Əsas Səhifə > Partiya, Güney Press > "Bu iki pariya arasındakı siyasi çəkişmələr elə həddə çatdı ki...”
"Bu iki pariya arasındakı siyasi çəkişmələr elə həddə çatdı ki...”13-06-2014, 12:14 |
Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyev son günlər aktuallaşmış yeni mövzu-müxalifətin yenidən bir araya gəlməsi məsələsinə Moderator.az-a açıqlamasında maraqlı şərh verib: “İndiki situasiyada müxalifət düşərgəsində böyük birliyin yaranacağı perspektivini görmürəm. Etiraf etməliyik ki, müxalifətin böyük birliyinin yaradılması üçün ilk öncə elektorat baxımından digər müxalifət partiyalarından güclü olan AXCP və Müsavatın səmimi olaraq bir yerdə olması vacibdir. Bundan sonra hansısa böyük birliyin yaradılması perspektivindən danışmaq olar. Təəssüflər olsun ki, 2013-cü il prezident seçkilərindən sonra bu iki partiya arasında olan siyasi çəkişmələr elə bir həddə qədər inkişaf etdi ki, indi onlar nəinki bir yerdə olmağı, əksinə, hətta adlarının bir yerdə çəkilməsini özlərinə sığışdırmırlar. Belə bir vəziyyətdə müxalifətin böyük birliyindən danışmaq yersizdir. Biz partiya olaraq 2013-cü il prezident seçkilərindən sonra da müxalifətin yeni birliyinin yaradılmasına təşəbbüs göstərmişik. Amma bu təşəbbüslər havadan asılı vəziyyətdə qalıb. Müxalifətin yaxın perspektivdə böyük birliyinin yaradılması iki halda mümkün görünür. Birincisi, Azərbaycanı Avrasiya İttifaqına qoşmağa cəhd edən Rusiyanın ölkəmizə qarşı təzyiqləri artarsa. Bu hadisə baş verərsə nəinki müxalifətin, hətta hakimiyyətdə olan mütərəqqi qüvvələrlə müxalifətin birliyi yarana bilər. Çünki hamı eyni təhlükə ilə üz-üzə qalacaq. Eyni təhlükə ilə üz-üzə qalan qüvvələrin birlikləri daha möhkəm olur. İkinci hal isə 2015-ci il parlament seçkiləri öncəsi baş verə bilər. Yəni, Qərb və Avropa 2015-ci il parlament seçkilərinin azad və ədalətli şəkildə keçirilməsi üçün Azərbaycan hakimiyyətinə təsir göstərsə, seçkiqabağı situasiya, seçki qanunvericiliyi dəyişsə bu hal müxalifətin yeni keyfiyyətdə birləşməsinə stimul verə bilər. Bütün bunlarla yanaşı qeyd etməliyəm ki, Azərbaycan müxalifətinin bir yerdə olmamasının əsas səbəblərindən biri, bəlkə də birincisi liderlər arasında olan münasibətdir. Bu münasibətlər dəyişməsə, yaxşılığıa doğru heç nə dəyişməyəcək. Geri qayıt |