Əsas Səhifə > Partiya, Güney Press > İlqar Altay savaşması üçün Zakir Həsənova müraciət etdi

İlqar Altay savaşması üçün Zakir Həsənova müraciət etdi


8-08-2014, 10:19
İlqar Altay savaşması üçün Zakir Həsənova müraciət etdi
Moderator.az xəbər verir ki, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas-tədqiqatçı İlqar Altay Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənova rəsmi məktub göndərib. Vətənpərvər hisslərdən doğan müraciətdə İlqar Altay son günlər Qarabağ münaqişəsi zonasındakı təmas xəttində 20 ildən bəri ilk dəfə olaraq real müharibə döyüşlərinin başlanmasını, ağır silahların işə salınması, şəhid itkilərimizin olmasını önə çəkir:
“20 ildən çoxdur ki, vətənimizin bir hissəsi, 20 faiz torpaqlarımız Ermənistan tərəfinin açıq -aydın quldur həmləsi nəticəsində işğal altındadır. Qonşu düşmənlər bütün beynəlxalq normalara zidd olaraq öz haqsız qəsbkarlıq mövqeyindən əl çəkmir, bütün bu illərdə aparılan sülh danışıqlarına məhəl qoymurlar. Artıq elə bir dövr yetişib ki, bundan daha artıq dözüm göstərmək dövlətimiz və xalqımız üçün təhqir dərəcəsində mənəvi sıxıntı yarada bilir. Artıq xalqımız oz halal haqqını, müqəddəs torpağını hərbi güc yolu ilə geriyə qaytarmaqdan başqa hansısa çarə görmür. Bu yolda, yaşından, milli mənsubiyyətindən, ictimai-siyasi mövqeyindən asılı olmayaraq Azərbaycan xalqının mütləq əksəriyyəti vətənin müdafiəsinə qoşulmağa hazırdır”.
İ. Altay nazirdən ehtiyatda olan bir zabit olaraq bu çətin və məsuliyyətli dövrdə onun da ordu sıralarında xidmət göstərməklə vətənimizin, torpaqlarımızın qorunmasında iştirak etməyinin təmin edilməsini xahiş edib:
“Səbail rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ehtiyatda olan mayor rütbəsində qeydiyyatdayam. İxtisasca ali tibb təhsilli məhkəmə-tibbi eksperti, ali hüquq təhsilli kriminalistəm, elmi dərəcəli hüququşünasam. Bütün bunlarla birlikdə, real müharibə şəraitində silahlı qüvvələrimizin istənilən lazım bilinən sahəsində, istənilən bacardığım işi keyfiyyətlə yerinə yetirməyə hazıram. Mən Azərbaycanımızın, müqəddəs torpaqlarımızın qorunmasında azacıq da olsa xidmətim olmasından, gənc nəslimizə azacıq belə nümunə göstərə biliməyimdən fəxr edər, qürur duyardım”.
İlqar Altay müraciətdə qeyd edib ki, belə bir fikir və təşəbbüs həm də milyonlarla insanımıza aiddir:
“Əminəm ki, Azərbaycan vətəndaş ictimai-siyasi xadimlər, ziyalılar ölkəmizin bu işğaldan azad olunması üçün ordumuza hərtərəfli dəstəkdə birmənalı əzmkar mövqedədirıər”.

Geri qayıt