Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi artıq qapanıb

Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi artıq qapanıb


5-06-2014, 12:23
Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi artıq qapanıb
"Qarabağ" siyasi blokunun qarşıdan gələn bələdiyyə seçkilərində Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi artıq qapanıb. Bu barədə Trend-ə "Qarabağ" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib: "Bələdiyyə seçkilərində əməkdaşlıqla bağlı Müsavat Partiyası rəhbərliyi ilə şifahi söhbət etmişdik. Müsbət cavab olmayıb, onunla da qurtarmışıq. Biz kimisə niyə gözləməliyik və yaxud da kimsə bizi niyə gözləməlidir? Normal bir dildə dedilər ki, biz istəmirik. Bu baxımdan biz də təkrar deyə bilmərik ki, sən bunu bəyənməlisən".

Onun sözlərinə görə, "Qarabağ" bloku seçkilərdə müstəqil şəkildə iştirak edəcək.

Digər partiyalarla əməkdaşlıq məsələsinə gəlincə, S.Cəlaloğlu bu barədə danışmağın hələ tez olduğunu deyib: "Hələ bələdiyyə seçkilərinə zaman var. Bəlkə elə vəziyyət yaranacaq ki, başqa partiyalarla birgə gedəcəyik. Bələdiyyə seçkilərində resurslar böyük olduğuna görə, müxalifət arasında uzlaşma əldə etmək və seçkilərə birgə getmək yaxşı olardı. Amma deyə bilmərəm başqaları nə düşünür".

Qeyd edək ki, bir müddət öncə S.Cəlaloğlu Trend-ə bildirmişdi ki, "Qarabağ" siyasi bloku bələdiyyə seçkiləri ilə bağlı Müsavat Partiyasına şifahi qaydada əməkdaşlıq təklif etsə də, müsbət cavab almayıb. S.Cəlaloğlu növbəti dəfə təklifi Müsavat Partiyasından gözlədiklərini bildirmişdi.

Bələdiyyə seçkilərinin 2014-cü ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

Geri qayıt