Əsas Səhifə > Partiya, Güney Press > Siyasətçilərdən kimin proqnozu doğru çıxdı

Siyasətçilərdən kimin proqnozu doğru çıxdı


14-07-2014, 11:31
Siyasətçilərdən kimin proqnozu doğru çıxdı
Hafta.az-ın əməkdaşı 10 iyul tarixində Braziliyada keçirilən Dünya Çempionatının nəticəsi ilə bağlı bəzi siyasətçilərimizdən sorğu keçirmişdi.

Artıq Dünya Çempionatı başa çatdı və qalib bəllidir. Almaniya komandası Dünya Çempionatının qalibi olsa da, siyasətçilərimizin əksəriyyətinin öncəgörənliyi başqa söz demişdi. Belə ki, onlar hesab edirdilər ki, Braziliya komandası bu ilin qalibi olacaq. Sonda məlum oldu ki, adıçəkilən komanda hələ indiyə qədər qapısından bu Dünya Çempionatında buraxdığı qədər qol buraxmamışdı. Braziliya oyuncuları bizim siyasətçilərimizin arzularına hörmət etməyib, ümidlərini doğrultmadılar.

Beləliklə, siyasətçilərimizin hansının öncəgörənliyinin daha güclü olduğuna nəzər salaq.

İlk olaraq xatırladaq ki, ölməkdən qorxmayıb, futbola baxa bilməyəcəyindən qorxduğunu deyən Bakı şəhərinin meri Hacıbala Abutalıbov məsələyə çox diplomatik yanaşmışdı:

“Builki çempionatda da Braziliya millisinin çempion olacağını arzulasam da, Almaniyanın buna icazə verməyəcəyini düşünürəm”, - deyən merin proqnozu özünü doğrultdu.

Sorğumuzda iştirak edən millət vəkili Aqil Abbas da hələ bir ay öncədən bilirdi ki, Almaniya qalib olacaq:


“Təbii ki, bu il də Dünya Çempionatını böyük maraqla izləyəcəyəm. Braziliya futbolunu sevirəm. Bu ölkənin futbolundan böyük zövq alıram. Bu il də istərdim ki, azarkeşlik etdiyim ölkə qalib gəlsin. Ancaq hesab edirəm ki, bu il Dünya Çempionatının qalibi Almaniya yığması olacaq”.

Milli Şuranın sədri Cəmil Həsənli isə “oyunçu aparsın” prinsipinə üstünlük verdiyinə görə hesab edirik ki, onun üçün nəticənin fərqi olmayıb. Cəmil bəyin sözlərinə görə, əsas qalibin yanında olmaqdır:

“Vaxtım olanda futbola baxıram. Dünya Çempionatında isə xüsusi azarkeşlik etdiyim komanda yoxdur. Hansı komanda yaxşı oynayacaqsa, ona azarkeşlik edəcəyəm”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin azarkeşlik etdiyi komanda isə heç finalın “f” hərfinə belə yaxınlaşa bilmədi:

“İspaniyaya azarkeşlik edirəm və bu komanda qalib gələcək”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin komandası isə siyasətçimizin adına layiq oyun oynamayıb, qapısına 7 qol yedi:

“Təbii ki, Hafiz Hacıyev siyasətçi olduğu üçün ancaq bu sahəni izləməli deyil. Mən də əksəriyyət kimi futbolu izləyəcəyəm. Futbola baxmaq üçün hətta Braziliyaya da gedərdim. Dünya Çempionatı çox önəmli bir məsələdir. Braziliya komandasına azarkeşlik edəcəyəm. Hesab edirəm ki, bu komanda da qalib gələcək”.

Millət vəkili Zahid Oruc da Braziliyanın qalib gələcəyini desə də, onun öncəgörənliyi özünü doğrultmadı:

“Orta məktəb illərində hamı kimi mənim də futbola böyük marağım var idi. Hətta deyərdim ki, biz həmin zamanlar futbolla nəfəs alırdıq. Bu bəlkə də o dövrdə tək mənim deyil, bütün sovet xalqlarının, dünya insanlarının yaşadıqları hiss idi. Belə bir fikir var ki, futbol zövqü olmayan insanların müəyyən bir problemi var. Bu fikir hardasa doğrudur. Görünür, həyatımın sonrakı illərində siyasətlə məşğul olmağım, həyat baxışının dəyişməsi futbola olan sevgim üzərində də müəyyən dəyişikliklərə səbəb oldu. Buna görə də müntəzəm olaraq bütün futbol yarışlarını izləyə bilmirəm. Ancaq bunu Dünya Çempionatına aid etmək olmaz. Çünki 4 ildən bir keçirilən bu idman bayramı həqiqətən çox böyük ruh, yaxşı fəlsəfə yeni oyun üslubları təqdim edir. Bu yarışmada mən Braziliyaya azarkeşlik edəcəyəm. Braziliyada aksiyalar olmasına baxmayaraq, arzu edirəm ki, bunun futbola aidiyyəti olmasın. Bu ümidlə Braziliyanın da sonda qalib gələcəyinə inanıram”.

Uşaqlıqdan futbolu izləyən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının da “xəyalları suya düşdü”:

“Dünya Çempionatını izləməyə 1966-cı ildən etibarən başlamışam. Mənim həmişə favorit hesab etdiyim komanda Braziliya və Almaniya komandası olub. Düşünürəm ki, bu dəfə filanda Braziliya ilə Almaniya üz-üzə gələcək. Qalib komanda kimi isə Braziliyanı görürəm”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə futbolda əyləncə görməyənlərdəndir:

Fuad Qəhrəmanlı: “Futbola baxmadığım üçün Dünya Çempionatını da izləməyəcəm”.

Araz Əlizadə də həmkarı kimi futbolu sevməyənlər sırasındadır:

“Heç bir komanda mənə maraqlı deyil. Ümumiyyətlə, Dünya Çempionatını da izləməyəcəyəm”.

Beləliklə Almaniya-Argentina komandalarının qarşılaşdığı final oyununda birinci tərəf 1:0 hesabı ilə qalib gəldi. Siyasətçilərimizin isə əksəriyyətinin proqnozu özünü doğrultmadı.

Geri qayıt