Əsas Səhifə > Partiya, Güney Press > YAP-dan ABŞ-a sərt cavab: Bu, absurddur

YAP-dan ABŞ-a sərt cavab: Bu, absurddur


7-06-2014, 11:13
YAP-dan ABŞ-a sərt cavab: Bu, absurddur
Amerikanın ATƏT-dəki müşaviri Kristofer Robinsonun Azərbaycanı region üçün təhlükəli hesab etməsi ilə bağlı verdiyi bəyanata YAP-dan reaksiya gəlib.

YAP-çı deputat Aydın Mirzəzadə “Qafqazinfo” ya açıqlamasında Kristofer Robinsonun belə bəyanat verməsinin səbəbinin onun üçün aydın olmadığını bildirib: “Nəzərə alsaq ki, ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki demokratik inkişafı yüksək qiymətləndirib. Yəni bu gün Azərbaycan özünün dövlət quruculuğunu, vətəndaş cəmiyyətinin fəaliyyətini demokratik dəyərlərə uyğun qurur. Vətəndaşların hüquq və azadlıqları qorunur, Azərbaycanda açıq cəmiyyət, azad sahibkarlıq prinsipi mövcuddur. Azərbaycanın bu gün yeganə problemi qonşu Ermənistanın torpaqlarımızın bir hissəsini işğal etməsidir. Bu baxımdan Azərbaycanı region üçün təhlükə hesab etmək absurddur. Vətəndaşların hüquq və azadlıqlarına verdiyi qiymət isə bu şəxsin Azərbaycandakı vəziyyətdən bixəbər olduğunu göstərir. Azərbaycanda müxalif qəzetlər var, vətəndaşlar ölkəni sərbəst şəkildə tərk edə bilirlər. Hesab edirəm ki, ABŞ-ın ATƏT-dəki müşavirinin verdiyi bəyanat birincisi, onun səlahiyyətinə aid deyil. İkincisi isə, o Azərbaycandakı vəziyyəti ya bilmir, ya da ki bilərəkdən təhrif edir”.

Deputat vurğulayıb ki, ABŞ səfiri Riçard Morninqstar sonradan mətbuata verdiyi açıqlamada özünü Azərbaycanın dostu saydığını və burdakı inkişafı gördüyünü bildirmişdi: “Azərbaycan tərəfi isə səfirin verdiyi bəyanatı ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdi. Bununla da presedent aradan qaldırılmışdı. Bu gün isə Azərbaycanda olmayan bir şəxs fikir bildirməyə çalışır. Bir qayda olaraq bu ölkə ilə yaxından tanış olan səlahiyyətli şəxslər bəyanat verirlər. Digər tərəfdən isə nə səbəbdən ABŞ-ın ATƏT-lə münasibətlərinə cavabdeh olan şəxsin Azərbaycanla bağlı fikir bildirməsi qaranlıq qalır. Kimlərin ölkə haqqında fikir bildirməsindən asılı olmayaraq Azərbaycan demokratik cəmiyyət quruculuğunu inkişaf etdirmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam etdirir”.

Geri qayıt