturuşmalıdır. Bələdiyyə, parlament, prezident seçkilərində illərdir heç bir uğur qazana bilməyən partiyaların sədrləri, təmsilçiləri istefa verməyi, siyasətdən vaxtında çəkilməyi bacarmalıdırlar: "Bu, həmçinin son illərdə davamlı olaraq bütün seçkilərdə “boykot” taktikasına üstünlük verən, öz uğursuzluğunu bu yolla ört-basdır edən AXCP sədri Əli Kərimliyə də aiddir. 25 ildir partiyadaşlarını müxalifət “qatar”ında öz ardınca daşıyan, lakin onları uğur ünvanına çatdıra bilməyən və necə deyərlər, müxalifətdə qocalan Əli Kərimli sədrlik postunu öz monopoliyasına keçirib və alternativsizlik prinsipi ilə yoluna davam edir. Əli Kərimli AXCP sədrliyinə özündən başqa heç kimin alternativliyini qəbul etmir və hətta qurultaylarda da onun partiya sədrliyinə namizədliyi bir qayda olaraq alternativsiz gerçəkləşir. Başqa sözlə desək, Əli Kərimli özünü sıravi cəbhəçilərin “büt”ünə çevirib. Bütlər isə heç vaxt istefa vermirlər. İlqar Məmmədovun istefa nümunəsi Əli Kərimlinin “büt”lük erasına son qoya bilər. AXCP-nin ciddi rəqiblərindən biri sayılan REAL-ın sədri könüllü istefa verirsə, bu, Əli Kərimliyə də ciddi siqnaldır". Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da feysbuk səhifəsində məsələyə münasibət bildirib. Onun sözlərinə görə, partiya daxilində baş verənlər onu göstərir ki, AXCP-nin seçkilərdə iştirak etməməklə bağlı qərarı kollegial deyil, yalnız bir nəfərin istəyinə uyğun şəkildə baş tutub: "Yəni AXCP-nin seçkilərdə iştirak etməməklə bağlı qərarını bu partiyanın Rəyasət Heyəti, yaxud Ali Məclisi deyil, birbaşa Əli Kərimli, özü də təkbaşına verib. Sonrakı proseslər də onu göstərdi ki, AXCP adından verilən qərarlar, bəyanatlar yalnız bir nəfərin maraqlarına xidmət edir və çoxluq "iştirak etməmək" qərarı ilə razı deyil. Məhz bu səbəbdəndir ki, bir neçə cəbhəçi müstəqil şəkildə seçkilərə qatıldı, sosial şəbəkələrdə seçkilərdə iştirak etməmək qərarına etiraz etdi, hətta istefalar oldu. Məsələn, Əli Kərimlinin müavini Seymur Həzi özündə cəsarət tapıb AXCP adından verilmiş qərarı tənqid etdi, hətta "yenidən düşünməliyik" mesajını belə verdi. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusiflinin istefa verməsi hadisələrin kuliminasiyası oldu. Reallıq ondan ibarətdir ki, Əli Kərimlini hər bir davranışı ilə dəstəkləmiş Asif Yusiflinin istefası AXCP-nin ciddi dəyişikliklərin astanasına daxil olmasına işarədir. Demək, AXCP artıq rəsmən parçalanır: - Bir tərəfdə Əli Kərimli-Fuad Qəhrəmanlı cütlüyü, digər tərəfdə isə haqqı olan sədrliyi almaq üçün səbr edən Seymur Həzi və gənc tərəfdarları. AXCP-ni isə qarşıda Qurultay gözləyir. Əli Kərimli AXCP-ni məhv etməmək üçün Qurultay öncəsi istefa verməlidir". Geri qayıt |