Əsas Səhifə > Partiya, Güney Press > “İntiqam Əliyev xahiş edib, Aslan bəyə çatdırım ki, o, alçaqdır”

“İntiqam Əliyev xahiş edib, Aslan bəyə çatdırım ki, o, alçaqdır”


10-08-2014, 13:03
“İntiqam Əliyev xahiş edib, Aslan bəyə çatdırım ki, o, alçaqdır”
Dünən gecə araşdırmaçı jurnalist Xədicə İsmayıl özünün Facebook səhifəsində skandal status paylaşıb. Tanınmış hüquqşünas Aslan İsmayılovu hədəfə alan həmin status belədir: “Hökumətin yalandan iş tikdiyi adamlarla bağlı böhtan kampaniyasına qoşulmaq alçaqlıqdır. Aslan Ismayılovdan bu qədərini gözləməzdim. Görünür, gözləntilərimizi ümumiyyətllə aşağı tutmalıyıq”.

Daha sonra onun səhifəsində bu mövzuda müzakirələr başlayıb. Müzakirələrin gedişində X. İsmayıl bir az da irəli gedərək, həbs olunan hüquqşünas İntiqam Əliyevin adından Aslan İsmayılı “alçaq” ifadəsi ilə təhqir edib; “Taleh bəy, şəklini profilinizə qoyduğunuz adam (oradakı şəkil İntiqam Əliyevə aiddir – musavat.com) xahiş edib, Aslan bəyə çatdırılsın ki, o alçaqdır. Bunu etmədim. Öz fikrimi yazdım. Aslan bəyin yəqin ki, xidmətləri olub. Bəzən qətiyyətli mövqe nümayiş etdirib. Amma yaxşı adam hərdən yaxşılıq edən adam deyil, pislik etməyəndir”...

X. İsmayıl İntiqam Əliyevin bu sifarişi hansı şəraitdə, kimin vasitəsi ilə və nə zaman etdiyini açıqlamayıb. Yalnız Aslan İsmayılovun yenə də Facebookda yazdığı bir statusu paylaşıb. İndi oxuyacağınız hissəni qızartmasından aydın olur ki, jurnalistin hüquqşünası təhqir etməsinin əsas səbəbi məhz bu hissədir. Aslan İsmayılovun həmin fikirlərini təqdim edirik: “...Bu məsələdə məni narahat edən bir fikri də Sizlərlə bölüşmək istəyirəm. Bu günə qədər biz artıq iş-işdən keçəndən sonra, artıq həbs edilmə ərəfəsində bu hadisələrdən xəbər tuturuq. Niyə birinci gündən başlayan yoxlamalar barədə həmin QHT rəhbərləri cəmiyyəti xəbərdar etmirlər, aldıqları qrantlar, ödədikləri vergilər, gördükləri işlər barədə cəmiyyəti məlumatlandırmırlar? Hesab edirəm ki, deyilənlər olsaydı cəmiyyət də baş verənlərə belə susqun münasibət bildirməzdi. Bir çoxları fikirləşir ki, qrant alanların "günahı olmasa" susmazdılar.

Öz növbəmdə bildirirəm ki, dövlətçilik məsələsində ən əzizlərimə də güzəştə getmərəm. Bununla belə heç vaxt qrant almasam da, qrant alıb maarifçiliklə, insan haqlarının qorunması ilə məşğul olanlar cəmiyyət üçün çox faydalı işlər görürlər və cəmiyyət tərəfindən də müdafiə olunmalıdırlar.

P.S. Mənə qarşı olan basqıları sevinclə qarşılayan, ancaq qısqanclıqdan haqqımda "o hakimiyyətə işləyir", "ancaq pulluları müdafiə edir" və digər böhtanları yayan intiqam əliyevlərə, ənnağı hacıbəylilərə və onlara züy tutanlara deyirəm ki, mənə qarşı olan hər qanunsuzluğu cəmiyyətə bildirmişəm, bütün varlığımla mübarizə aparmışam və sizlərin də haqları uğrunda mübarizə aparmağa həmişə kimi bu gün də hazıram”. Qeyd edək ki, A. İsmayılov bu statusu 6 avqust tarixində, İntiqam Əliyevin həbsindən əvvəl yazıb.

Xədicə İsmayılın onu təhqir etməsinə isə hüquqşünas təmkinlə yanaşıb. Ünvanına söylənənlərə iki statusla cavab verib. Birinci status belədir: “

Aslan İsmayılov: Yalnız Azərbaycanda:
əgər savadlı və ədalətlisənsə hakimiyyətin hədəfindəsən,
əgər savadlı və ədalətli olmaqla yanaşı, həm də müstəqilsənsə hamının hədəfindəsən”.

Onun bilavasitə Xədicə İsmayıla cavab xarakterli statusu isə budur: “Son dövrlər baş verən hadisələr hamımız üçün tək üzücü yox, həm də çox təhlükəlidir. Rəsul Cəfərov və İntiqam Əliyevin həbsi, Emin Hüseynov və digərləri haqqındakı təqiblər isə artıq bütün əndazələrin keçilməsidir.

Azərbaycanda yaşadığım 25 ili həyatımı heç kimdən asılı, heç kimin diqtəsi olmadan, heç bir təşkilatda təmsil olunmadan bildiyim kimi yaşamışam və bundan sonra da o cür davam edəcəm! Hakimiyyətin qanunsuzluqlarına, özbaşnalıqlarına, cəmiyyətdə baş verən murdarlıqlara qarşı mübarizəmi heç kimdən və heç nədən asılı olmayaraq davam etdirəcəm. Atdığım heç bir addımımdan da təəssüflənmirəm.

Sadəcə olaraq ünvanıma səslənən təşkil olunmuş bu tipli böhtanlara təəssüflənirəm: https://www.facebook.com/khadija.ismayil/posts/10201542707248106 “

Yəqin ki, tərəflər arasında Facebook atşması davam edəcək. Diqqətə layiq məqamlar, ictimai əhəmiyyətli detallar olsa, oxucularımızı məlumatlandıracağıq”.

Musavat.com


“İntiqam Əliyev xahiş edib, Aslan bəyə çatdırım ki, o, alçaqdır”
Geri qayıt