Əsas Səhifə > Partiya, Güney Press > “Rusiyanın bir nömrəli dostu mən olacam”
“Rusiyanın bir nömrəli dostu mən olacam”30-09-2014, 10:50 |
ADP sədri Sərdar Cəlaloğlu Moderator.az və “Hürriyyət” qəzetinə açıqlamasında rus politoloqu Pavel Klaçkovun onun barəsində səsləndirdiyi fikirlərə etirazını bildirdi. Rus xalqına düşmən olmadığını bildirən S.Cəlaloğlu rus imperializminə qarşı düşmən olduğunu vurğulayıb: “Biz Rusiyanın düşməni deyilik. Biz Rusiyada Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik siyasətinə tərəfdar olan şəxslərin düşməniyik. O qüvvələrin ki, onlar bizim ərazilərimizi işğal ediblər, ilhaq ediblər, 200 il Azərbaycan xalqını əsarətdə saxlayıblar. Xalqın milli-tarixi sərvətlərini talan ediblər. Onların bu gün də Azərbaycan torpaqlarında gözü var. Onlar Azərbaycanın müstəqilliyi, suverenliyi ilə barışa bilmirlər. Onlar Azərbaycan üçün təhdid təşkil edirlər. Biz belə bir fəlsəfənin, düşüncənin düşməniyik. Vaxtiylə eyni vəziyyətlə Məmməd Əmin Rəsulzadə də üzləşmişdi. O, deyirdi ki, bizim Azərbaycanı müstəqil dövlət elan etməyimizi bir çoxları rus xalqına qarşı düşmənçilik kimi başa düşür. Onlar bir şeyi bilsinlər ki, biz rus xalqına yox, öz xalqını əsarətdə saxlayan rus imperiyasına qarşı düşmənik”. S.Cəlaloğlunun bildirdiyinə görə, onun düşmən olduğu qüvvələr rus xalqının özünü də inkişafdan saxlamaqda, beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmaqdadır: “Rusiya demokratikləşəndən sonra onun bir nömrəli dostu mən olacam” “Bu gün bizim düşmənçiliyimiz rus xalqının özünü də inkişafdan saxlayan, onun dünyadakı nüfuzuna zərbə vuran, rus xalqına qarşı dünya xalqlarını düşmənə çevirən qüvvələrin siyasətinədir. Hesab edirəm ki, Rusiya demokratikləşəndən sonra onun bir nömrəli dostu çox güman ki, mən olacam. Həm strateji, həm coğrafi, həm də tarixi nöqteyi-nəzərdən Rusiya bizə çox yaxındır. Ancaq bu gün bizim aramızda siyasi uzaqlıq var. Biz demokratiya istəyirik. Rusiya isə imperiyanı bərpa etməyə çalışan qüvvələrin əlindədir. Təbii ki, biz belə siyasətə, belə qüvvələrə qarşı düşmənik”. “Dağıstan Azərbaycana qaytarılmalıdır” S.Cəlaloğlu Klaçkovun açıqlamasında yer alan digər fikirlərə də etirazını bildirdi: “Rus politoloqu öz açıqlamasında yanlış olaraq bildirir ki, guya mən Rusiyaya hücum etməyi təklif etmişəm. Ruslar Qusar ərazisinin Dağıstana birləşdirilməsi şüarı qaldırılanda mən bildirdim ki, Dağıstan bütünlükdə Azərbaycanın tarixi ərazisidir. Dağıstan Dərbənd xanlığının timsalında bizim xanlıqlardan biri olub. Buna görə də ruslar əslində həmin əraziləri bizə qaytarmalıdır. Bütün Dağıstan Azərbaycanın tarixi torpaqlarıdır”. S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanın tarixi torpaqların önəmli bir qismini zəbt edən Rusiya bu gün də bəzi ərazilərimizi öz tərkibinə daxil etməyə çalışır: “Ruslar uzun illər Dağıstanı ilhaq edərək üzərində oturub, bu əraziyə özünün dədə-baba torpağı kimi baxır. Bu azmış kimi orada yaşayanları da müəyyən addımlara təhrik edir, Azərbaycandan Qusar və s. əraziləri qoparmağa çalışır. Mən bununla bağlı bildirmişəm ki, ruslar Dağıstanı Azərbaycana qaytarmalıdır. Bu gün də o fikirdəyəm ki, Dağıstanın ruslara heç bir aidiyyatı yoxdur. Uzun illərdir ki, Dağıstan Rusiyanın qanunları ilə idarə olunmur. Orada rus hökumətinə qarşı çox ciddi silahlı müqavimət var. Şeyx Şamilin 25 illik mübarizəsi də sübut edir ki, Dağıstanda yaşayan insanlar özlərini Rusiya ilə deyil, Azərbaycanla bir yerdə görürlər”. Geri qayıt |