Əsas Səhifə > Partiya, Güney Press > “Vaqif Axundov xahiş etmişdi ki, Əbülfəz Elçibəy Prezident Aparatında olanda bura gəlib-getmə”
“Vaqif Axundov xahiş etmişdi ki, Əbülfəz Elçibəy Prezident Aparatında olanda bura gəlib-getmə”2-06-2014, 11:09 |
Milli Qvardiyanın keçmiş komandiri, Birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə prezident Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olan polkovnik Əzizağa Süleymanov 4 iyun qiyamında da Gəncəyə göndərilən güc strukturun tərkibində olub. Moderator.az onun silsilə xatirələrinin təqdimatına başlayır: Əvvəli moderator.az/?xeber=47148 ...Başda Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirov olmaqla 151 nəfər qvardiyaçı Gəncə ətrafında yerləşən Seyfəli adlanan hərbi təlim mərkəzində yerləşdirilmişdi. Qvardiyaçıların hansı dövlət tapşırığı yerinə yetirməsi barədə bizə məlumat verilmirdi. Alay komandirinin əvəzinə onun birinci müavini mayor Həsənov Abdulkərim İbad oğlu qalmışdı. Mən alayın kadrlar şöbəsinin rəisi olmaqla bərabər həm də alayın qərargah rəisinin vəzifəsini icra edirdim. Həmin gün Milli Qvardiya üzrə cavabdeh təyin edilmişdim. “Spartak” stadionunda qalan alayın qvardiyaçıları mənə yaxınlaşıb, məndən qvardiyanın Gəncəyə nə məqsədlə getdiklərini soruşsalar da onlara bir cavab verə bilmirdim. Onlardan biri də Taleh Qasımov və Nemət Babayev idi. Nemət Babayevin bəzi məsələlərdən xəbəri var idi. Onunla çox vaxt bir çox məsələri müzakirə edirdik. O çox savadlı zabit idi. Mən ondan heç vaxt sirr gizlətmirdim. Onlar məndən Qvardiyanın Gəncəyə nə üçün getdiyini soruşanda onlara bildirmişdim ki, nə səbəbə getdiklərini dəqiq bilməsəm də bir onu dəqiq bilirəm ki, 3 gündən sonra Qvardiyanı bu komandirlər Surət Hüseynova təhvil verəcəklər. Nemət Babayev gülə-gülə “sənin ağzından qan iyi gəlir”- deyə məndən uzaqlaşmışdı... Milli Qvardia üzrə cavabdeh olduğum üçün əlimə düşən bu fürsətdən istifadə edib qaravul xidmətini yoxlamaq bəhanəsi ilə Prezident Aparatına getmişdim. Milli Qvardiya döyüşçülərinin alay komandiri tərəfindən Gəncədə Surət Hüseynova təhvil veriləcəyi barəsində əldə etdiyim məlumatı birbaşa prezidentə çatdırmaq istəyirdim. Mən Prezident Aparatına çatanda saat təxminən 23 radələri idi. Prezident Əbülfəz Elçibəy prezident iqamətgahından çıxmaq üzrə idi. Onu müşayət edən maşın karvanı Prezident Aparatının həyətində hazır vəziyyətdə durmuşdu. Əsl məqam idi. Allaha yalvardım ki, prezidentin mühafizə xidmətinin rəisi general-mayor Vaqif Axundov prezidentdən qabaq məni görməsin. Çünki o məndən xahiş etmişdi ki, Əbülfəz Elçibəy Prezident Aparatına gəlib- gedən zaman sən bura gəlmə. Bilirəm o sənin xətrini çox istəyir. Prezident Aparatının həyətində onunla görüşmək etika qaydalarına uyğun deyil. O dəfələrlə prezidentin mənimlə görüşməsinin şahidi olmuşdu. Ancaq məcbur idim ki, prezidentlə görüşüm. Prezidentə deyəcəklərimi Vaqif Axundova deyə bilməzdim. Prezidentdən qabaq onun mühafizəsində xidmət edən onun bacısı oğlu baş leytenant Mərdan Hüseynov həyətə çıxmışdı. O məni tanıyırdı, məni görən kimi yaxınlaşıb görüşdü. Ona bildirdim ki, prezidentlə görüşmək istəyirəm, ona deyiləsi mühüm məlumat var. İndi şərait yarat onunla görüşməyə. Əgər görüşə bilməsəm prezidentə çatdır ki, Milli Qvardiyanın komandanlığı Gəncədə Milli Qvardiyaçıları Surət Hüseynova döyüşsüz təhvil verəcəklər. Mərdan dedi ki, prezident səni məndən yaxşı tanıyır. Yaxınlaş özün, səni görən kimi çağıracaq. Bu vaxt prezident Əbülfəz Elçibəy iqamətgahdan çıxdı. Onunla birlikdə iqamətgahdan çıxan onun mühafizə xidmətinin rəisi Vaqif Axundov ona nə barədəsə məlumat verirdi. Fikri Axundovda olan Əbülfəz Elçibəy məni görmədi. Maşına oturub çıxıb getdi. Mən Mərdan Hüseynova verdiyim məlumatı Əbülfəz Elçibəyə çatdıracağına əmin idim. Hər ehtimala qarşı həmin gün Prezident Aparatında Milli Qvardiyanın tərkibində xidmət aparan və prezident Əbülfəz Elçibəyin həyat yoldaşının bacısı oğlu olan Aydın