Əsas Səhifə > Partiya, Güney Press > YAP Nizami rayon təşkilatında 700 bal toplamış abituriyentlərlə görüş keçirilib

YAP Nizami rayon təşkilatında 700 bal toplamış abituriyentlərlə görüş keçirilib


16-07-2014, 16:33
YAP Nizami rayon təşkilatında 700 bal toplamış abituriyentlərlə görüş keçirilib
Bu il qəbul imtahanlarında 700 bal toplayan Nizami rayonunun gənc zəkaları ilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında görüş keçirilib.
Onlara YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın təbrikləri və xoş arzuları çatdırılıb.
Bildirilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək balı - mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb. Onların ümumi sayı 7 nəfər olsa da, 3 nəfəri Nizami rayonu ərazisindəki təhsil ocaqlarının abituriyentləridir.
Məlumat verilib ki, Qurbanlı Könül Yusif qızı "Zəngi" litseyinin, İbrahimov Eltun Nazim oğlu "Kimya-biologiya" təmüyüllü respublika litseyinin və Hacılı Məmməd İsmayıl oğlu Azərbaycan Beynəlxalq Təhsil Kompleksi Beynəlxalq Dədə Qorqud litseyinin şagirdləri olublar.
Vurğulanıb ki, qəbul imtahanlarında ən yüksək nəticəni göstərmək hər bir abituriyent və onun valideynləri üçün qürur hissidir, böyük xoşbəxtlikdir. Eyni zamanda, 700 bal toplamış abituriyentlər təmsil etdikləri rayonun fəxri olmaqla yanaşı, rayon sakinlərinin də böyük rəğbətini qazanmış olurlar.
Görüşdə sevincini paylaşan Könül Qurbanlı deyib ki, əldə etdiyi nəticələrə və uğurlara görə müəllimlərinə və valideynlərinə minnətdardır. Təhsil aldığı "Zəngi" litseyinin rəhbərliyinin və müəllim heyətinin daim şagirdlərin mükəmməl təhsil almaları üçün səy göstərdiklərini bildirən Könül Qurbanlı əlavə edib ki, dövlətimizin təhsil sektoruna ayırdığı diqqət və qayğı şagirdlərin uğurlarının timsalında özünü göstərir.
Eltun İbrahimov isə qeyd edib ki, bu uğuru qazanacağına əmin idi. Orta məktəbdə oxuyarkən hər zaman yüksək nəticələr göstərdiyini vurğulayan Eltun İbrahimov deyib: "Qəbul imtahanında 700 bal toplayacağıma öncədən əmin idim. Qəbuldan öncə keçirilən sınaq imtahanlarında da yaxşı nəticələr göstərdiyimə görə 700 bal yığacağıma inanırdım. Düzdür, müəyyən tərəddüdlərim var idi. Amma qələbəyə əminlik sonda öz sözünü dedi".
Məmməd Hacılı da uğuruna əmin olduğunu bildirməklə ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitdən razılıq edib. Bildirib ki, dövlətimiz gəncərin inkişafı, onların yeni texnologiyalar, elmin yeni nailiyyətləri ilə yaxından tanışlığı üçün gözəl şərait və imkanlar yaradıb. Təhsil ocaqlarımız kompüterlərlə təchiz olunub, yüksək təlim-təhsil şəraiti mövcuddur: "Yüksək ixtisaslı, peşəkar müəllimlər mənə dərs deyib, öz müəllimlərimdən hər zaman razı olmuşam".
Sonda qazandıqları bu uğurlara görə oxuduqları məktəbin müəllim kollekivinə və yaradılan şərait üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq edən Nizami royununun fəxrləri gələcək abituriyentlərə də daha yaxşı oxumağı arzuladılar: "Hər bir şagird uşaq yaşlarından hazırlaşmalıdır. Çünki uğura aparan yol yaxşı oxumaqdan, bilikli olmaqdan keçir".
Valideynlər də öz növbələrində övladlarının bu böyük uğura imza atmaları ilə fəxr etdiklərini bildiriblər.
Görüşdə bir daha təhsildə göstərdikləri uğurlara görə, abituriyentlərə uğurlar arzu edilib və onlar ailələrilə birlikdə rayonda keçirilən iftar mərasiminə dəvət olunublar.

Geri qayıt