Əsas Səhifə > Partiya, Güney Press > İqtidar-müxalifət dialoqu Gəncədə, Mingəçevirdə nəyi dəyişdi?

İqtidar-müxalifət dialoqu Gəncədə, Mingəçevirdə nəyi dəyişdi?


22-12-2014, 11:00
İqtidar-müxalifət dialoqu Gəncədə, Mingəçevirdə nəyi dəyişdi?
Dekabrın 13-də Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla bir neçə müxalifət partiyasının liderləri görüşdü.
İqtidar-müxalifət dialoqu kimi qiymətləndirilən görüş barədə ölkənin aparıcı müxalifət partiyası olan AXCP radikal-tənqidi mövqedən çıxış etsə də, bəziləri bunun ölkə siyasi səhnəsində müsbət tendensiyaların inkişafının təzahürü kimi dəyərləndirir.

Bəs bu görüş müxalifət partiyalarının regionlarda, xüsusilə böyük şəhərlərdə yerləşən özəklərinin inkişafına, təkmilləşməsinə və cəmiyyətlə təmasının güclənməsinə töhfə verə bilərmi?

Modern.az saytı bu sualla hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə və Mingəşevir şəhər təşkilatlarının sədrlərinə müraciət edib.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev hesab edir ki, bu görüşdən sonra müxalifət təşkilatlarının bölgələrdəki fəaliyyəti bir az da təkmilləşəcək.
“Düzdür, hakim Yeni Azərbaycan Partiyasının siyasi səhnədə güclü rəqibi yoxdur. Ancaq digər partiyaların nümayəndələri bu görüşdən sonra dialoqa bir az can atmağa başlayır. Biz də partiyanın rəhbərliyi altında bu dialoqlara hazırıq. Qarşıdan gələn bələdiyyə seçkisində Gəncədə təkcə Yeni Azərbaycan Partiyası yox, digər partiya nümayəndələri də iştirak edəcək. Həmin müxalifət nümayəndələrinin də seçilmək imkanı var. İnanırıq ki, aparılmış dialoqdan sonra Gəncədə və digər bölgələrdə müxalifət konstruktiv mövqedən çıxış edəcək”.

YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov isə bildirib ki, PA rəsmisi Əli Həsənovun keçirilən görüş barədə səsləndirdiyi bütün fikirlərlə tam razıdır.
“Biz rəhbər orqanların qərarlarını icra etməliyik. Aparılan dialoq regionlara, o cümlədən Mingəçevirdə də müxalifətin inkişafına öz müsbət təsirlərini göstərəcək. İqtisadi, siyasi sabitlik üçün bu cür dialoqlar lazımdır. Bu, bütün tərəflər üçün yaxşıdır”.

Geri qayıt