Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Partiyası daxilində böyük parçalanma atmosferi
Müsavat Partiyası daxilində böyük parçalanma atmosferi5-12-2014, 11:07 |
Hazırda Müsavat Partiyasının sıravi üzvü olan, başqanlığa namizəd olmuş Qubad İbadoğlu nəhayət ki, müstəqil qurum yaradıb. Belə ki, o özü başda olmaqla, 13 narazı partiya üzvü (Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli, Səxavət Əlisoy, Məlahət Mürşüdlü, Ədalət Yusifov, Əhliman Abbas, Taleh Əliyev, Rafiq Abdullalı, İsmayıl Yusifov, Əlövsət Talışxanlı) Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaratdıqları barədə bəyannamə yayıblar. Orada qeyd olunur ki, siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşı ADR Hərəkatının üzvü ola bilər. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı yaradılan hərəkat barədə fikirlərini bölüşərkən bunun partiya nizamnaməsinə zidd olmadığını deyib: “Bunu istənilən müsavatçı edə bilər. Hərəkat Müsavat Partiyasının strukturlarına paralellik təşkil etmir. Həmin hərəkatda da Müsavat ideologiyası təbliğ oluna bilər”. Müsavat başqanının müavini Nüşabə Sadıqlı isə hərəkatın yaradılmasına mənfi münasibət bəslədiyini bildirib: “Belə hərəkatın yaradılması ancaq tapşırıqla ola bilər. Yoxsa buna nə ehtiyac vardı? Müsavat Partiyasının Nizamnaməsində üzvlərin partiyadan kənar hər hansı qurum formalaşdırması nəzərdə tutulmur. Bu hərəkatın yaradılması da təbii ki, nizamnamənin əleyhinədir. Onlar sözlərini Müsavatda açıq-aşkar deyə bilirlər. Nə problemləri varsa da, həll olunur. Buna görə də qurumun yaradılmasının əleyhinəyəm”. Müsavat başqanlığına sabiq namizəd olmuş Tural Abbaslı bildirib ki, hərəkat və təşkilat yaratmaq müsavatçıların, həm də ora qoşulan digər şəxslərin hüququdur: “Mən və ətrafımdakı şəxslər Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunmayacağıq. Ona görə yox ki, hərəkatı qeyri-qanuni hesab edirik. Ona görə ki, biz fəaliyyətimizi indiki halda partiya daxilində davam etdirəcəyik. Nizamnamədə qeyd edilib ki, partiyanın üzvü istənilən hərəkat və təşkilatın sıralarına qoşula, lakin yalnız bir partiyanın, Müsavat Partiyasının üzvü ola bilər”. Müsavat başqanının müavini Səxavət Soltanlı da bildirib ki, hərəkatı istənilən şəxs yarada bilər: “Qubad İbadoğlunun hərəkat yaratması başqa bir partiya yaratmaq demək deyil. Müsavat Partiyasının üzvü heç bir başqa siyasi partiyanın üzvü ola bilməz, amma ictimai qurumlarda təmsil oluna bilər. Amma istənilən halda hərəkatın yaradılması mənə qeyri-ciddi gəldi”. Diqqət çəkən odur ki, Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Q.İbadoğlunun yeni yaratdığı hərəkatı müdafiə edib: “Partiya üzvlərinin ictimai hərəkat yaratmasının nizamnamə ilə bir araya sığmadığı barədə açıqlamaların hüquqi əsası yoxdur. Hesab edirəm ki, siyasi baxımdan da qəbul edilən qərar yaranmış vəziyyətdən məqbul çıxış yollarından biridir. Tam səmimiyyətlə hərəkatın yaradılması barədə bəyanatı imzalayanlara uğurlar arzulayıram və xeyirli olsun deyirəm”. Azad Demokratlar Partiyasının (AzDP) Ali Məclis sədri Tapdıq Abbas Müsavat Partiyasından nə az, nə çox, 500 nəfərdən artıq üzvün onların partiyasına keçmək istədiyini, bunun üçün müraciət etdiklərini açıqlayıb: “Müsavatın bir neçə rayon təşkilatından kollektiv şəkildə AzDP-yə qəbul olunanlar var. Artıq Müsavat faktiki olaraq parçalanıb. Bizim dostlarımız orada hələ də mübarizəni davam etdirirlər. Onlara ”qurultaydan narazılar" deyirlər, əslində onlar narazı deyillər. Həmin şəxslər pozulmuş qaydaların bərpası üçün yollar axtarırlar. Belə görünür ki, onların yolları ayrılacaq və yeni partiya yaranacaq. Sadəcə olaraq, müsavatçı dostlarımızın mübarizəsinə xələl gəlməsin deyə, partiyamıza üzv olanları elan etmirik. Elə rayon təşkilatı var ki, oradan 200 nəfər, eləsi var 70, bəzi rayonlardan isə 150 nəfər sıralarımıza qoşulmaq üçün ərizə veriblər”. Yaşananlara münasibət bildirən başqan Arif Hacılı deyib ki, partiyanın növbədənkənar qurultayının keçirilməsi üçün heç bir zərurət yoxdur: “Müsavat 8 ildən çox idi növbəti qurultayını keçirə bilmirdi. Maraqlıdır ki, indi növbədənkənar qurultay tələb edən bəzi şəxslər 8 il partiyanın qurultayının keçirilməsinə maneçilik törətməklə məşğul olublar. Bir məsələni tam əminliklə deyirəm. Növbədənkənar qurultay keçiriləcəksə, indi onu tələb edənlər 27 sentyabr qurultayında aldıqları səsin heç yarısını da toplamayacaqlar. Fraksiya yaradılması isə partiyanın nizamnaməsində nəzərdə tutulmur. Əgər fraksiya yaradılması təşəbbüsləri ciddiləşərsə, partiyanın müvafiq strukturları bu məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edəcəklər. Hərçənd, mən buna inanmıram, hesab edirəm ki, bu məsələ söz-söhbətdən uzağa getməyəcək və fraksiya yaratmağa təşəbbüs göstərənlər buna nail ola bilməyəcəklər. Mən öz təkliflərimi daim irəli sürürəm. Hər kəs şahiddir ki, sülhpərvər əhvaldayam. Qurultaydakı seçkilərin nəticələrindən narazı qalan adamlarla dəfələrlə görüşmüşəm. Bu görüşlərimi bundan sonra da davam etdirmək niyyətindəyəm. Amma hər kəs bilməlidir ki, bu proses əbədi davam edə bilməz. Dekabrın sonu Məclisin toplantısında partiyanın strukturlarının formalaşması prosesi başa çatacaq. Düşünürəm ki, orada partiya Məclisinin sədri də seçiləcək”. Qeyd edək ki, bir neçə aydır Müsavat daxilində yaşanan narazılığın nəticəsi olaraq hərəkat yaradılıbsa, deməli, fraksiyanın yaradılmasını da gözləmək lazımdır və bu, mümkünsüz variant deyil. Bütün bunlar isə partiyanın xeyli vaxtdır şifahi parçalanmasının sadəcə, yazılı təzahürüdür. \\ kaspi.az \\ Geri qayıt |