Əsas Səhifə > Partiya, Güney Press > "İsa Qəmbər yenidən Müsavatın başqanlığına gətirilməlidir"

"İsa Qəmbər yenidən Müsavatın başqanlığına gətirilməlidir"


15-12-2014, 10:13
"İsa Qəmbər yenidən Müsavatın başqanlığına gətirilməlidir"
“Müsavat qədim partiyadır, ofisləri var, rayonlarda bir iki üzvləri mövcuddur. Heç kimin qəbul etmədiyi kölgə başqanlığa görə niyə bu partiyanın axırına çıxırlar?”
“İsa Qəmbərdə “bəlkə də qaytardılar” fantaziyası çox güclüdür. O hələ də “yenə bir dəfə quş uçurulacaq , o da gəlib onun başına qonacaq” yuxusundan ayıla bilmir.”
“Keçirdikləri mitinq bir daha göstərdi ki, artıq Musavat Partiyası yoxdur”.
Eks-spiker Rəsul Quliyev Müsavatın bu günkü mitinqinə münasibətini açıqlayıb.
Onun xüsusi olaraq Moderator.az üçün qələmə aldığı yazını təqdim edirik:
“Əgər yadınızdadırsa Musavat partiyasının liderləri qurultay keçirməmək üçün 4 il camaatı ələ saldılar. 1000 nəfərin iştirak edəcəyi qurultayına yer verilmədiyini, çünki hökumətin super güc olan Musavatdan qorxduğunu demək, olar ki, həmişə gündəlikdə saxladılar. Hətta arada Saakaşvilidən Tiflisdə qurultay keçirməyə yer istədilər. Əgər bu təlxəklik deyilsə, nədir? Çünki 1000 nəfəri Tiflisə aparmaq, heç olmazsa bir gün hoteldə saxlamaq və bir dəfə yemək vermək Bakının istənilən sarayından azı 5 dəfə baha başa gələrdi. Musavatın özünün qurultay keçirmək istəməməsi hamıya gün kimi aydın idi. Buna baxmayaraq onlar yalanlarını davam etdirirdilər. Nə səbəbdən?
Birincisi, keçmiş başqanda “bəlkə də qaytardılar” fantaziyası çox güclüdür. O hələ də “yenə bir dəfə quş uçurulacaq, o da gəlib onun başına qonacaq” yuxusundan ayıla bilmir. Bu işin 2013-cü il prezident seçkisində baş verəcəyinə inandığı üçün hökmən başqan postunu saxlamaq istədi. Quş uçurulanda orada olmaq üçün...
İkincisi, öz yerinə kölgəsini qoymağa vaxt tələb olunurdu. Və nəhayət, qurultaylarını keçirməyi qərara aldılar. Söz verilmiş 1000 nümayəndənin əvəzinə 800 nəfərlik zala 450 musavatçı toplaya bildilər. Daha doğrusu, saxtakarlıqla seçilmiş 450 adamı nümayəndə seçə bildilər və “kölgə”ni başqan etdilər. O vaxtdan etibarən kölgə əsl başqanın arxasınca sürünür.
Əsl müsavatçılar kölgəni qəbul etmir və edə də bilməzlər.
Keçirdikləri mitinq bir daha göstərdi ki, artıq Musavat Partiyası yoxdur. Qurultaya topladıqlarından 2 dəfə az adamı, yarım ay bundan əvvəl elan etdikləri mitinqə toplaya bilən partiyanın iddiası nə ola bilər? Yeni başqan belə mitinqin təşkilinin səbəbkarı kimi məgər istefa verməməlidirmi?
Xalq Cəbhəsi Partiyasından azı 3 dəfə az insanları mitinqinə çıxaran və cəmi 45 dəqiqə mitinq keçirən (Xalq Cəbhəsi heç olmazsa 1saat 30 dəqiqə camaatı meydanda saxlaya bilirdi) bir partiyanın özünü müxalifət adlandırmağa haqqı varmı?
Əgər unutmamısınzsa mən Xalq Cəbhəsinin belə azsaylı mitinqlər keçirməsini “karikatura” adlandırmışdım. Belə mitinqlərin keçrilməsinin rejimi gücləndirdiyini qeyd etmişdim. Musavatın bu mitinqini heç “karikatura” belə adlandırmaq mümkün deyil.
Onların ümidi hökümətin mitinqə iczə verməyəcəklərinə idi. Ancaq hökumətdə oturanların ən zəif kiçik vəzifəli məmuru belə yeni başqandan qat-qat güclü intellektə malikdir. Hökumətdə Musavatın axırına çıxmaq arzusu var idi, əgər partiya özü özünün axırına çıxmaq qərarına gəlibsə necə onun qarşısını almağa cəhd edə bilərdi?
Mənim Müsavatın liderləri ilə heç bir fərdi münasibətim yoxdur və olmayıb. Ancaq hər halda qədim partiyadır, ofisləri var, rayonlarda bir iki üzvləri mövcuddur. Heç kimin qəbul etmədiyi kölgə başqanlığa görə niyə bu partiyanın axırına çıxırlar? Bu vəziyyətdən çıxış yolu axtarsınlar. Qurultayın qərarlarını ləğv etsinlər, kompromis variant kimi keçmiş başqan yenidən bir illiyə müvəqqəti öz postunda əyləşsin və bir il ərzində normal demokratik seçki keçirsinlər.
İndiki başqanın nəinki başqan, heç onun müavini olmaq potensialı yoxdur”.

Geri qayıt