Əsas Səhifə > Partiya, Güney Press > Zahid Oruc istiqlalçı deputatların pensiya problemindən danışdı

Zahid Oruc istiqlalçı deputatların pensiya problemindən danışdı


6-01-2015, 10:09
Zahid Oruc istiqlalçı deputatların pensiya problemindən danışdı
1991-1995-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin tərkibini formalaşdıran deputatların hələ də öz qanunu deputat pensiyalarını almaması son günlər ölkə mediasında yenidən ciddi müzakirə predmetinə çevrilməkdədir. Hansı ki, onların içərisində istiqlalçı deputatların mövcudluğu bu problemin həllini daha da aktual edir.
Bununla bağlı Moderator.az saytı və "Hürriyyət" qəzetinə açıqlama verən millət vəkili Zahid Oruc məlum problem və onun həlli yolları ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Öncə onu deyim ki, mən bu şəxslərin istiqlalçı və ya qeyri-istiqlalçı kimi kateqoriyalara bölünməsini heç vaxt qəbul etməmişəm. O vaxt Ali Sovetin 360 nəfərlik sayı məhdud tərkibə endirilmişdi. Onlar “Komblok” və “Demblok” kimi iki qrupa ayrılmışdı. Sayları 50 nəfər idi və daha sonra bu tərkib də dəyişdi. Müstəqilliyə səsvermə situasiyasının özünə görə qiymət vermək, həmin vaxt parlamentdə təmsil olunanların həyatını hüquqi baxımdan bununla tənzimləmək o qədər də mükəmməl yanaşma deyil. Bu bölgüdən kənarda qalan deputatların özünün də içərisində müxtəlif mövqe sahibləri olub. Səsvermə prosesinin özü də bir neçə mərhələdən keçib. Bu baxımdan məlum statusun müəyyənləşdirilməsinin özü xeyli mübahisələr doğuracaq.
Digər bir məqam ondan ibarətdir ki, vaxtilə müstəqilliyə səs vermiş insanların bir qismi dövlət çevrilişi cəhdində, habelə müxtəlif cinayətlərdə iştirak etdi. Bu amilin özü də mlum tənzimləməyə mane olacaq. Sözügedən məsələnin bu formada gündəmə gətirilməsi Azərbaycanın müstəqilliyi kimi mühüm bir hadisənin pensiya səviyyəsinə endirilməsi kimi bir görüntü formalaşdırır. Belə bir təəssürat formalaşır ki, bizim azadlıq ideyalarımız, mübarizəmiz pensiya səviyyəli məsələlərə gəlib söykənir. Şübhəsiz, mən anlayıram ki, bu insanların fərdi qaydada həyatı və qayğıları tənzimlənməlidir. Dövlət də bu cür varislik ənənələrini bərqərar eləməkdədir. Bildiyiniz kimi, sabiq prezidentlərin statusu və təminatı ilə bağlı məsələ öz həllini tapdı. Bu məsələdə də ayrı-ayrı deputatlara fərdi yanaşma tətbiq edilə bilər. Onlardan bir neçəsinə münasibətdə dövlətin müvafiq addımları ola bilər. Bu məsələdə vahid kriteriyanın tətbiqi bundan istifadə üçün o qədər də uyarlı olmayanların bu imkandan istifadəsinə səbəb ola bilər. Lakin mən bu məsələnin hələ də öz həllini tapmamasına görə Milli Məclis rəhbərliyini suçlamağı düzgün hesab etmirəm”.

Geri qayıt