Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu ordudakı əsgər itkilərini araşdırıb

Sərdar Cəlaloğlu ordudakı əsgər itkilərini araşdırıb


1-09-2014, 10:27
Sərdar Cəlaloğlu ordudakı əsgər itkilərini araşdırıb
ADP sədri Sərdar Cəlaloğlu Modertor.az-a açıqlamasında ordudakı əsgər itkiləri ilə bağlı vəziyyəti dəyərləndirib. Azərbaycan ordusunda itkilərin sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində daha az olduğuna diqqət çəkən partiya sədrinin sözlərinə görə, o, bu istiqamətdə müəyyən araşdırmalar da aparıb:
“Səfər Əbiyevin dönəmində Müdafiə Nazirliyinin işinə qiymət vermək üçün bir araşdırma apardım. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarına girib baxdım ki, Rusiya ordusunda bir ildə 2500 nəfər hərbçi nizamnamənin tələblərinin pozulması səbəbilə ölür. Yəıni bu itkilər qeyri-döyüş şəraitində baş verir. Mən rus ordusunun sayını Azərbaycan ordusunun sayı ilə müqayisə etdim, bu sayları bir-birinə uyğunlaşdırdım. Müqayisə edib gördüm ki, bu nisbətlə yanaşsaq Rusiya ordusu ilə müqayisədə Azərbaycan ordusunda ildə 250 hərbçi ölməlidir. Çünki Azərbaycanın ordusu rus ordusundan təxminən 10 dəfə azdır. Halbuki bizim itkilərimiz təxminən ildə 60 nəfər olur. Daha sonra düşündüm ki, ola bilsin ki, Rusiya ordusunda sərxoşluq, alkoqolizm var və bu səbəbdən ölüm halları çox ola bilər. Buna görə də Gürcüstan, Türkiyə və s. ölkələrlə də müqayisə apardım. Nəticədə gördüm ki, bu itkilər elə də qeyri-adi deyil və dünya ordularınındakı itkilərlə eynidir. ABŞ, İngiltərə və müharibə edən digər ölkələrdə itkilər bizimkindən qat-qat çoxdur. Amma dinc dövrdə baş verən itkilərin sayına görə Azərbaycan bir çox ölkələrdən geridədir. Yəni bizdə bu itkilər daha aşağı səviyyədədir. Ancaq bununla belə həmin dönəmdə S.Əbiyevlə bağlı çox ciddi kampaniya aparıldı, əsgər ölümlərinə etiraz əlaməti olaraq aksiya keçirildi və s. Bu gün isə əsgər itkilərinin sayı S.Əbiyev dönəmi ilə müqayisədə çox olsa da, heç kim səsini çıxartmır. Bu isə o deməkdir ki, məqsəd əsgər ölümlərinə etiraz deyil, S.Əbiyevin gedişatına zəmin hazırlamaq olub”.

Geri qayıt