Əsas Səhifə > Partiya, Güney Press > “Mən Qənirə xanımın fikirlərini tamlığı ilə dəstəkləyirəm"
“Mən Qənirə xanımın fikirlərini tamlığı ilə dəstəkləyirəm"23-04-2014, 11:10 |
Milli Məclisin son iclasında çıxış edən deputat Qənirə Paşayeva ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlər istəyib. Deputat deyib ki, cəbhə zonasında ermənilər Azərbaycan kəndlərini tez-tez atəşə tutsa da, sakinlər öz yaşayış yerlərini tərk etmirlər. “Buna görə də həmin kəndlərin sakinlərinə bəzi məsələlərdə güzəşt edilməsi faydalı olardı”. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən millət vəkili Fazil Mustafa həmkarının fikirlərini təsdiqləyərək bildirib ki, doğrudan da Qənirə Paşayevanın irəli sürdüyü fikirlər dövlət tərəfindən nəzərə alınmalıdır: “Mən Qənirə xanımın fikirlərini tamlığı ilə dəstəkləyirəm. Çünki cəbhə bölgəsində yaşayan insanların narahatlıqları, problem və qayğıları çox böyükdür. Təbii ki, bu baxımdan onlara dövlət tərəfindən güzəştlər olmalıdır. Bu məsələyə mən də hər cür dəstək verməyə hazıram. Ən azından onlara səhiyyə, təhsil xidmətlərində güzəştlər edilməlidir. Ümumilikdə Qənirə Paşayevanın irəli sürdüyü təşəbbüsü yüksək qiymətləndirirəm”. Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva parlamentin iclasında cəbhə bölgələrinin vətəndaşları üçün aşağıdakı təklifləri səsləndirib: 1. Ali məktəblərə daxil olan tələbələr bütün ödənişli təhsildən azad olunsun. 2. Kommunal xidmətlərdə güzəştlər olunsun. 3. İş yerləri quran insanlar tamamilə vergidən azad olunsun. 4. Bərpa agentliyi dağıdılmış evlərin bərpa olunması işini sürətləndirsin. 5. Hədəf altında olan evlərə müdafiə divarları tikilsin. 6. Sosial yardımların təyin edilməsində ön cəbhə kəndlərinə güzəştlər edilsin. Geri qayıt |