Əsas Səhifə > Partiya, Güney Press > Müsavatın ləngiyən qurultayının taleyi necə olacaq?

Müsavatın ləngiyən qurultayının taleyi necə olacaq?


8-05-2014, 11:44
Müsavatın ləngiyən qurultayının taleyi necə olacaq?
Müsavat Partiyası 2010-cu ilin yanvar ayında qurultay keçirilməsi haqda qərar qəbul edib. Qərara görə, qurultay həmin ilin dekabr ayında keçirilməli idi. Amma Bakı Şəhər İcra Hakimiyyəti uyğun yer ayırmayıb deyə bu günədək qurultay keçirilməyib.

Müsavat Partiyası bu il yenidən rəsmilərə üz tutaraq mayın 24-də qurultay keçirmək istəyini açıqlayıb. Partiya başqanı İsa Qəmbər fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək qurultayın keçirilməsi üçün 700-800 nəfərlik yer ayrılmasını xahiş edib. Məktuba heç bir cavab verilmədiyi üçün partiya məhkəməyə müraciət edib. Şikayətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Partiyaya qurultayın keçirilməsi üçün heç bir halda yer ayrılmazsa, nə addım atılacaq?

Müsavat Divanının üzvü Vurğun Əyyub “Media forum”a deyib ki, heç bir halda uyğun yer verilməsə, məsələ qurultaya hazırlıq komitəsində müzakirə ediləcək, qərar veriləcək: “Dəfələrlə partiyanın qurultayını keçirmək üçün özəl məkanlara müraciət etmişik. Əvvəlcə razılaşıb, sonra hakimiyyətin təzyiqi altında üz çeviriblər. Niyə özünü hüquqi bir dövlət hesab edən ölkədə hakimiyyət partiyaya nizamnaməsinə uyğun qurultay keçirməyə şərait yaratmır? Niyə YAP, hakimiyyətə yaxın olan başqaları istədiyi yerdə tədbir keçirir, Müsavat Partiyasının bu imkanı yoxdur?”

Müsavat Divanının üzvü Nüşabə Sadıxlı hesab edir ki, bütün maneələrə baxmayaraq partiya öz qurultayını layiqli şəkildə keçirməlidir: “Görün necə bir cəmiyyətdə yaşayırıq ki, 100 illik tarixi olan bir partiyaya yer verilmir, qurultayını keçirə bilmir. Hər dəfə təşkilat komitəsi yığışır, fikir mübadiləsi aparılır, çıxış yolu axtarırıq. Hətta orta ölçülü yer ala bilmirik. Düşünürəm ki, Müsavat Partiyası qurultayını özünə layiq yerdə keçirməlidir. Partiya israrla iqtidarın üstünə getməlidir. Onlar bizi qovduqca, biz də qaçdıqca vəziyyət daha da pisləşir.

Yəqin ki, piketlər olacaq, etirazımızı bildirəcəyik. Özlərinin dediyi kimi, normal, sivil bir dövlətdə yaşayırıqsa, əvvəl-axır yer verməlidirlər. Uzun müddət mitinqlər keçirmək üçün də yer verilmirdi. Sonra bu məqsədlə “Məhsul” stadionu kimi məqbul variant təklif olundu”.

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli qurultaya hazırlıq üzrə təşkilat komitəsində bir neçə variantın müzakirə edildiyini bildirib: “Çadır quraraq və ya qərargahın qarşısında yer ayrılaraq qurultay keçirilməsi təklifləri irəli sürülüb. Müraciət etdiyimiz kommersiya obyektləri birmənalı şəkildə bildirir ki, hakimiyyətdən icazə alın, sonra tədbirinizi keçirin. Partiya mayın 24-də qurultay keçirilməsi haqda qərar verib. Bakı Şəhər İcra Hakimiyyəti yəqin ki, həmin tarixə qədər cavabını ləngidəcək. Əgər cavab verilərsə, dərhal qurultay keçiriləcək. Əksinə olarsa, yenə təkliflər müzakirə ediləcək. İstənilən halda may ayında bu məsələyə yenidən qayıdılacaq”.

Geri qayıt