Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Partiyasının qurultayından narazılar yeni partiya yaratmağı müzakirə edirlər

Müsavat Partiyasının qurultayından narazılar yeni partiya yaratmağı müzakirə edirlər


20-11-2014, 11:18
Müsavat Partiyasının qurultayından narazılar yeni partiya yaratmağı müzakirə edirlər
Müsavat Partiyasının yeni başqanından narazı olanlar yeni partiya və ictimai birlik yaratmaq məsələsini müzakirə edirlər. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, narazı üzvlərlə məsləhətləşmələr davam edir: “Bu həftə sonu müzakirələri tam bitiririk, gələn həftə qərarımızı bildirəcəyik. Müxtəlif təkliflər var və təkliflərə keçid dövrü üçün ictimai birlik, partiya yaratmaq daxildir. Biz fraksiya məsələsini qoyurduq, ancaq bizim Müsavat Partiyasını işğal edən dəstə ilə bir yerdə olmağımız mümkün deyil. Ona görə də növbədənkənar qurultay məsələsini də müzakirə edirik. Bu variantların hər biri müzakirə olunur”.

Onun fikrincə, hər şey yenidən başlamalıdır, obyektiv qurultay keçirilməlidir: “Lakin bu da bu partiyanı işğal edən qaragüruh dəstə ilə mümkün deyil. Onlar Müsavat Partiyasında saxtakar imici yaradıblar. Artıq bunların kimisə saxtakarlıqda ittiham etməyə haqqı yoxdur".

S.Əlisoy deyib ki, obyektiv qurultay keçirilsə, Arif Hacılı 10-15 faizdən yuxarı səs toplaya bilməz.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Müsavat Partiyası Divanı isə bir müddət öncə S.Əlisoyu partiya sıralarından xaric edilib.

Geri qayıt