Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədrindən İlham Əliyevə məmurlarlarla bağlı açıq məktub
Partiya sədrindən İlham Əliyevə məmurlarlarla bağlı açıq məktub28-04-2014, 12:02 |
Son günlər mətbuat və sosial şəbəkələrdə yer almış məmur övladlarının harınlığı ilə bağlı məlumatlar ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Məmurlar və yaxud onlara yaxın şəxslər qanunsuz yollarla mənimsədikləri vəsaitə və cəzasızlıq mühitinə güvənərək cəmiyyətə qarşı həqarət nümayiş etdirirlər. Məsələ ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident! Hadisələrin ilk siqnalı Quba rayonunun icra başçısının qubalılar haqda işlətdiyi kobud fikirlərdən sonra gəldi. Bənzər olay bir qədər sonra İsmayıllı rayonunda təkrarlandı. Yenə də hadisənin katalizatoru rolunda komandanızın artıq sabiq üzvünün ailə təmsilçiləri iştirak etmiş oldular. Məmur övladlarının və qohumlarının harınlığı müxtəlif formalarda davam etməkdədir. Sosial şəbəkələrdə sərvətlərin nümayişindən başlamış müxtəlif şəkildə “kütlədən” fərqlənmə təşəbbüsləri cəmiyyətimizi bütövlükdə qıcıqlandırır. Bu hadisələrin heç biri məni şəxsi zəmində narahat etmir. Problemin ictimai-siyasi fəsadları ölkəmiz üçün ağır nəticələnə bilər. Qudurğanlığın qabarıq nümunələri ölkədə qazilərin özlərinə qəsdi, şəhid ailələrinin ağır güzəranı, təqaüdçülərin gündəlik dolanışıq çətinlikləri və s. çatışmazlıqlar fonunda baş verdiyindən, dövlətin etimad dayaqları zədələnir. Siz komandanızın üzvlərini həddən ziyadə varlandırmısınız. Bu Sizin idarəçilik üslubunuzdur, bunda işim yox. Yaxşısı da, pisi də Sizindir. Pulun hakimiyyətinin üstünlüklər yaratmaq qədər də, insan təfəkkürünü pozmaq qabiliyyəti var, xüsusən cəzasızlıq şəraitində. Əminəm ki, bu sadə həqiqəti bilməmiş deyilsiniz. Ölkənin geopolitik nöqteyi-nəzərdən təhlükəli mərhələyə qədəm qoyduğu şəraitdə belə eybəcər nümunələr toplumu daxildən aşındırır, vətəndaşın dövlətə inamını tükədir. Hələ torpaqların işğal altında olduğu, yeni təhlükələrin isə yarandığı dövrdə hakimiyyət mənsublarının həqarəti ən vacib məqamlarda bizə baha başa gələ bilər. Sizin cavabdehi olduğunuz iqtidarın yetirmələrinin adrenalin çatışmazlığı və axtarışları komandanızın “yorğun”luğundan xəbər verir. Cənab Prezident! Sizə iqtidarınız üçün riskli, lakin dövlətimiz üçün vacib olan islahat istiqaməti təklif etmək istəyirəm. Siyasi riskin qarşılığında dövlət maraqlarını üstün tutacağınız qənaətindəyəm. Bütün dünyada ilkin kapital yığımı qanunsuz yollarla həyata keçirilib - təxminən Azərbaycandakı kimi. Korrupsiyaya qarşı bəyan etdiyiniz mübarizənin effektivliyini artırmanın yolu qazanılmış vəsaitlərin rəsmiləşdirilməsi (maliyyə amnistiyası), onlara dövlət təminatının tanınması, gəlir və xərclər barədə deklorasiyaların tətbiqi kimi addımların atılmasını uyğun görürəm. Hesab edirəm ki, bu istiqamətdə qəbul olunacaq qanunlar ölkə iqtisadiyyatını sağlamlaşdırar, monopoliyalara son qoyar, ölkədən kapital axınının qarşısını alar, “kölgə”dən çıxan gizli iqtisadiyyatın ödədiyi vergi sayəsində büdcəni zənginləşdirər və yeni iş yerləri yaradar, ən vacibi isə dövlət idarəçiliyi ilə biznesi differensasiya edər. Bundan əlavə, büdcə talançılığı səngiyər, qazanılan maddi nemətlərin bərabər və ədalətli bölgüsünə zəmin yaranar. Hörmətli İlham bəy! Bizim partiya zənginliyə qarşı deyil, yoxsulluğa qarşı mübarizə aparan siyasi təşkilatdır. Eyni zamanda maddi zənginliyin halal yolla əldə edilməsinin tərəfdarıyıq. Təkliflərimiz Tərəfinizdən nəzərə alındığı təqdirdə, necə qazanılmasından asılı olmayaraq vəsait və mülkiyyətin halal elan edilməsi siyasi və sosial baxımdan cəmiyyətdə dayanıqlığa gətirər. Mülkiyyət toxunulmazlığı və əminlik hər yerdə olduğu kimi Azərbaycanda da dövlətin sabitlik qarantı ola biləcək, heç bir siyasi təlatümdən asılı olmayan orta təbəqənin və biznes elitanın rəsmiləşmiş təbəqə olaraq formalaşmasına gətirə bilər. İnanıram ki, dövlətin cibinə girmə imkanları məhdudlaşdıqdan və maliyyə fəaliyyəti şəffaflaşdıqdan, hamının qanun qarşısında bərabərliyindən, cinayətə - xüsusən iqtisadi qanun pozuntularına görə cəzaların tətbiqindən sonra belə yaramaz nümunələrin sayı azalacaq.” Geri qayıt |