Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifət partiyaları öz zəifliklərini göstərməmək üçün seçkilərindən yayınır"

"Müxalifət partiyaları öz zəifliklərini göstərməmək üçün seçkilərindən yayınır"


21-07-2014, 13:24
"Müxalifət partiyaları öz zəifliklərini göstərməmək üçün seçkilərindən yayınır"
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bələdiyyə seçkiləri öncəsi ölkədəki siyasi ab-hava və müxalifətin imkanları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:


-İqbal bəy, bələdiyyə seçkiləri yaxınlaşsa da, müxalifətdə bir süstlük var. Bu passivliyin səbəbi nədir?

-Müxalifət siyasi proseslərin katalizatorudur. Maddənin özü deyil. Bəzən elə hesab edirik ki, hər şeyi müxalifət etməlidir. Amma əksinədir. Nə qədər ki, seçici prosesin içində deyil, müxalifət ölkədəki ictimai-siyasi prosesi sürətləndirə bilməz. Müxalifətin vəzifəsi başlayan prosesləri sürətləndirməkdir. Əgər aşağıdan yuxarıya doğru bir proses yoxdursa, müxalifət bu aktivliyi artırmaq üçün öz təşkilatları daxilində nə qədər iclaslar keçirib, müzakirələr aparsalar belə, bu heç nəyi dəyişməyəcək.

-Axı bu bir şansdır ki, siyasi partiyalarda bu yaranmış durumdan istifadə edib özünü cəmiyyətə təqdim etsin və bununla da siyasi aktivliyini təmin etsin. Digər tərəfdənsə bələdiyyə seçkilərinin ardınca parlament seçkiləri gəlir və bu seçkilər onlar üçün bir hazırlıq mərhələsi olardı.

-Müxalifətin bələdiyyələrə marağını artırmaq üçün ilk növbədə bələdiyyələrin statusu dəyişməlidir. Status dəyişərsə, o zaman bələdiyyə seçkilərinə maraq artar. 17 min vətəndaşın namizəd kimi iştirak etdiyi bir siyasi proses təbii ki, ictimai-siyasi aktivliyi artıra bilər. Amma gəlin görək bələdiyyələrin statusu varmı? Bələdiyyələrin statusu qəbir yeri verməkdən başqa bir statusu yoxdur. Ona görə də vətəndaş və siyasi partiyalar bu prosesdə iştiraka maraq göstərmir. Bələdiyyələrin statusunun az olması, onun fəaliyyətinə maneçiliklərin olması siyasi institutların zəif iştirakının səbəblərindəndir. Ona görə də təkcə bizim aktivləşməyimiz heç nəyi dəyişmir.

-Onda belə çıxır ki, ictimaiyyət özü aktivlik göstərənədək müxalifət gözləməli olacaq?

-Bir daha deyirəm ki, müxalifətin işi prosesi yetişdirmək deyil, istiqamətləndirmək və sürətləndirməkdir. Ona görə də düşünmürəm ki, vəziyyət dəyişməyənədək müxalifət siz dediyiniz istiqamətdə aktivliyi dəyişə bilsin. Bizim indiki məqamda gücümüz çatan budur ki, biz daxildə və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaqla Azərbaycanda siyasi, iqtisadi islahatların sürətləndsirilməsinə nail olaraq prosesi dayanmamağa qoymayaq.
Bəzən deyirlər 1990-cı ildə dünyanın ən fəal xalqı birdən- birə niyə belə passivlik nümayiş etdirir? Bunun sadə səbəbləri var. Qanunvericilik bazasında seçkilər elə səviyyədə keçirilir ki, vətəndaş seçkidə iştirak etmək istəmir və bu səbəbdən də ictimai aktivlik zəifləyir. Amma bununla belə hesab edirəm ki, müxalifət birləşərək birgə mübarizə apararsa vəziyyəti dəyişmək istiqamətində müəyyən işlər görmək olar. Əgər müxalifət bələdiyyə seçkilərində birləşməyi bacarıb, birgə namizədlər verərlərsə, proseslərin aktivləşməsinə ciddi təkan vermiş olarlar və mübarizə yeni keyfiyyət müstəvisinə çıxa bilər ki, bu da müxalifətin uğuru ilə nəticələnə bilər. Yəni müxalifət birgə 15 min namizəd irəli sürüb namizədliyini dəstəkləyərsə, o zaman proseslərin dinamikasında ciddi dəyişikliklər yaranar.
Ancaq çox təəssüflər olsun ki, müxalifətin daxilində belə təşəbbüs yoxdur və buna hazır deyil.

-Bəs bunun səbəbi nədi?

-Səbəbi çox sadə. Müxalifət təşkilatlarının böyük əksəriyyəti cəmiyyətə özlərini təqdim etdikləri kimi görünməməsidir. Yəni özlərini cəmiyyətə siyasi güc kimi göstərmək istəyən partiyaların əslində sayının və elektoratının yetərincə olmamasıdır. Bu da onlara bələdiyyə seçkilərində namizəd irəli sürməsinə imkan vermir. Onlar seçkidə iştirak edərlərsə, o zaman özlərini cəmiyyətə gurultulu formada təqdim edənlərin əslində arxasında qüvvənin olamayacağı ortaya çıxacaq. Ona görə də bu partiyalar öz zəifliklərini cəmiyyətə göstərməmək üçün müxtəlif bəhanələrlə bələdiyyə seçkilərindən yayınmağa üstünlük verirlər.

Çox güman ki, qarşıdakı bələdiyyə seşkilərində biz bunun bariz nümunəsinin şahidi olacağıq. Payizda keçiriləcək bələdiyyə seçkilərində maksimum 3 partiya seçkilərə partiya kimi qatılacaq. Onlardan biri hakim partiya olacaq, ondan başqa iki siyasi partiya təşkilat olaraq bələdiyyə seşkisinə qatıla ya yox. Qalan hamısı deyəcək ki, partiya üzvlərinin seçimi bu məsələdə sərbəsdir, istəyirlərsə, namizədliklərini irəli sürə bilərlər. Odur ki, digər obyektiv səbəblərlə yanaşı partiyaların bu məsələdə ciddi problemləri var.

Geri qayıt