Əsas Səhifə > Partiya, Güney Press > “Müsavatda qeyri-türk olan bir nəfər göstərsinlər ki, reytinqi, nüfuzu yüksəkdir, ona başqanlıqda uğurlar diləyərəm”

“Müsavatda qeyri-türk olan bir nəfər göstərsinlər ki, reytinqi, nüfuzu yüksəkdir, ona başqanlıqda uğurlar diləyərəm”


2-08-2014, 12:57
“Müsavatda qeyri-türk olan bir nəfər göstərsinlər ki, reytinqi, nüfuzu yüksəkdir, ona başqanlıqda uğurlar diləyərəm”
“Mən heç vaxt Azərbaycandakı milli azlıqlar barəsində pis niyyətli olmamışam. Pis niyyəti olan bəzi partiya funksionerləri bu fikrimi mənə qarşı yönəltməyə cəhd etdilər. Müsavat Partiyasının 10 təməl prinsipindən biri türkçülük, digəri də millətçilikdir. Burada yalnız mənim siyasi fəaliyyətimi həzm etməyən bir qrup adam bu fikrimi başqa istiqamətə yönəldir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S. Əlisoy bildirib ki, “Müsavat başqanı türk olmalıdır” fikrini səsləndirərkən hər hansı milləti aşağılamaq fikrində olmayıb: “Hətta mən milli azlıqların nümayəndəsi ilə qohumam. Ona görə də əsla milli münasibətlər barədə pis fikir söyləmərəm. Sadəcə, Müsavatın iki təməl prinsipinə istinad etmişəm və bu gün də o fikrimdə qalıram. Mən Nizamnamənin ziddinə hər hansı hərəkət etməmişəm. Müsavatda bir nəfər göstərsinlər ki, qeyri-türklərin nümayəndəsidir və onun reytinqi, nüfuzu böyükdür, həmin adama başqanlıqda uğurlar diləyərəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu gün Müsavat başqanlığına iddialı olan, adını açıqlayanların hamısı türkdür”.

S. Əlisoy qeyd edib ki, sözügedən fikri səsləndirəndə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını nəzərdə tutmayıb: “Mən Arif Hacılıya qarşı heç bir fikir işlətməmişəm, ancaq nədənsə o bunu özünə götürüb. Arif Hacılı ilə digər müsavatçının şahidliyi əsasında aramızda olan söhbəti artıq açıqlamaq məcburiyyətindəyəm. Arif Hacılı ilə münasibətim barədə yaxın vaxtlarda açıqlamalar verəcəyəm. Ancaq hələ ki, istəmirəm. Süfrə arxasında bizim söhbətlərimiz olub, münasibətlərimiz pis olsaydı, görüşməzdik”.

Geri qayıt