Əsas Səhifə > Partiya, Güney Press > “Gürcüstan Azərbaycan və Türkiyəyə borclu olduğunu unutmamlıdır”

“Gürcüstan Azərbaycan və Türkiyəyə borclu olduğunu unutmamlıdır”


29-10-2014, 10:19
“Gürcüstan Azərbaycan və Türkiyəyə borclu olduğunu unutmamlıdır”
Son vaxtlar Gürcüstandakı Ahıska türklərinin sıxışdırılması, təzyiqlərə məruz qalması Azərbaycanda ciddi narahatlıqla müşahidə edilməkdədir. Maraqlıdır, türk dövlətləri, o cümlədən Azərbaycan və Türkiyə Ahıska türklərinin müdafiəsi istiqamətində hansısa addımlar atmalıdırmı?
Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli Gürcüstanın bir dövlət kimi varlığını davam etdirdiyi üçün Azərbaycan və Türkiyəyə borclu olduğuna diqqət çəkdi:
“Gürcüstanda son zamanlar Ahıska türklərinə qarşı xoşagəlməz münasibət açıq-aydın görünməkdədir. Çox qəribədir ki, bunu edən dövlət – Gürcüstan Azərbaycanın və Türkiyənin sayəsində ayaq üstə durur. Təkcə Türkiyədə 500 mindən çox gürcü qadın evlərdə baxıcılıq etməklə ailələrinə çörək pulu qazanır. Nə yazıq ki, çörəyimizin duzu yoxdur – çörəyimizin duzunun olması üçün bizim çörəyimizi yeyib bizə qarşı namərdlik edənlər deyəsən əlimizin dadını bilməlidir. Onlar əlimizin dadını bilmədən çörəyimizin qədrini bilməyəcək. Gürcü rəsmilərinin Ahıska türklərinə qarşı bu cür münasibəti hər şeydən əvvəl dövlətlərimizin başındakılara qarşı saymamazlıqdır. Aydın məsələdir ki, türklərin Gürcüstanda çoxalması və güclənməsi bir çoxlarının xoşuna gəlməyə bilər və bu səbəblə xalqlarımız arasında nifaq toxumu səpməyə çalışa bilərlər. Hətta belə olsa belə, gürcü hökuməti təcili və təsirli tədbirlər görməli, soydaşlarımıza qarşı həssas davranmalıdırlar, onların problemlərini dərhal həll etməlidirlər. Ən azından bu günkü şəraitdə bizə borclu olduqlarına görə”.

Geri qayıt