Əsas Səhifə > Partiya, Güney Press > Müsavat parlament seçkilərinə parçalanmış halda gedirsə...

Müsavat parlament seçkilərinə parçalanmış halda gedirsə...


19-01-2015, 08:38
Müsavat parlament seçkilərinə parçalanmış halda gedirsə...
“Müsavat partiyası parlament seçkilərinə indiki vəziyyətdə getsə çox çətin olacaq”.

Bunu Hafta.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib. Tural Abbaslının sözlərinə görə, Qubad İbadoğlunun Demokratiya və Rifah Hərəkatı (ADR) Müsavatdaxili parçalanmaya səbəb olmayacaq:

“Mən inanmıram ki, bu hərəkat Müsavat daxilində parçalanmanı artırsın. Çünki Qubad bəyin özü də bəyan edib ki, bu qurum partiya olmayacaq. Hərəkat üzvləri partiya üzvü olaraq qalırlar. Əgər gələcəkdə belə bir tələb qoyularsa, partiyadan gedəcək insanların sayının çox olacağına inanmıram. Çünki insanlar artıq 20 ilə yaxındır ki, həyatlarını Müsavatda mübarizəyə həsr edib və bundan imtina heç də asan deyil”.

“Müsavat”ın məclis üzvü partiyanın parlament seçkiləri öncəsi vəziyyətinə də münasibət bildirib. Tural Abbaslı partiyanın ancaq bir halda parçalanma və uğursuzluq zolağından yaxa qurtaracağını və bunun üçün əməldə addımların atılmasının vacib olduğunu vurğulayıb:

“Müsavat partiyası parlament seçkilərinə indiki vəziyyətdə getsə çox çətin olacaq. Çünki hələ partiyada daxili barış təmin olunmayıb. Partiyanın potensialının tam ortaya qoyulması üçün bu məsələ tez bir zamanda öz həllini tapmalıdır. Ancaq təəssüf olsun ki, partiya rəhbərliyi bu istiqamətdə nəinki müsbətə doğru addımlar atmır, tam əksinə vəziyyəti gərginləşdirəcək bəyanatlar verməklə məşğul olur. Bu vəziyyətdən yeganə çıxış yolu isə sözdə deyil əməldə "qucaqlaşma" siyasəti yürütməkdir. Əks təqdirdə bu il hansısa böyük uğurlara imza atılacağını gözləmirəm. Hətta nəzərə alsaq ki, bu gün müxalifət partiyaları arasında blokların yaradılması da xeyli qəlizdir, o zaman hər partiya ilk növbədə öz gücünə arxalancaqdır. Hələ bu problemlərin həlli üçün Müsavat partiyasının 2-3 ay vaxtı var. Əks təqdirdə seçkilərə çox az vaxt qalacaq və vəziyyət daha da mürəkkəbləşəcək”.

Geri qayıt