Əsas Səhifə > Partiya, Güney Press > Əli Əliyev Amerika səfirinin müdafiəsinə qalxdı

Əli Əliyev Amerika səfirinin müdafiəsinə qalxdı


21-05-2014, 11:53
Əli Əliyev Amerika səfirinin müdafiəsinə qalxdı
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində Azərbaycan hakimiyyətinin ABŞ-ın ölkəmizəki səfiri Riçard Morninqstara qarşı başladığı kampaniyanı pisləyən məzmunlu yazı ilə çıxış edib.

DİA.AZ moderator.az-a istinadən Ə.Əliyevin həmin yazısını təqdim edir:

“ABŞ səfiri Riçard Morninqstarın verdiyi son müsahibə hakimiyyəti bütövlükdə məhvərindən çıxara bilib. Son illərdə hakimiyyətin belə monolit həmləsini yada sala bilmirəm. Hafizəm məni yanıltmırsa, buna bənzər isteriya "Sürix sazişi" zamanı baş vermişdi. O zaman da iqtidarımız ritorikadan tutmuş uca Türkiyə bayrağına qədər həqarət nümayişi sərgiləmış oldu. İndi də hökümətin siyasi patrondaşından kimin azca da olsa barıtı varsa, hamıni işə salıb.

Baş verənlər bir daha göstərir ki, Azərbaycan hakimiyyətinin əsas məqsədi dövləti gücləndirmək, onun strateji hədəflərini ayarlayıb ona doğru getmək deyil. İqtidar mənsublarının əsas hədəfi bir çox hallarda tutduqları kürsüyə biznes platforması kimi baxaraq, mövqeləri (oxu:qazancı) qorumaqdır.

Bu dəfə xeyli adam öz aləmlərində təşkil olunmuş kampaniyada "cəsarət" nümayiş etdirib cənab Morninqstara, onun timsalında isə nəhəng ABŞ-a hücuma keçdilər. Nəhəng ifadəsini təsadüfən işlətmədim. ABŞ həqiqətən dünyanın siyasi, iqtisadi, maliyyə, elmi, hərbi və s. sahələrinin nəhəngidir.

Faktlara diqqət yetirək: Öz rıçaqlarına istinad edən ABŞ bütün beynəlxalq təşkilatlarda söz sahibi, müttəfiqləri ilə birlikdə dünya düzəninin bərqərar olmasında həledici instansiyadır. Son Ukrayna hadisələri də göstərir ki, kimin nə deməsindən asılı olmayaraq, ABŞ Avropa Birliyini yanına alaraq özünə qoyulmağa həvəsi olmayan Rusiyanı təbii ölçülərinə qaytarır. Rusiyanın qoşunlarını bu gündən başlayaraq, Ukrayna sərhədlərindən geri çəkməsi, cənub və şərq vilayətlərində separatizmə seyrçi qalması və nəhayət Çinə sığınması Qərb koalisiyasının ağırlığındandır.

ABŞ-ın iqtisadi göstəricilərinin miqyasını göstərmək üçün bir çox rəqəmlərə istinad etmək olar. Lakin onların hamısını sadalamaq çox vaxt aparar. ÜDM göstəricilərinə, istehlak olunan enerjidaşıyıcıların miqdarına görə ABŞ dünya lideridir. Dünya iqtisadi göstəricilərinin indekslərinin hər gün Nyu-York birjasında formalaşdığını, dünyada neftin qiymətinin ABŞ dövlət agentliyinin ehtiyatlar haqda açıqlamasından asılılığını bilməyən iqtisadçı yoxdur.

Azərbaycanın ABŞ-la müqayisədə miqyasını göstərmək üçün bir anologiya gətirmək istəyirəm. Bizim dövlət büdcəmiz cari ildə 18 mlyd. manat civarındadır, təqribən 22 mlyd ABŞ dolları qədər. Nyu-Yorkda fəaliyyət göstərən orta səviyyəli ticarət şirkətlərinin illik dövriyyəsi 50 mld. ətrafındadır.

Maliyyə sektoru ABŞ-ın onurğa sütunudur. Olduqca geniş təhlil tələb edən bu sfera haqda 1 rəqəm nəzərə çatdırıram. Yalnız JP Morqan bankının aktivləri 2 trilyon dollar miqdarında dəyərləndirilir. Bu müqayisəolunmaz dərəcədə fantastik rəqəmdir.

ABŞ-ın elmi potensialına qiymət vermək üçün hər il elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının əksəriyyətinin adıçəkilən dövlətdə elmi fəaliyyətlə məşğul olması faktı yetərlidir.

