Əsas Səhifə > Partiya, Güney Press > Zəlimxan Məmmədli onu Gürcüstana buraxmayanların kimliyini açıqladı

Zəlimxan Məmmədli onu Gürcüstana buraxmayanların kimliyini açıqladı


17-01-2015, 10:29
Zəlimxan Məmmədli onu Gürcüstana buraxmayanların kimliyini açıqladı
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli hələ də Gürcüstana buraxılmır. Cəmiyyət sədrinin Gürcüstana girişinin yasaqlanmasına dair prosesdə heç bir dəyişiklik müşahidə olunmayıb. Məmmədli ölkənin müxtəlif dövlət orqanlarına müraciət etsə də, gürcü hökuməti problemi həll etməyib.

Bu barədə “Yeni Müsavat”a danışan “Borçalı” sədri qeyd etdi ki, son olaraq gürcü ombudsmanına məktub göndərilib. Onun sözlərinə görə, Gürcüstana girişinə qadağa qoyulması absurd ittihamla tövsif olunub.

“Gürcüstan qanunvericiliyinin 11-ci maddəsində göstərilir ki, dövləti təhdid edənlər ölkəyə buraxılmır. Bu maddənin 1 E bəndində göstərilir ki, Gürcüstanın dövlət təhlükəsizliyinə, insanların sağlamlığına, insan haqlarına təhlükə yaradanlar ölkəyə buraxılmasın. Tamamilə absurd bir ittihamdır və bizim on minlərlə insanın iştirak etdiyi tədbirləri təşkil etməyimiz bəzi dairələrin xoşuna gəlməyib. Daxili İşlər Nazirliyindən bizə verilən bu cavab gülməlidir. Görünür, Azərbaycan-Gürcüstan arasında dostluq, barış, strateji müttəfiqlik müəyyən dairələrin maraqlarına uyğun deyil. Bu, Gürcüstanın hüquq-mühafizə orqanları sistemində və hakimiyyətdə olan bəzi qüvvələrin dostluq mövqeyi deyil”.

Z.Məmmədli qeyd etdi ki, Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı gürcü səfirliyinə nota göndərib, eyni zamanda Tiflisdəki səfirliyimiz də Gürcüstana müraciət edib: “Mən də gürcü ombudsmanına müraciət etmişəm. Ancaq bu müraciətlərə heç bir rəsmi cavab verilməyib. Mənim Gürcüstana girişimə qadağa qoyulmasında Saakaşvili iqtidarı dövründə qovulmuş, indi ölkənin Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərində olan qüvvələr rol oynayıb. Onlar Borçalı camaatının fəallaşmasını istəmirlər. Əhalinin başının kənd təsərrüfatı işlərinə qarışmasına çalışırlar. Təəssüf ki, Gürcüstanın bəzi siyasi dairələri 3 ildir bizi təqib edir. Hətta elat tədbirlərimizə mane olmağa çalışırdılar. Bu, Azərbaycan-Gürcüstan dostluğuna dəyən zərbədir. Nə qədər gec deyil, bu xəta aradan qaldırılmalıdır. Bu məsələ həm də siyasi oriyentasiya ilə bağlıdır. Əgər məsələ həllini tapmasa, bu, birlik şüarının yerini destruktiv cərəyanların təhdidinə verməsi demək olacaq. Ancaq məsələnin hüquqi müstəvidə həllindən alternativ yol da yoxdur.

Bizə mane olanlarla yanaşı, dəstək verən qüvvələr də var. Onlar həm gürcü xalqı, həm Gürcüstan hakimiyyətində olan şəxslərdi ki, məsələyə münasibət bildiriblər".
Cəmiyyət sədri Avropa Məhkəməsinə üz tutmağa tələsmə də, bu variantı da istisna etmədi: “Biz qarşıdurmanın əleyhinəyik. Bu məsələdə zaman lazım olacaq. Bizi qınayırlar ki, məhkəməyə niyə üz tutmuruq. Ancaq məhkəmənin qərarından həmişə hər iki tərəf razı qalmır. Çox istərdim ki, Gürcüstanın siyasi elitası bilsin biz bu coğrafiyada yaşamağa məhkumuq və soydaşlarımıza şərait yaradılmalıdır. Bununla belə, Avropa Məhkəməsi haqda düşünürük. Gürcüstan Avropa Birliyinə doğru gedir və milli azlıqlarla bağlı öhdəlikləri var”.

Geri qayıt