Əsas Səhifə > Partiya, Güney Press > Müsavat daxilində fikir ayrılığı pik həddə çatıb
Müsavat daxilində fikir ayrılığı pik həddə çatıb31-07-2014, 11:13 |
2010-cu ilin parlament seçkilərindən sonra Müsavat funksionerləri partiyanın növbəti qurultayının keçirilməsini gündəmə gətirdilər. Partiya rəhbərliyi öz aralarında uzun-uzadı müzakirə və mübahisələrlə bunu xeyli müddət ertələsə də sonradan hakimiyyətin guya qurultay üçün yer ayırmadığını bəhanə etdilər. Hətta o zaman Müsavat başqanı daxili gərginliyi azaltmaq üçün Türkiyə və Gürcüstana bu məqsədlə müraciət ediləcəyini bildirdi. Amma 2013-cü ilin prezident seçkiləri öncəsi İsa Qəmbərin özünün namizəd olması, ardınca Milli Şuranın yaranması və vahid namizəd ətrafında baş verən olaylar qurultay mövzusunu bir müddət səngitdi. Prezident seçkilərində müxalifətin yenidən məğlubiyyəti isə Müsavat dəhlizlərində təkrar qurultay mövzusunun müzakirəsinə, 20 ildir partiyaya başqanlıq edən şəxsin dəyişməsi tələblərinə səbəb oldu. Məcburiyyət qarşısında qalan İ.Qəmbər bu məsələni yenidən gündəmə gətirdi. Təkrar-təkrar qurultayın keçirilməsi üçün yer ayrılması üçün müraciətlər edildi. Hər dəfə də guya ayrılan yer kiçik olduğundan qurultay təxirə salındı. Əslində, belə bir mövqe ilə İsa Qəmbər qurultayı keçirməkdə maraqlı olmadığını bir daha ortaya qoyub. Belə görünür ki, o, başqanlıq kreslosunu buraxmağı psixoloji cəhətdən həzm edə bilmir. Çünki İsa Qəmbər artıq partiya daxilindəki proseslərə nəzarəti əldən verdiyinin fərqindədir. Baş verənlər Müsavat daxilindəki narazılıqları pik həddə çatdırıb, başqanlığa namizədlər arasında fikir ayrılığını bir qədər də dərinləşdirib. Hazırda bir qrup partiya funksioneri Müsavatın qurultayının bu il keçirilməsinin tərəfdarı olsa da, digər qrup qurultayın 2015-ci ildə keçiriləcək parlament seçkilərindən sonraya saxlanmasını düzgün sayır. Misal üçün, partiyanın Divan üzvü, başqanlığa namizəd Tural Abbaslı Müsavat daxilində qurultayın gecikdirilməsi kimi təkliflərin olduğunu bildirərək, parlament seçkilərinə bir il qaldığı halda, qurultayın keçirilməsini Müsavatı əsas hədəfdən yayındırmaq kimi qiymətləndirib. Deyib ki, indiki halda partiyanın əsas hədəfi seçkilər olmalıdır. Amma Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqanlığa namizəd Arif Hacılı partiyanın bir neçə funksioneri tərəfindən qurultayın parlament seçkilərindən sonra keçirilməsi barədə təklif irəli sürməsinə rəğmən, nə partiya rəhbərliyində, nə də Təşkilat Komitəsində bu fikirlərin dəstək tapmadığını dilə gətirib. O, qurultayın keçirilməsini Nizamnamənin tələb etdiyini diqqətə çatdıraraq, sentyabrın 27-də qurultayın keçiriləcəyini vurğulayıb. Başqanlığa digər namizəd, Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy isə öz “Facebook” profilində kimin yeni başqan seçiləcəyinə aydınlıq gətirib. O, qurultayın nə zaman keçirilməsi ilə bərabər, yeni başqanın kim olacağının da Azərbaycan siyasi mühitində ən maraq doğuran suallardan biri olduğunu xatırladıb. S.Əlisoyun sözlərinə görə, artıq Müsavatda biriləri özünü başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min kilometrlikdən ismarış-ultimatum yollayaraq, - “filankəsdən savayı kimsə başqan postunda otura bilməz” - deyir. O, “Müsavat Partiyasının başqanı türk oğlu türk olmalıdır” - deməklə, başqanlığa digər namizəd A.Hacılının bostanına daş atıb, onun milli mənsubiyyətini gündəmə gətirib: “Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, “filankəs”in bu posta daha çox yaraşdığını iddia edənlər var, “bəhmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var. Deyilənlərə birini də mən əlavə etmək istəyirəm. Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir. Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı TÜRK oğlu TÜRK olmalıdır və əminəm ki, belə də olacaq”. S.Əlisoyun bu fikirləri başqanlığa namizədlər, eləcə də sıravi müsavatçılar arasında söz savaşını bir qədər də qızışdırıb. Sosial şəbəkədə aktiv olan müsavatçı gənclər S.Əlisoyu səviyyəsizlikdə, gələcək başqanın milliyyətini şübhə altına almaqda, ona qarşı qarayaxma kampaniyası aparmaqda günahlandırıblar. Ümumiyyətlə, Müsavatın növbəti qurultayının keçirilməsi gündəmə gəldiyi vaxtdan partiya sıralarındakı sıravi üzvlər, eləcə də funksionerlər arasında fikir ayrılığı, gərgin münasibət, qarşılıqlı atmacalar özünü göstərməkdədir. Bütün bunlar qurultaydan sonra partiyadan kütləvi istefaları qaçılmaz edir. \\ kaspi.az \\ Geri qayıt |