Əliyevi qarovul xidmətindən azad edib, verdiyim məlumatı Mərdan Hüseynovun yadına salmaq üçün Mərdanın evinə göndərmişdim. Mərdan Hüseynovun həyat yoldaşı Aydın Əliyevin bacısı idi. 4 iyun 1993 cü il tarixində səhər saat 12 radələrində çox həyacanlı bir xəbər verildi. Milli Qvardiyanın şəxsi heyəti başda Milli Qvardiyanın qərargah rəisi Taryel Nəsirov olmaqla Surət Hüseynovun silahlı dəstəsinə müqavimətsiz təslim olublar. Təcili Gəncəyə yeni qüvvə göndərmək lazımdır. Bu xəbəri eşidən alay komandirinin birinci müavini, alay komandirinin yerinə qalan mayor Abdulkərim Həsənov özünü xəstəliyə vurub qaçıb gizləndi. Milli Qvardiya komandanı Tahir Məmmədov onu axtartsa da tapa bilməmişdi. Məni “Spartak” stadionunda yerləşən Milli Qvardiyanın qərargahına komandanın yanına çağırmışdılar. Komandanın yanına gedib gəlişim barədə məruzə etmişdim. O elə bir vəziyyətədə idi ki, bıçaq vursaydın qanı çıxmazdı. Mənə birbaşa demişdi ki, xəbərin var, oğraşlar qvardiyanı Surətə təhvil veriblər. Sənin bu barədə əvvəlcədən xəbərin olub. Prezident Aparatına gedib xəbər vermisən, amma mənə deməmisən. Bu acı xəbəri eşidəndə tutulmuşdum. Komandana söyləmişdim ki, Siz neçə gündür qvardiyanın qərargahına gəlmirsiniz. Sizi çox axtarsam da mənə yerinizi deyən olmadı. Məcbur olub Prezident Aparatına gedib, prezident Əbülfəz Elçibəyin yaxın qohumu, həm də şəxsi mühafizəçisi olan Mərdan Hüseynova bu barədə məlumat vermişəm. Düz deyirsiniz. Bu söhbətdən sonra Tahir Məmmədov mənə söyləmişdi ki, alay komandirinin müavini Abdulkərim Həsənov qaçıb gizlənib. Buranı da sənsiz qoymaq istəmirdim. Lakin ölkə prezidentinin şəxsi göstərişi əsasında sən bir dəstə qvardiyaçı ilə Gəncəyə getməlisən. Gəncə şəhərində Surət Hüseynov qvardiya komananlığı ilə bərabər bir neçə dövlət rəhbərliyində olan adamları həbs etdirib. Onları azadetmə əməliyyatına sən rəhbərlik etməlisən. Bu, prezidentin şəxsi tapşırığıdır. Gəncədə vəziyyət həddindən artıq ağırdı. Məcburam özüm də ora gedim. Mən indi vertolyotla Gəncəyə gedirəm, sən isə 70 nəfər qvardiyaçı götür hava limanına apar. Oradan Gəncəyə uç. Sizinlə birgə OMON-un şəxsi heyyəti də gedəcək, təyyarə saat 16-da yola düşür. Səni Gəncədə gözləyirəm. Sizi Gəncədə qarşılayacaqlar. O mənimlə xudahafizləşib, özü ilə 4 nəfər Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin üzvləri olan Əliyev Əlizadə Siyasət oğlunu, Əsgərov Pünhan Sanqan oğlunu, Abbasov Laçın Məmmədəli oğlunu, Hüseynov Firdövsi Həsən oğlunu götürüb Zabrat hava limanına vertolyotla Gəncəyə uçmaq üçün yola düşdü. Eşitdiymə görə həmin gün Tahir Məmmədovla bərabər xalq cəbhəsinin üzvləri olan Ülvü və Cahandar adlı şəxslər də həmin vertolyotla Gəncə şəhərinə uçmuşlar. Onları əvvəlcədən verilmiş məlumata əsasən Gəncə hava limanında Gəncə şəhər icra aparatının nümayəndəsi maşınla qarşılamalı olsa da, hava limanına heç kim gəlməmişdi. Tahir Məmmədov Gəncədəki hava limanı rəhbərliyindən Gəncə şəhərinə getmək üçün maşın tələb etməsindən bir qədər vaxt keçəndən sonra kim tərəfindənsə onları şəhərə aparmaq üçün bir PAZ avtobusu göndərilmişdi. Həmin avtobusla Tahir Məmmədov və onunla birlikdə olan adamlar Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərində Surət Hüseynovun yaşadığı evin yanında silahlı hərbçiləri görən avtobus sürücüsü avtobusdan düşərək qaçmışdı. Bu zaman Tahir Məmmədovla bir yerdə olan Ülvü və Cahandar adlı şəxslər də avtobusdan düşüb naməlum istiqamətdə yoxa çıxmışdılar. ( Bu faktın araşdırılmasını da tarixçilərin öhdəsinə buraxıram.) Avtobus sürücüsünün qaçdığını görən qvardiyaçı Əsgərov Pünhan tez avtobusun sükanının arxasına keçərək onu sürüb Milli Təhlükəsizlik Nazirliyinin Gəncədəki inzibati binasının qarşısına gətirmişdi. 4 iyun 1993-cü il tarixdən Alayın şəxsi heyyət üzvləri, hərbi qulluqla əlaqədar olaraq alay komandirinin 132 saylı əmrinə əsasən Gəncə-Kəlbəcər bölgəsinə hərbi əməliyyatlarda iştirak etmək üçün ezam edildilər... Ardı var... Geri qayıt |