Əsas Səhifə > Partiya, Güney Press > "Elçibəyə dedim ki, belə getsə, siz 10 gündən çox bu kabinetdə otura bilməyəcəksiz"
"Elçibəyə dedim ki, belə getsə, siz 10 gündən çox bu kabinetdə otura bilməyəcəksiz"20-06-2014, 10:14 |
21 il ötsə də, 1993-cü il iyunun 17-də mərhum prezident Elçibəyin Kələkiyə getməsi ilə bağlı müzakirələr davam edir. 18 iyun 2014-cü il tarixli “Yeni Müsavat” qəzetində sabiq ölkə başçısının köməkçisi olmuş Oqtay Qasımov həmin olayla bağlı bir sıra məqamlara toxunub. O.Qasımov o dönəmdə yaranmış situasiyanın bəzi gerçəkliklərinə görə Elçibəyin Kələkiyə getməkdən savayı çıxış yolunun qalmadığını bildirib. O, misal olaraq 13 iyun 1993-cü ildə Rəhim Qazıyev, Etibar Məmmədov və Rəsul Quliyevin iştirakı ilə Müdafiə Nazirliyində keçirilmiş müşavirədə ordunun siyasi proseslərə qarışmaması barədə qərar verilməsi ilə eks-prezidentin faktiki olaraq müdafiəsiz qalmasını göstərib. Açıqlamada adı hallanan Rəhim Qazıyev Hafta.az-ın əməkdaşı ilə söhbətində sabiq prezident köməkçisinin hadisələri təhrif etdiyini söylədi. Onun sözlərinə görə, sözügedən müşavirə 1993-cü il iyunun 13-də yox, 17-də keçirilib. “Ondan 10 gün əvvəl isə mən eks-prezident Elçibəylə görüşüb ona xahiş etdim ki, gəlin. Mənimlə və İsmayıl Şıxlı, İmam Daşdəmirov və s. ilə birgə Gəncəyə gedək. Çünki oradakı qardaş qırğınında ölən də, öldürən də xalqımızın övladlarıdır, ermənilərə qarşı vuruşmuş qeyrətli balalarımızdır. Ancaq oraya nə siz, nə baş nazir, nə də spiker gedibdir. Təəssüf ki, Elçibəy Gəncəyə getməyin təhlükəli olduğunu deyərək razılaşmadı. Dedim ki, bəy, sizə yalan informasiya verirlər, orada heç kəs sizə güllə atan deyil, atsalar da, mən sinəmi qabağa verərəm. Elçibəy yenə razılaşmadı. Mən isə dedim ki, belə getsə, siz 10 gündən çox bu kabinetdə otura bilməyəcəksiz. Elə də oldu. Və ayın 17-də mən keçmiş müdafiə naziri və deputat kimi nüfuzumdan istifadə edərək, Rəsul Quliyev və Etibar Məmmədovla birgə MN-in akt zalında Baş Qərargahın aparıcı zabitləri ilə görüşərək onlara çatdırdım ki, parlamentin qərarı olmadan sizin heç bir kəsin əmri ilə döyüş gedən bölgələrdən qoşunları çıxarıb, daxili münaqişəyə qatmağa ixtiyarınız yoxdur. Sabah yeni torpaqlar işğal edilsə, siz cavabdehsiniz. Biz MN-dən çıxandan sonra Baş Qərargahdan prezidentə telefonoqram göndərilib ki, cənab prezident, biz sizin döyüş bölgələrindən qoşunları çaxarmaq barədə əmrinizi icra etməyəcəyik. Bundan xəbər tutan Elçibəy isə qəzəblənərək iyunun 17-dən 18-ə keçən gecə Kələkiyə yollanıb…”. Sonda sabiq müdafiə naziri bildirdi ki, əgər Oqtay Qasımov dediklərimlə razılaşmırsa, onu istənilən vaxtda, istənilən şəxslərin iştirakı ilə debata çağırıram. Geri qayıt |