Əsas Səhifə > Partiya, Güney Press > "4 divar arxasında 5 adama şüarlar deyib özlərini sakitləşdirirlər, amma situasiya narahatdır"

"4 divar arxasında 5 adama şüarlar deyib özlərini sakitləşdirirlər, amma situasiya narahatdır"


14-10-2014, 12:45
"4 divar arxasında 5 adama şüarlar deyib özlərini sakitləşdirirlər, amma situasiya narahatdır"
“Siyasətçinin ən mühüm cəhəti ondan ibarətdir ki, o, insanları ətrafında cəmləyə, onları qələbəyə inandıra bilsin. Bunlar olmadığı təqdirdə uğursuzluq və bu cür münasibət yaranır”

Bunu AzVision.az-a müsahibəsində tanınmış Müsavat funksioneri, Qubad İbadoğlunun tərəfdarı Adil Qeybulla bildirib.

- Müsavatın qurultayından sonra partiyadaxili fikir ayrılıqları bir neçə nəfərin istefasına səbəb olub. Prosesləri izləyən Müsavat üzvü kimi baş verənləri necə şərh edirsiniz?

- İstefaları parçalanma kimi qiymətləndirmək olmaz, amma hər halda yaranan vəziyyət ürəkaçan deyil. Sonuncu qurultay partiyanın tamlığını qorumaq, mütəşəkkiliyini artırmaq əvəzinə xeyli problemlər yaratdı. Bu da onu göstərir ki, əgər qurultayın nəticələri partiyanın xeyrinə deyilsə, bunu xeyli düşünmək lazımdır. Müəyyən bəyanatlar vermək, ambisiyalar sərgiləmək, bir tərəfi haqlı digərini haqsız çıxarmaq siyasətçi davranışı deyil.

- Partiyadakı istefalarda günah kimdədir?

- Hesab edirəm ki, bu proses baş verib. Gözləyirdim ki, qurultaydan sonra konsensus üçün partiya rəhbərliyi cəhdlər göstərəcək. Amma əks tərəfdən sosial şəbəkələrdə, mətbuatda düşmənçilik səviyyəsində münasibətlərin sərgilənməsi, təhqirlər və s. vəziyyət o yerə çatıdırılıb ki, burada barış imkanları xeyli məhdudlaşır. Məyusedici situasiyadır. Ola bilər kimlərsə, 4 divar arxasında 5 adama şüarlar deyib özlərini sakitləşdirirlər, amma situasiya narahatdır. Hesab edirəm ki, bu barədə düşünmək lazımdır. Siyasətçinin ən mühüm cəhəti ondan ibarətdir ki, o, insanları ətrafında cəmləyə, onları qələbəyə inandıra bilsin. Bunlar olmadığı təqdirdə uğursuzluq və bu cür münasibət yaranır, mərkəzdənqaçma meyilləri güclənir. Buna yol vermək olmaz.

- Proseslərin davamını necə proqnozlaşdırırsınız?

- Mənə elə gəlir ki, partiyada kifayət qədər nüfuzu olan şəxs, yəni keçmiş başqan bu situasiyada qətiyyən kiminsə tərəfindən yox, konsensus istiqamətində açıqlamalar verməlidir. Partiyanın bütövlüyünü qoruyub saxlamaq üçün təcili təxirəsalınmaz addımlar atmalıdır. Bu addımlar atılsa, nəticə də yaxşı olacaq. Atılmasa, ən azı partiyadan xeyli qopmalar olacaq və bu prosesdə iştirak etmək istəməyənlər partiyada fəallığın sıfıra enməsinə səbəb olacaq. Belə olacağı təqdirdə ümumilikdə partiya uduzacaq.

- Sizin öz qərarınız necə olacaq? Üzvülükdən istefa verməyi düşünürsünüzmü?

- Mən hələlik sıravi üzv kimi qalıram. Rəsmi strukturlarda təmsil olunmaq həvəsim yoxdur. Qurultaydan əvvəl də Məclis üzvülüyünə ərizə verməmişdim. Düzdür, bəziləri mənim adımı çəkir, amma mən heç bir seçkili orqanda iştirak etməmişəm və iştirak etmək həvəsim də yoxdur. Üzvülükdən istefa verib-verməyəcəyimə gəlincə isə, heç nəyi əvvəldən demək mümkün deyil, bu, proseslərdən asılı olacaq. Amma mən istəməzdim ki, belə vəziyyət yaransın. Hər hansı qərar verəcəyəmsə, bu qərar situasiyaya adekvat olacaq.

Geri qayıt