Əsas Səhifə > Partiya, Güney Press > İsgəndər Həmidovdan keçmiş məmura sərt sözlər:
İsgəndər Həmidovdan keçmiş məmura sərt sözlər:15-01-2015, 09:30 |
Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli “Yad qardaşlar” adlı məqalə ilə çıxış edib. Moderator.az-da yayılan məqaləsində Mətləb Mütəllimli sabiq daxili işlər naziri İsgəndər Həmidovun “bostanına” daş atıb. Belə ki, o, politoloq Zərdüşt Əlizadənin AXC hakimiyyəti zamanında təzyiqlərə məruz qalmasını xatırladıb və İsgəndər Həmidovu o dövrdə reketçilik etməkdə suçlayıb: “Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti illərində də mövqeyinə, müəyyən fikirlərinə görə dəfələrlə Zərdüşt Əlizadəyə qarşı təhqiramiz hərəkətlərə yol verilmiş, hətta bir sıra hallarda nazirdən çox reketçilik edən, bununla da Xalq Cəbhəsi hakimiyyətinin nüfuzuna ağır zərbə vuran sabiq daxili işlər naziri İsgəndər Həmidovun qoçuları tərəfindən alçaldıcı hərəkətlərə məruz qalmışdır”. Mətləb Mütəllimlinin bu fikirlərinə sabiq daxili işlər naziri İsgəndər Həmidovun mövqeyini öyrəndik. İsgəndər Həmidov bildirdi ki, Mətləb Mütəllimli AXC hakimiyyəti zamanında baş prokurorun birinci müavini olub. Əgər dedikləri doğrudursa, indi özü etiraf etməlidir ki, baş prokurorun birinci müavini kimi öz vəzifəsinin öhdəsindən gəlməyib, cinayətə şərait yaradıb: “Mətləb Mütəllimlinin dediyi kimi idisə o, mütləq prokuror kimi mənə qarşı ölçü götürməli idi. Ölçü götürməyibsə, deməli cinayət edib. Zərdüşt Əlizadənin üstünə mən heç kimi göndərməmişdim. Zərdüşt Əlizadə ilə söhbətə mən şəxsən özüm getmişəm, söhbətimi eləmişəm. Mənim məhkəməm olan zaman isə Zərdüşt Əlizadə ilə bir-birə əl verib aralanmışıq. Əgər mən kiminsə üstünə adam göndərmişəmsə, respublika prokurorunun müavini bunu bilib qarşısını almayıb və cinayət işi qaldırmayıbsa, deməli həmin şəxsin özü cinayətə yol verib. Mətləb Mütəllimli baş prokurorun birinci müavini kimi yüksək vəzifəyə təsadüfən sahiblənən, yerində olmayan adam idi. O, istiqlalçı deputat idi və çox danışan idi. Başqa heç bir bacarığına, üstünlüyünə görə onu həmin vəzifəyə təyin etməmişdilər. Qısa zamanda sübut olundu ki, Mətləb Mütəllimli o cür mühüm vəzifəyə uyğun gəlməyən adamdır. 4 iyun qiyamı ilə bağlı yaradılmış deputat istintaq komissiyasının sədri Mətləb Mütəllimli idi. Əbülfəz Elçibəy hakimiyyətinin zərərinə iş apardı və Əbülfəz bəyi, İsa bəyi, məni hamımızı mühakimə edən adamlardan biri oldu”. İ.Həmidov qeyd etdi ki, Mətləb Mütəllimli deputat mandatı payı almaq istəyir: “Azərbaycanda bir sıra adamların çörəyi İsgəndər Həmidovu, İsa Qəmbəri şərləməkdən çıxır. İndi görünür Mətləb Mütəllimli də bu yolu seçməklə deputat mandatı ilə mükafatlandırılmaq fikrinə düşüb. Parlament seçkiləri yaxınlaşdıqca, belə hallar çox olacaq. Eybi yox, qoy deputat mandatını bizi söyməklə alsınlar. Amma bir şeyi yaddan çıxarmasınlar ki, iti sahibi öldürür. Hakimiyyət bir gün onları “öldürəcək”. Buna əmin olsunlar”. İ.Həmidov Mətləb Mütəllimlinin torpaq sahələrinin, obyektlərinin olduğunu da açıqladı: “Onun torpaq sahəsi, obyektləri var. Camaatın məhkəmədə dükanlarını əlindən almışdı. İndi ola bilsin həmin mülkləri saxlamaq istəyir”. Geri qayıt |