Əsas Səhifə > Partiya, Güney Press > “Qərb Azərbaycanı Rusiyaya qarşı koalisiyaya çəkməyə çalışır”

“Qərb Azərbaycanı Rusiyaya qarşı koalisiyaya çəkməyə çalışır”


7-02-2015, 17:53
“Qərb Azərbaycanı Rusiyaya qarşı koalisiyaya çəkməyə çalışır”
Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 51-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gəliblər.

Azərbaycan-Almaniya əlaqələrinin hazırkı proseslər fonunda hansı müstəvidə inkişaf edəcəyi barəsində Hafta.az-a açıqlamasında ADA-nın professoru, ekspert Elnur Soltanov danışıb. Onun sözlərinə görə, dövlətimizin apardığı xarici siyasət, bizi konfiliktlər arasında qalmaqdan qoruyur:

“Bir çoxları neft məsələsini ön plana çəkir. Ancaq nəzərə almaq lazımdır ki, almanların dünya bazarına təsiri demək olar ki, yoxdur. Onlar ümumiyyətlə neft qiymətləri söhbətində aktiv deyillər. Əsas məsələ budur ki, bizim Almaniya ilə münasibətlərimiz indiki halda Rusiya və Ukrayna hadisələri fonunda gedir. Çünki Almaniya Avropada Rusiyanın ən yaxın müttəfiqi sayılır. Hətta bu enerji nöqteyi nəzərindən də belədir. Ancaq Rusiyanın Ukraynaya qarşı siyasəti və Amerikanın da birinci tərəfə təzyiqləri nəticəsində ən böyük surpriz bu oldu ki, Almaniya da Rusiyaya qarşı siyasətində dəyişikliklər etməyə başladı. Əvvəlcə Rusiyanı dəstəkləyirdilərsə, sonra neytral mövqe sərgilədilər. İndi isə Putin hökumətinə qarşı olan dövlətlərin cərgəsinə qoşulublar. Bu da iki səbəbə bağlıdır.Birincisi Amerikanın təzyiqləri, ikincisi isə Almaniya Rusiyanın Ukrayna hadisələrində artıq qırmızı xətti keçməkdə olduğunu düşünür. Bunu Merkelin danışıqlarından və səfərlərindən də görmək mümkündür. Dağlıq Qarabağın da Rusiya tərəfindən problem yaradılan bölgələrin siyahısında adının çəkilməsi,dolayısı ilə Azərbaycanın da bu işin içinə salınması kimi görünür”.

Ekspert hesab edir ki, hazırkı məqamda Azərbaycan olduqca diqqətli olmalıdır:

“Bizə üz tutub danışanların hamısı xeyrimizi istəyənlər deyil. Qərb özü də Rusiyaya qarş koalisiya yaratmaqdadır. Mənə elə gəlir ki, Azərbaycanı bu koalisiyaya mümkün olduğu qədər yaxınlaşdırmağa çalışırlar. Ancaq bizim üçün burada yaxşı və ya pis bir şeyin olması, sabah hər kəs geri çəkilərsə hər hansı bir ölkə ilə üzbəüz qalma təhlükəsi və digər bu kimi arqumentlər əsas diqqət obyektidir. Əlbəttə ki, mövcud vəziyyətdən milli maraqlarımız üçün istifadə etməyə çalışacağıq. Ancaq burada koalisiya məsələsinə diqqət etməliyik. Bizim AŞ PA-da olan çıxışımız şübhəsiz ki, çox təqdirəlayiq idi. Bizi maraqlandıran Azərbaycanın öz mənafeyidir. Dünyada baş verən hadisələr fonunda Azərbaycan üçün, təhlükəsizliyimiz üçün nə edə biliriksə edirik. Çünki biz dünyanın strateji ölkələrindən biri deyilik. Sabah hər kəs geri çəkilən zaman ortada hansısa iri dövlətlə üz-üzə qala bilərik. Almaniya çox sağolsun. Yaxşı təkliflər edirlər. Ancaq hesab edirəm ki, biz mövcud siyasi kursumuzda dəyişiklik etməyəcəyik. Bu təkliflər düşünürəm ki, heç də məsum deyil. Burada siyasi oyunlar da var”.

Geri qayıt