Əsas Səhifə > Partiya, Güney Press > “Rusiyanın əsas məqsədi Azərbaycanı Avrasiya və Gömrük İttifaqına cəlb etməkdir”
“Rusiyanın əsas məqsədi Azərbaycanı Avrasiya və Gömrük İttifaqına cəlb etməkdir”16-08-2014, 10:09 |
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Moderator.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiyanın vasitəçiliyi ilə keçirilən və keçirilməsi nəzərədə tutulan görüşlərin mümkün perspektivlərini şərh edib. Politoloqun qənaətincə, bu görüşlər Qarabağ probleminin həllinə zərrə qədər də olsun töhfə verməyəcək. Politoloqun sözlərinə görə, Rusiyanın münaqişə tərəflərini danışıqlar prosesinə cəlb etməsində məqsəd tamamilə başqadır: “Rusiyanın Soçi görüşü və yeni təşəbbüslərində məqsəd heç də Dağlıq Qarabağ probleminin həllinə nail olmaq deyil. Rusiyanın başlıca məqsədi Ermənistanın əli ilə Azərbaycanı təhdid etməklə onu Gömrük İttifaqı və Avrasiya İttifaqına cəlb etməkdən ibarətdir”. Ə.Oruclunun fikrincə, Rusiya bununla həm də həmsdər ölkələr kimi ABŞ və Fransanı da proseslərdən müəyyən qədər kənarda qoymağa, bu məsələdə əsas söz sahibi qismində çıxış etməyə çalışır: “Rusiyanın məqsədlərindən biri də Dağlıq Qarabağ probleminin həlli istiqamətində digər həmsədr dövlətlərin irəli sürdüyü təşəbbüsləri arxa plana keçirməkdir. Prezidentlərin Paris görüşü də planlaşdırılır və bu təşəbbüs ABŞ prezidenti Barak Obama ilə Fransa prezidenti Ollanddan gəlib. Rusiya bu məsələdə təşəbbüsü ələ keçirmək və bununla da tərəflərə Qarabağ münaqişəsinin həllində özünün söz sahibi olduğunu göstərməyə çalışır. Rusiya göstərmək istəyir ki, bu məsələdə məhz onun dediyi keçəcək. Rusiya digər həmsədr dövlətlərin təşəbbüsünü özünün psevdo təşəbbüsü ilə pozmağa çalışır”. Politoloqun bildirdiyinə görə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Qərbin bugünkü mövqeyi daha aydın və başadüşüləndir: “Dağlıq Qarabağ probleminin həlli üzrə Qərb həmsədrlərinin konkret təklifi var. Onlar 7 rayonun qeyd-şərtsiz Azərbaycana qaytarılmasını təklif və edir və yalnız bundan sonra danışıqlar prosesinin davam etdirilməsini dəstəkləyirlər. Rusiya Soçi görüşündə bir kəlmə də olsun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışmadı, heç bir mövqe ortaya qoymadı və bu gün də qoymuş deyil”. Ekspertin qənaətincə, Rusiya Azərbaycanın hətta Avrasiya İttifaqı və Gömrük İittifaqına üzv olmasından sonra belə Qarabağı geri qaytarmaq niyyətində deyil: “Rusiya hətta ekspertlər səviyyəsində, yəni qeyri-rəsmi şəkildə belə Azərbaycanın Gömrük İttifaqı və Avrasiya İttifaqına üzv olacağı təqdirdə Qarabağın qaytarılacağına yardım edəcəyini bildirməyib. Belədirsə, o zaman Rusiyanın məqsədi nədən ibarətdir? Rusiyanın məqsədi Azərbaycanı Qarabağ münaqişəsi və ya ola bilsin ki, başqa şeylərlə təhdid edərək onu bu təşkilatlara üzr etməkdən ibarətdir. Rusiyanın başqa bir məqsədi yoxdur”. Geri qayıt |