Əsas Səhifə > Partiya, Güney Press > "“Qurani-Kərim”də yazılanlar sosial demokratiyanın da əsas prinsipləridir"

"“Qurani-Kərim”də yazılanlar sosial demokratiyanın da əsas prinsipləridir"


20-12-2014, 10:38
"“Qurani-Kərim”də yazılanlar sosial demokratiyanın da əsas prinsipləridir"
Azərbaycan Sosial Demokrat Partiyasının 25 illiyi tamam olur. Dekabrın 19-da “Media forum” saytının suallarını cavablandıran partiya sədri Araz Əlizadə 25 ili qısa xarakterizə edərək deyib ki, Sosial Demokrat Partiyasının həm müvəffəqiyyətli, həm də məğlubiyyətli günləri olub: “Xoş günlərimiz də oldu, ağır günlərimiz də. Amma təlatümlərdən salamat çıxdıq. SSRİ imperiyası dağıldı, Azərbaycanda dövlət çevrilişləri oldu, partiyamızı qoruyub saxladıq. Yolumuzu davam etdirə bilmək ən böyük uğurumuzdur”.

Araz Əlizadə qeyd edib ki, Azərbaycanın gələcəyi əslində sosial demokratiya ilə bağlıdır: “Bəzən deyirlər ki, sosial demokratiya Azərbaycanın adət-ənənələrinə ziddir. Mən həmin adamlara sual verirəm ki, “Qurani-Kərim” Azərbaycanın adət-ənənələrinə ziddirmi? “Qurani-Kərim”də insanlar aldatmamağa, oğurlamamağa, həmrəy olmağa, bərabərliyi qorumağa çağırılır və bunlar sosial demokratiyanın da əsas prinsipləridir”.

Azərbaycanın ən böyük probleminin Qarabağ münaqişəsi olduğunu vurğulayan partiya lideri deyib: “Beynəlxalq münasibətlərdə, xarici siyasətdə prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirəm. Onun siyasəti sayəsində Azərbaycan hazırda böyük qardaş axtarmır, heç kəsin qoltuğuna girmək arzusunda deyil və hər bir dövlətlə bərabərhüquqlu dost münasibəti qurmaq istəyir. Lakin Qarabağ probleminin həllində müharibədən başqa alternativ yoxdur. Bütün dünya bağırır ki, münaqişə sülh yolu ilə həll olunsun. Bağırmağın mənası yoxdur, çünki Ermənistanın torpaqları sülh yolu ilə azad etməsi üçün bu ölkəyə iqtisadi, siyasi, hərbi sanksiyalar qoyulmalıdır, amma bunların heç biri Ermənistana tətbiq olunmur. Ən gülməlisi isə odur ki, torpaqları işğal olunmuş Azərbaycana deyirlər güzəştə get. Başım çıxmır nəyi güzəştə gedək. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə geniş muxtariyyət vermək niyyətini cənab prezident dəfələrlə söyləyib”.

Sosial Demokrat Partiyasının yubiley tədbirlərindən söz açan Araz Əlizadə deyib: “Qazaxıstandan, Ukraynadan və Rusiyadan qonaqlarımız oldu, o cümlədən Sosialist İnternasionalının baş katibi Luis Ayala gəldi. Konfrans keçirdik. Luis Ayala cənab prezidentlə də görüşdü”.

Araz Əlizadə əlavə edib ki, yubiley tədbirlərinə bir müddət partiyanın liderlərindən olmuş sabiq prezident Ayaz Mütəllibovu da dəvət ediblər, amma onun şəxsi problemləri iştiraka imkan verməyib.

Geri qayıt