ABŞ-ın hərbi gücü barədə danışmaq isə artıqdır. Dünyada hərbə ən çox pul xərcləyən bu dövlətin hərbi büdcəsi 711 mlrd. ABŞ dollarıdır. Bizim dövlət büdcəmizdən təqribən 32 dəfə, hərbi büdcəmizdən isə təqribən 300 dəfə çoxdur. İraq hərbi kampaniyası dövründə ABŞ-ın favoritliyi ilə bizim illik hərbi büdcəmizin ekvivalenti hər həftə xərclənirdi. Yəqin bundan sonra ABŞ-Azərbaycan müqayisəsində şərhə ehtiyac yoxdur.

Bunları yazmaqda məqsədim özümüzü küçümsəyib başqasını qaldırmaq deyil. Mən dövlətimizin çıxarlarının müəyyənləşdirilməsində impulsiv deyil, praqmatik seçimin edilməsinin tərəfdarıyam. Ola bilər kimlərsə cənab Səfirin müsahibəsində öz şəxsi maraqlarına, siyasi bağlarına təhlükə duyub. Şəxsi istəkdən qaynaqlanan belə mövqe dövləti maraqlara heç bir halda ziyan vurmamalıdır.

Siyasi fəaliyyətim dövründə Azərbaycanın milli maraqlarını proritet bildiyimdən heç kəs məni və rəhbərlik etdiyim siyasi təşkilatı başqa maraqlara xidmətdə suçlaya bilməz. Bu günə qədər nə mən, nə də sədri olduğum Vətəndaş və İnkişaf Partiyası xarici qaynaqlardan 1 sent belə almayıb və İnşalah, almayacaq da. Ona görə ifadə etdiyim mövqenin yalnız anlayışımızdan irəli gəldiyini bildirirəm. Eyni zamanda bəyan etdiklərimizin də həqiqətin son instansiyası olmadığını bildirir və dediklərimizdə haqlı olduğumuz qənaitindəyik.

Düşünürük ki, Morninqstarın bu gün sərgilədiyi mövqe ən doğru mövqedir. Səfir tutduğu mərkəzçi mövqe ilə təəssüf olsun ki, təkcə iqtidarın deyil, həm də müxalifətin bir hissəsinin hədəfindədir. Belə ki, o Azərbaycanın instusional inkişafa doğru irəliləməsinin təşəbbüskarı, bu yolun isə təkamüllə qət edilməsinin tərəfdarı kimi çıxış edir. Müxalifət nümayəndələri ilə görüşü zamanı mətbuatda deyə bilmədiyim bir sıra strateji məsələlərə onun münasibətini milli maraqlarımıza daha çox cavab verdiyinin şahidiyəm. Morninqstarın hakimiyyətin amorfluğu, islahatların olmadığı şəraitdə Maydana bənzər hadisələrin törənəcəyi anonsu ciddi siqnallardır. Hakimiyyət fərqindədir ki, ABŞ nümayəndəsinin belə mövqeyinin arxasında nələr dura bilər.

Hakimyyət ən yaxın keçmişi unutmamalıdır. Ötən il prezident seçkilərinin gedişində "monolit" olmayan hakimiyyətin daxilindən də Rusiya planlarına verilən dəstəyə sipər məhz cənab Morninqstarın təmsil etdiyi dövlət ola bildi. Unutmayın ki, məhz onun tövsiyəsi ilə ötən il 31 may tarixində Əli Əhmədovla görüşdən sonra YAP-ın qurultayının vaxtı dəyişdirildi. Mənim fikrimcə, bu görüş ötənilki Rusiya böhranının söndürülməsində həledici rol oynadı. Sizin hakimiyyətin qorunub saxlanmasında, bizim üçün dövlətin Rusiya hədəfindən yayınmasında belə xidməti olmuş bir şəxsə hücumların təşkili nə dərəcədə ədalətli və adekvatdır? Kommunist dövrünün ruhunda təşkil olunan bu kampaniyaların rusiyameylli bəyanatların fonunda həyata keçirilməsi içimizdə bir narahatlıq yaradır.

Yeri gəlmişkən, ölkə başçısının Vyetnama və Çinə səfəri, bu səfərlərin Putin marşrutuna uyğunluğu, ABŞ və Qərb əleyhinə verilən bəyanatlrın motivi iqtidar daxilində yeni cərəyandan xəbər vermir ki?

O ki, qaldı Morninqstarın hədəfə alınmasına, düşünmürəm ki, belə ucuz kampaniyalar qocaman diplomatın huyuna təsir göstərsin. ABŞ nəhəng dövlətdir. Onunla dost olmaq Azərbaycanın dövlət maraqlarına uyğundur”.

Geri qayıt