Əsas Səhifə > Partiya, Güney Press > “Müsavat"da qaydaları pozanlar cəzalandırılacaq”

“Müsavat"da qaydaları pozanlar cəzalandırılacaq”


2-09-2014, 12:36
“Müsavat"da qaydaları pozanlar cəzalandırılacaq”
Müsavat Partiyası qurultayını 27 sentyabr tarixinə təyin etdiyi gündən etibarən, partiya daxilində üzvlər arasındakı gərginlik səngimir. Son günlər partiyada eyni gündə bir neçə tədbir keçirilir. Dünən Divan və Təşkilati Komitənin iclasları oldu. Bu və ya digər məsələlərlə bağlı Hafta.az-a müsahibəsində partiyanın başqan müavini Gülağa Aslanlı fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

- Müsavat Partiyasının dünən keçirilən Divan və Təşkilati Komitənin iclasında hansı qərarlar qəbul edilib?

- Bəli, dünən partiyanın qərargahında sadaladığınız iclaslar keçirilib. İclasda əsas müzakirəyə çıxarılan mövzular qurultayla bağlı idi. Belə ki, iclasın gündəliyindəki əsas məsələlər Ali orqana keçiriləcək seçkilərdə hazırlıq, təbliğat və namizədlərin qeydə alınması prosesi oldu. Eyni zamanda, qurultaya yer ayrılması ilə bağlı BŞİH-nə təkrar müraciət olunmasını razılaşdırdıq.

- Partiyanın nizamnaməsinə dəyişikliklər ediləcəyi ilə bağlı açıqlama vermişdiniz. Bununla bağlı son qərarınız necə oldu?

- Dünənki iclasda nizamnaməyə ediləcək dəyişikliklər də müzakirə edildi. Lakin hələ ki, son qərar qəbul edilməyib. Bu istiqamət üzrə müzakirələrimiz davam edir.

- Seçki ərəfəsində partiyanın bəzi üzvləri sosial şəbəkələrdə bir-birilərini sərt tənqid edirlər. Buna partiya funksionerləri arasında münasibət necədir?

- Müsavat Partiyası Azərbaycanda yeganə partiyadır ki, burada seçkilər gizli yolla seçilir. Hesab edirəm ki, seçkilər ərəfəsində üzvlərin bir-birilərinə fikirlərini bildirməsi tam demokratik bir addımdır. Buna görə də biz burada hər hansı problem görmürük. Lakin əgər kimsə partiyanın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin təyin etdiyi qaydaları pozarsa, onlara xəbərdarlıq olunacaq.

- Partiya başqanlığına namizədliyini irəli sürənlər kimlərdir?

- Hələ ki, Tural Abbaslıdır.

- Fikirlər səsləndirilir ki, Müsavat Partiyası qurultayını parlament seçkilərindən sonra keçirəcək. Qurultayın sentyabrın 27-si baş tutmasını nə dərəcədə real hesab edirsiniz?

- Biz belə düşünmürük. Sentyabrın 27-də partiyamızın qurultayını keçirməkdə israrlıyıq.

Geri qayıt